Sunday, September 27, 2009

500 il bundan öncə nə olub?


500 il bundan öncə çox şey olub. Bunlardan biri də İohann Kalvinin doğulmasıdı. Bu il İohann Kalvinin 500 illiyidi. Dünyanın hər tərəfində özəlliklə klassik protestant kilisələri, başda reforma kilisələri olmaqla bu 500 illiyi qeyd edirlər. Kalvin Məsihilik tarixində ən ziddiyyətli, bəzilərinin göylərə qaldırdığı, bəzilərinin də ikrahla rədd etdiyi bir fiqurdu. Onun kilisə və doqmatik təlimlər tarixində təsirini isə heç kim danmır. Xristianlıqdakı reformasiya hərəkatını Lüter başlatdı, ancaq intellektual-dini əsaslarını sistemləşdirən və Reformasiyanı bir baxış bucağına oturdan Kalvin oldu.
Mən Kalvini hələ orta məktəbdə oxuyanda tanıyırdım. Sovetin orta məktəblərindəki tarix dərsliklərinə baxsanız, orda Kalvinin adının kapitalizmlə, reformasiya ilə birgə çəkildiyini görəcəksiniz. Kalvinin təliminin Maks Veber tərəfindən şərhi həmin bu dərsliklərdəki Avropa Reformasiya tarixinə yanaşmanın əsasında dururdu. Ancaq çox sonralar öyrəndim ki, Kalvinin əslində kapitalizmlə elə bir əlaqəsi yoxdu. Əvəzində, “Məsihiliyin İnstitutları” kitabıyla, bütün imanlılıarın İsa Məsihin kahini olması təlimiylə, Müqəddəs Ruhun Allahın sözünə ürəkdə şəhadət verməsi təlimiylə və məşhur qəzavü-qədər təlimiylə çox yaxından əlaqəsi var.
Deyilənlərə görə, Kalvin çox inanclı və iradəli, bəzən də çox düzünəqulu adam olub. Onun hərdən qəribə görünən inancı haqqında eşitdiyim kiçik bir hekayəti yazım, siz də oxuyun. Kalvin bir dəfə ağır xəstələnibmiş. Həmişə işdə-gücdə olan Kalvinin ağır xəstəlikdən dolayı evdə dincələcəyini düşünən dostları onun həmişəki kimi işlədiyini görəndə təəccüblənirlər. Ona deyirlər ki, sən xəstəsən get uzan canın sağalsın, sonra işləyərsən. Kalvin cavab verir: “siz nə danışırsınız, deyirsiz Rəbb gələndə, məni avara tapsın?!” Bu hekayətdə Kalvin İsa Məsihin ikinci dönüşünə istinad edir. Xristianlar inanır ki, İsa Məsih ikinci dəfə geri gələcək. Kalvin üçün İsa Məsih hər an geri gələ bilərmiş və inanclı da buna həmişə hazır olmalıdı. Odur ki, Kalvin İsa Məsihin onu avaralanan tapmasını istəmədiyini deyir, çünki Kalvinin təlimində İlahinin əzəməti üçün işləmək və işlə İlahinin əzəmətinə şəhadət vermək böyük önəmə malikdi (Veberi xatırlayın...).
Kalvinin özü 500 il bundan əvvəl yaşayıb tarixə dönüşsə də onun işi hələ də yaşayır.

Tuesday, September 22, 2009

Bir Məsihidən müsahibə - 2

4. İlkin, Xristianlıqda İlahi anlayışını, İslamdakı İlahi anlayışı ilə müqayisə edərsənmi?
Bu iki tanrı anlayışı arasında böyük fərq vardır. Xristianlığın təbliğ etdiyi tanrı insanlardan ondan qorxmağı tələb etmir, münasibətdə vurğunu sevgiyə qoyur. Xristianlığın Allahı insanları parçalamağa deyil, birləşdirməyə cəhd edir. Yeni Əhdin heç bir yerində “xristian yalnız xristianla dost olmalıdır, kafirləri özünüzə dost tutmayın” kimi düşmənlik təbliğ edən ifadələrə rast gəlməsziniz. Xristianlığın Allahı kitablarını qoruyur və verdiyi sözlərə əməl edərək onların təhrif olunmasına imkan vermir.
Xristianlıqda Allah- Allah (simvolik olaraq Ata), Allahın Sözü (simvolik olaraq Oğul) və Allahın Ruhu (Müqəddəs Ruh) olaraq üç ipostasiyadadır və o üç ipostasiya bir substansiyadır. Xristianlığa görə Allahın Sözü (və ya Kəlamı) heç zaman yaradılmamışdır (çünki yaradılsa idi, belə çıxırdı ki, nə zamansa Allah Kəlamsız olub, bu isə mümkün deyil) və əzəldən olaraq Allahın Özü ilə olmuşdur, həmçinin Allahın Ruhu heç zaman yaradılmamışdır və əzəldən Allahda olmuşdur. Allahın Kəlamı və Allahın Ruhu da yaradılmadıqları üçün məxluq deyillər, Onlar məxluq olmadıqları üçün, Allahdan da başqa hər şeyin məxluq olduğu üçün, Allahın da Kəlamı və Ruhu ilahi təbiətə malikdir və Allahdır. Beləliklə tək, şəriksiz və vahid Allah üç ipostasiyada Özünü tam şəkildə ifadə edir.
Başqa dinlərdə insanlar Allaha doğru meyl edirlər, isəvilikdə isə Allah insanlara doğru meyl edir və bu çox böyük fərqdir. Allahın Kəlamı olan İsa insana çevrilərək həm də insani təbiəti qazanmış, bununla da yarıallah-yarıinsan yox, tam olaraq Allah və tam olaraq insan olmuşdur. İsa Məsih günahdan başqa bütün xüsusiyyətlərdə insanlarla bir olmuşdur, yer təlim etdiyi üç il ərzində bəşəriyyətə çox müdrik bir təlim bəxş edərək insanların günahları uğrunda qurban verilmişdir. Bəziləri soruşurlar ki, Allah necə çarmıxda əzab çəkə bilər. Bu suala cavab bundan ibarətdir ki, çarmıxda həmin əzabı çəkən İsanın insani təbiəti idi, İsa insan olaraq çəkirdi həmin əzabı və insan olaraq da çarmıxda vəfat edərək üç gündən sonra öz gücü ilə ölülərdən dirildi. Diriləndən sonra şagirdlərinə və bir çoxlarına göründü, onlarla ünsiyyətdə oldu və bir müddət sonra insani təbiətini də özü ilə saxlayaraq Allaha qayıtdı. Buna görə də Allah bəşəriyyəti o qədər sevdi ki, hətta öz yeganə Oğlunu bəşəriyyətin xilası üçün qurban verdi. Xristianlığın İlahı belədir.
İslamın tanrısı isə özünə qarşı qorxu hissini çox tələb edir, münasibətdə vurğunu qorxuya qoyur. Bəli, islamda Allah sevgisi də vardır, lakin qorxu sevgidən öndə gedir. Təəssüf ki, islamın tanrısı insanları parçalamağa, müsəlmanı qeyri-müsəlmana qarşı qoymağa meyllidir. Bunu Quran ayələrindən görmək olar. İslamın tanrısı ilahi kitabları, yəni Qurandan öncə göndərdiyini iddia etdiyi kitabları ya qoruya bilməyib, ya da qorumaq istəməyib. Nəticədə sual yaranır- haradan əmin ola bilərik ki, Quranın da aqibəti öncəki mifik kitabların aqibəti kimi olmayıb?
İslamda tanrı bir ipostasiyadan ibarətdir. Lakin bununla belə ortodoksal islam tərəfindən Allahın Kəlamı hesab olunan Quranın, yəni Qurandakı sözlərin, Kəlamların yaradılmadığı iddia olunur. İslam dinində də Allahın hər zaman Kəlama malik olduğuna inam vardır. Eləcə də islam dininə görə Allahın sifəti Allahdan ayrı deyildir və Allahın özüdür. Quranın da islama görə Allahın sifəti olduğunu, yaradılmamış olduğunu nəzərə alsaq, nəticədə Quranın da ilahi təbiətə malik olması qənaətinə gəlmiş olarıq, Allahdan başqa ilahi təbiətli yoxdur, nəticədə Quran da Allah olur, lakin islam bununla razılaşmır və nəticədə bu sahədə boşluq yaranır. Bu məsələ isə xristianlıqda çox önəmlidir, çünki Allahın Kəlamı yaradılmamış olduğundan Allah olduğu üçün Allahın Kəlamı olan İsa Məsih də Allahdır.
5. Səncə Məsihi kimə deyilir? Bir insanın həm müsəlman həm də Məsihi olması mümkündürmü? Mümkündürsə və ya deyildirsə cavabının necə və niyəsini açıqla.
Məsihi sözü ərəb mənşəli sözdür, bu sözün yunan mənşəli alternativi isə xristiandır. İsəvi sözü də bu sözlərin sinonimidir. İsa Məsihin ardıcılı olan, İsa Məsihə lazım olduğu kimi inanan, yəni düzgün inanan (çünki yeqovistlər, mormonlar, müsəlmanlar, bəhailər, munistlər, və hətta bəzi buddistlər də İsa Məsihə inanırlar) Onun təliminə əməl edən, Onun təliminə uyğun yaşayan insan məsihidir.
Bir insanın həm müsəlman, həm məsihi olması qeyri-mümkündür, çünki bu dinlər arasında çoxlu böyük fərqlər vardırlar. Məsihiyə yalnız linqvistik mənada, yəni Allaha təslim olmuş mənasında müsəlman demək olar, lakin Muhəmmədin qoyduğu təlimin ardıcılı mənasında yox.
6. Yaşadığın ölkədə səncə İsəvilərin xristian kimi ən önəmli problemləri hansılardır?
Azərbaycanda cəmiyyətin bir hissəsinin azərbaycanlı xristianlara qarşı fobiyası vardır, bu da Azərbaycan cəmiyyətinin plyuralizmdən və individualizmdən çox uzaq olmasından irəli gəlir. Cəmiyyət kor-koranə şəkildə ənənəvi fikirləri yaşatmaqda davam edir və bu ənənəvi fikirləri yaşlı nəsildən gənc nəslə ötürür, gənc nəsil də həmin ənənəvi fikirləri yaşadaraq gələcək nəsillərə ötürür və bu zəncirvarilik davam edir. Dialektikanın heç bir mərhələsini keçməyən cəmiyyətin bundan artıq olması mümkün deyil. Çünki Azərbaycanda atalar və oğullar problemi yoxdur, Azərbaycanda ancaq atalarvar və oğul da ata olaraq özündən öncə olan ataların bütün fikirlərini heç bir dəyişiklikliyə uğratmadan özünə alaraq gələcək nəsilərə ötürməklə məşğuldur və yalnız ataların olması, oğulların olmaması bunları illərlə yerində saymağa məhkum edir.
Nəticədə çoxları milliyyətlə dini aidiyyatın fərqini anlamır, hesab edirlər ki, azərbaycanlı gərək əcdadlarının dini olan islam dininə inansın. Maraqlıdır ki, əcdad dedikdə nəyə görəsə islamdan öncəki əcdadlar yada düşmür. Yəqin ki, bu da cəmiyyətdə geniş yayılmış ikili standartların formalarından biridir.
7. Azərbaycanda yerli kilsələr arasında münasibətlər necədir?
Yerli kilsələr arasında münasibətlər yaxşıdır.
Mən deyərdim ki, təkcə xristian idarələri arasında deyil, həmçinin Qafqaz Müsəlmanları idarəsi ilə də kilsələr arasında münasibətlər yaxşıdırlar və bu münasibətlər dostluğa doğru atılan addımlar üzərində qurulublar.
8. İlahinin varlığını sübut etmək mümkündürmü?
Allahın varlığını da, yoxluğunu da sübut etmək mümkün deyil. Allahın varlığına da, yoxluğuna da sadəcə inanmaq olar. Allahın varlığının xeyrinə gətirilən arqumentlərin heç biri fakt qüvvəsinə malik olmadığından onlara sübut demək olmaz. Sıfırdan başlasaq, tanrının və ya tanrıların varlıqlarına inam ətraf mühitin, təbiətin müşahidəsindən, seyrindən sonra yarana bilər. Misal üçün, əgər siz indi kompüter qarşısındasınızsa, siz əminsiniz ki, həmin kompüter kimlərsə tərəfindən düzəldilib. Həmçinin də bu dünya da həmin kompüter kimi kimlərinsə işinin nəticəsidir. Sonra tək tanrı prinsipi gəlir. Bu, həm asandır (çoxlu səbəblər üçün çoxlu tanrıların olmasına ehtiyac yaranır, hər dəfə yeni kəşflər edildikcə, yeni tanrılara da ehtiyac yaranır. Təsəvvür edin ki, əgər indiyə kimi çoxallahlı olaraq qalsaydıq, məncə indi texnologiya tanrısına ehtiyac olardı), həm də yaradıcı qüvvənin ideal olmasına inanmaq üçündür. Tək və şəriksiz olan Allahın hər şey yaratması, hər şeyi idarə etməsi və bu təkliyə və şəriksizliyə arqument şəklində yaradılanların bir-birinə möhtəşəm uyğunluğu (misal üçün, qidanın orqanizmə uyğunluğu, erkəyin və dişinin bədənlərinin bir-birilərinə uyğunluğu və sair) görünür. Beləliklə tək və şəriksiz Allah həm də İdeal Varlıqdır. Hətta politeist dinlərin çoxunda hər şeyi idarə edən baş tanrıya, ali qüvvəyə inam vardır.
Çox zaman belə bir sual verirlər ki, nə üçün elm təcrübələr sayəsində demək olar ki, hər şeyi sınaqdan keçirə bilir, istənilən fikrin və iddianın düzgün olub olmaması elmi təcrübələrlə sübut oluna bilər, lakin Allahın varlığı elmi yol ilə sübut oluna bilməz? Bu suala cavab çox sadədir- insan özünün hakim olduğu varlıqlar üzərində təcrübə keçir, onları laboratoriyada sınayır. Allah üzərində insanın hakimiyyəti olmadığı üçün Onun üzərində təcrübə keçirmək qeyri-mümkündür. Bu səbəbdən də elm Allahın varlığını sübut edə bilmir.
9. İlahiyə inanc və ya inanmamaq səncə nə fərq edir?
Bu fərq insandan insana dəyişir. Bu fərq ciddi ola da bilər, ciddi olmaya da bilər. Fərqlər əsasən xasiyyətdə, psixoloji vəziyyətdə, əməllərdə özlərini göstərirlər.
10. Səncə bir azərbaycanlı kimi sənin etnik-mədəni kimliyinlə (azəri, Azərbaycanda doğulub böyümüş, bir vaxtlar müsəlman olmuş) dini kimliyin (isəvi) necə əlaqələnir? Onların arasında münaqişə olubmu və ya varmı?
Mən özümü bir vaxtlar müsəlman olmuş heab etmirəm. Doğulandan indiyə kimi Quranın təhrif olunmasına və onun başqa kitablardan köçürülmüş olmasına inanan şəxs müsəlman ola bilməz. Mən millətçi və irqçi deyiləm, insanın hansı milliyyətə aid olması da mənim üçün önəmsizdir, lakin əlaqələndirməyə çalışsaq, mənim etnik-mədəni kimliyim olan azərbaycanlılıq, azərilik elə biz azərbaycanlıların, azərilərin əcdadları ilə tam uyğunluq təşkil edir. Deməli mən, sadəcə olaraq ulu nənə-babalarımın inandığına inanıram. Buna görə də bu iki ünsür bir-birini çox mükəmməl şəkildə tamamlayır və onlar arasında heç bir münaqişə ola bilməz.

Thursday, September 17, 2009

Bir Məsihidən müsahibə - 1

Əziz dostlar. Azərbaycanın radiolarında ara-sıra isəviliklə bağlı məsihi kimi çıxış edən, daha çox internet forumlarda İsəviliklə bağlı mübahisələrdə yazılarına rastladığınız İlkindən müsahibə alıb bloqa yerləşdirmək istədim. Aşağıda müsahibənin birinci hissəsini oxuya bilərsiniz. Müsahibədə o, öz perspektivindən Azərbaycanda Məsihilik, İslam və onların durumu haqqında danışır.

1. İlkin, özünü təqdim et: kimsən, nəçisən, inancla necə və niyə maraqlanmağa başladın, necə oldu ki, məsihi oldun? Səni İsəviliyə çəkən nə oldu? Məsihiliyi qəbul etdikdən sonra bununla bağlı cəmiyyətdə çətinlikərin oldumu? Buna reaksiya necə oldu?
Adım İlkin Hüseyndir. Stomatoloqam. Öz sənətim üzrə işləyirəm. Həmişə iki sahədən- hüquq və tibbdən birini seçəcəyimi düşünürdüm, ikincisini seçdim. Bunlardan başqa, həmçinin yaradıcılığa- əsasən humanitar sahələrə və mövzulara dair kitablar oxumağa, yazıçılığa, qısa dalğalar diapazonu vasitəsi ilə uzaq radio qəbuluna, dizayn və incəsənət kompüter proqramlarına güclü marağım var.
Mənim mütaliyəyə həmişə güclü marağım olub, elə bir həftə olmur ki, imkan olan kimi gedib heç olmasa ən azı bir kitab almayım. Kitablara olan hədsiz marağım mənim Bibliyadan yan keçməyimə imkan verə bilməzdi. Mən də bir gün o kitabı götürüb oxumağa başladım. O kitabda bir uyğunluğa rast gəlməyə başladım- uyğunluq öncəki Bibliya kitablarında edilmiş peyğəmbərliklər sonrakı Bibliya kitablarında yerinə yetməsindən ibarətdir. Maraqlısı budur ki, bu kitab 1500 il ərzində 40-a yaxın müxtəlif müəlliflər tərəfindən yazılmışdır. Bu xüsusiyyətinə görə Bibliya yeganə kitabdır. Yerinə yetən peyğəmbərliklər sırasında ən çox diqqətimi çəkən İsa Məsih haqqında edilmiş peyğəmbərliklərdirlər ki, bu peyğəmbərliklərin arasında İsanın doğulacağı yer haqqında olandan ölümü haqqında olana qədər çoxlu yerinə yetmiş peyğəmbərliklər vardır. Mən öncə Bibliya kitablarının təhrif olunduğuna möhkəm inandığım üçün bu uyğunluqlara fikir vermirdim, başqa bir təlimin beynimə yeritdiyi Allahın kitablarının korlanması haqqında olan məntiqsiz nadanlıq o dərəcədə güclü idi ki, mən bu uyğunluqları da nə zamansa hansısa kilsənin Bibliya kitablarını təhrif edib uyğunlaşdırma aparması kimi anlayırdım. Lakin apardığım araşdırmalar, ağlım və məntiqim məni o nadanlıqdan xilas etdi və mən Allahın yolunu taparaq haqqa qovuşdum.
2. İslam və İsəvilik arasındakı münasibəti necə görürsən?
İsa Məsihin Ondan sonra gələcək olan dinlər və dini təlimlər haqqında nə dediyini Matta kitabının 24-cü başlığından oxumaq olar.
İslam və isəvilik arasında münasibət mormonizm və isəvilik, munizm və isəvilik, manixeylik və isəvilik, yeqovizm və isəvilik kimidir, yəni isəviliyin həmin təlimin yaranmasında rolu olsa da, isəvilikdən həmin təlimin yaradılmasında istifadə edilsə də, həmin təlim isəvilik deyil və çox zaman isəviliyin ziddinə gedir.
İslam İsa Məsihi simvolik olaraq bir peyğəmbər kimi qəbul edir, İncili bir ilahi kitab kimi guya qəbul edir, əslində isə islam isəvilikdən çox uzaqdır. İslamın isəvilik haqqında dediklərindən ən birincisi budur ki, guya islam Allahın kitablarına inanır. Allahın kitabları anlamı altında üç kitabı- Tövratı, Zəburu, İncili və bir neçə peyğəmbərə göndərilmiş beş-on suhufu bilir, qalan kitablardan isə heç nə söyləmir. Halbuki, Allahın kitabları o üç kitabla və beş-on suhufla bitmir. Görünür ki, Muhəmmədin haqqında ən çox eşitdiyi kitablar həmin kitablar olmuşlar. Qayıdaq başlanğıca, nəyə görə mən deyirəm “guya inanır”? Çünki islam əsil Bibliya kitablarına, müsəlmanların dili ilə desək, əsil Tövrata, əsil Zəbura və əsil İncilə deyil, islam, haqqında danışdığı guya göndəriləndən sonra təhrif olunmuş hansısa mifik kitablara inanır və həmin mifik kitablara Bibliya kitablarının adını qoyur, qısa dil ilə desək, islam əsil Tövrat, Zəbur və İncilə deyil, Muhəmmədin öz xəyalında yaratdığı və adlarını gerçək ilahi kitabların adları ilə adlandırdığı o mifik kitablara inanır. İslamın xristianlığın kitablarından tutmuş doqmalarına qədər olan xristianlığa qarşı iradları əsil xristianlığa qarşı deyil, Muhəmmədin xəyalında canlandırdığı illyuzor, xəyali xristianlığa qarşıdır. İslam Muhəmmədin xəyalındakı illyuzor xristianlıq obrazına qarşı mübarizə aparmaqdadır. Bir çox müsəlmanlar iddia edirlər ki, Bibliya kitabları təhrif olunub və Allah təhrif olunmuş kitabları bərpa etmək üçün Quranı göndərib. Eyni zamanda da iddia edirər ki, Bibliya kitablarında Muhəmməd haqqında peyğəmbərliklər var. Təhrif olunmuş hesab etdikləri kitablarda Muhəmməd haqqında axtarışlar etmək nə dərəcədə məntiqə uyğundur? Bu iddialara söykənərək bir çox müsəlmanlar milyonlarla məqalələr yazmış, minlərlə kitablar çap etmişdirlər. Lakin bir-birini son dərəcədə təkrarlayan o məqalə və kitabların heç biri heç nəyi sübut etmədən yalnız Quranın ayələrinə, islamın doqmalarına, eləcə də xristian dininə qarşı yazmış bəzi Qərb tənqidçilərinin və həmçinin də müsəlmanların Bibliyanı öz istəklərinə uyğun şəkildə anlamalarına əsaslanır. Halbuki tarix, arxeologiya, patreistika Bibliya kitablarının təhrif olunmadığını dəfələrlə sübut edib. Sual yaranır ki, bəlkə təhrif olunduğu iddia edilən Bibliya elə Quranın özüdür? Eləcə də Allahın kitablarının guya təhrif olunması haqqında iddiaya aid təbii olaraq məntiqə əsaslanmış iki sual meydana çıxır-
Dünyanı, Kainatı yaradıb qoruyan və gücü hər şeyə yetən Qadir Allah necə oldu ki, kitablarını qoruya bilmədi? Əgər qoruya bilmədisə, deməli o, Qadir Allah deyil, əgər Qadir deyilsə, deməli o, heç Allah da deyil, çünki Allahın xüsusiyyətlərindən biri də hər şeyə qadir olmasıdır. Və deməli, Allah yoxdur.
Bu suala başqa cür cavab verə bilərlər ki, Allah qoruya bilərdi, lakin qorumaq istəmədi, guya insanları imtahana, sınağa çəkmək üçün öz kitablarını, öz Sözlərini, yəni Haqqa çağıran kitabları, Haqqı susqun şəkildə qurban verdi. O kitablarda Allahın Sözü yazılıbsa, deməli o kitablarda Haqq yazılıb, çünki Allahın Sözü də Özü kimi Haqqdır. Əgər insanlar o kitabları təhrif edirlərsə, deməli, Haqqı təhrif edirlər. Bəs necə olur ki, Bibliya kitablarında həmin kitablardan bir hərfin də itməyəcəyini demiş, yerin və göyün keçib getdiyi halda Onun Sözlərinin keçib getməyəcəyini demiş Allah Öz Sözünün yazıldığı kitabların, Öz Sözünün korlanmasına imkan verdi? İbrahim dinləri teist dinlərdir, teist dinlərə görə isə Allah insanların həyatına və ümumiyyətlə dünya işlərinə qarışa bilər. Məhz buna görə də həmin dinlərin ardıcılları Allaha dualar edib Ondan yardım gözləyirlər. Bəs necə olur ki, dünya həyatına, insanların həyatına qarışan Allah Sözünün, kitablarının, Haqqın korlanmasına sakitcə durub baxdı? Haqqın təhrif edilməsinin qarşısını ala biləcəyi halda və hətta bunun qarşısının alacağına söz vermiş olduğu halda Haqqın korlanmasının qarşısını almayan allah Haqq ola bilməz, çünki o, özü Haqqın təhrif edilməsinə mane olmur, halbuki, mane ola bilərdi. Haqqı qoruya bildiyi halda onu qorumayan isə Haqq deyil. Deməli o allah Haqq deyil, Haqq deyilsə, deməli Allah da deyil, Allah da deyilsə, deməli yenə də Allah yoxdur.
Müsəlmanlar da məhz elə bir allaha inanırlar ki, o allah ya haqqı qoruya bilməyib, ya da qorumaq istəməyib. Elə bir allah isə insanı dindar olmaqdan çox ateizmə aparır.
3. Azərbaycanda İsəvilər və müsəlmanlar arasındakı münasibətlər necədir? Öz müşahidənə dayanaraqdan bu barədə nə söyləyə bilərsən?
Azərbaycanda isəvilər və müsəlmanlar arasında münasibət müxtəlif səviyyələrdədir. Bəzi müsəlmanlar separatçı mövqedən çıxış edib nəinki isəviləri, heç öz məzhəbindən olmayan müsəlmanları da sosial varlıq hesab etmirlər, onlarla ünsiyyətdən qaçırlar. Bəzi müsəlmanlar sırf ənənəyə əsaslanaraq ələxsus da sonradan isəviliyi seçənləri sevmirlər, bu zaman onlar unudurlar ki, isəvilik Azərbaycan torpaqlarında çiçəklənəndə, onların isəvi və zərdüşti ulu babaları heç türkdilli dildə də danışmırdılar.
Bəzi müsəlmanlar dini hər kəsin şəxsi işi hesab etdiyindən, hər kəslə, o cümlədən də isəvilərlə çox gözəl münasibətdədirlər, şəxsən mənim çox yaxın dostlarımdan biri də müsəlmandır.

Sunday, September 13, 2009

Güncəl hikmət ağrı-acılarla yoğrulanda


21. Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir.
22. İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var?
23. Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
24. İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır.
25. Çünki Onsuz kim yeyə, kim kef çəkə bilər?


İnsan həyatının və zəhmətinin bədbin naxışlarla təsvirini tanımaq istəsəniz, Vaiz kitabına göz atın. Başqa kitablardan fərqli, "Vaiz", həyatı çox bədbin təsvir edir və oxuyanda belə təsəvvür yarana bilər ki, əslində əlini hər şeydən üzmək lazımdı. Bəlkə bir yerə qədər elə belədi də. Ancaq məncə, başqa kitablarla birlikdə "Vaiz" kitabı gerçək həyatda arzu və ehtiraslarımızı, İlahiyə inanc tərəzisində hər şeyin faniliyiylə tarazlaşdırmamızı önərir. Hər şey ötəridir deyə, gerçəkdə bizim etdiyimiz hər bir şey sonunda tarixin unutqanlığına yem olacaq. Ancaq hər şey ötəri olduğundan dolayı, bizə verilmiş bu həyatı boşuna yaşadığımıza, onu bir anlam quraraqdan, axtarıb taparaqdan ona uyğun yaşamaq məncə hamısından önəmlidir. Çünki o anlamda biz Tanrıya yol ala bilərik. Məncə bu şansı itirməyə dəyməz. Axtarın. Tapacaqsınız.

Tuesday, September 8, 2009

Tanrıcıl Çəkingənlik



Məzmurlar kitabında 111-ci məzmur kimi bilinən şeir belə bir cümlə ilə bitir:

“Rəbb qorxusu hikmətin başlanğıcıdı,
Buna əməl edənlərin sağlam düşüncəsi vardır.
Ona əbədi olaraq həmdlər olsun!”

Rəbb qorxusu və ya Allah qorxusu hikmətin başlanğıcı kimi verilir. Buna, (Rəbb qorxusuna və ondan qaynaqlanan hikmətə?) əməl edənlərin sağlam düşüncəsi var.
Əgər söhbət Müqəddəs Kitabdan gedirsə, Rəbb qorxusu önəmli anlayış kimi ortaya çıxır. Allahdan niyə qorxmalıyıq? Fərqli səbəblərə görə. Allaha inancı yetərincə cilallanmamış, köntöy insan Tanrının cəzasından qorxa bilər. Pislik etməkdən çəkinər, ona görə yox ki, pislik etmək istəmir ona görə ki, İlahinin cəzasından qorxar. İlahi qorxusu bir də Tanrıya inancı yontulmuş, incələşmiş insanlarda olar. Ancaq güman ki, bunun motivi dəyişikdir və ya mürəkkəb motivlər sistemində vurğu dəyişikdir. Tanrını sevən insan, Tanrının verəcəyi cəzadan daha çox, öz Sevgilisini incitməkdən qorxar, Sevgilisinin sevdiklərini sevər və onları incitməkdən çəkinər və buna görə də başqalarına pislik etməkdən uzaq durar. Tanrını sevən insan Sevgilisinin əl işinə - insanlara, yaradılmışlara sevgi duyar, çünki Sevgilisi onları sevir, çünki özü onlardan biridir və buna görə də pislik etməkdən çəkinər. Ancaq bu söhbəti başqa bir müstəviyə, Tanrı sevgisinə çəkir. Biz isə, ondan deyil, Tanrıcıl qorxudan danışırdıq deyəsən. Lakin İlahi sevgisi Tanrı qorxusuna bağlıdır. Sevgilisini incitməkdən qorxan, sevdiyinə görə qorxur, cəzadan-filandan deyil. Bu, öz-özlüyündə İlahini sevən insanın İlahidən çəkinməsinə əngəl törətməz. Başqa sözlə, Tanrını sevmək bizim onunla kefimiz istəyən kimi rəftarımıza haqq vermir. Unutmayaq ki, Tanrı qorxusu əslində İlahinin kimliyini tanımağa bağlıdır: kainatın sahibi, insanı yaratmış olana qarşı sayğıya dayanan rəftar bir inanclının borcudur, çünki Tanrı küçədən keçən birisi deyil: O, bizim dualarımızdan dolayı başqalarına ədaləti ödətdirdiyi kimi, başqalarının dualarından ötrü bizi də özünün bilinməz və bəzən absurdcasına anlaşılmaz ədalətində cəzalandıra bilər. Bu teoloji faktı (İlahi bizdən ötrü başqalarını cəzalandırdığı kimi, başqalarından ötrü də bizi cəzalandıra bilər, çünki o hər kəsin Yaradıcısıdır və Sahibidir) tanımaq və Tanrının bu haqqını qəbul etmək İlahini tanımanın bir parçasıdı. Allah qorxusu Onu tanımağa bağlıdı.
İlahi qorxusu Bibliyada daha geniş anlaşılan bir sözdür. O, həm də hörmət, sayğı, heyrət mənasına gəlir. İlahidən qorxmaq onun Hakimi-Mütləq kimi başqa üzünü də tanımaq potensialını içinə alır. İlahi sadəcə yaratmaz, gərəkdiyi zaman həm də yox edər. İlahi qorxusunu gündəlik münasibətlərimizin bir parçasına çevirə bildikdə o hikmət halına gəlir. Hikmət insanlarla İlahi övladları kimi davranmağı içərir. Onları Rəbb sevir və buna görə də onlarla insaflı davranmaq gərəkir. Tanrı onların haqqını yerdə qoymaz, odur ki, hətta gen gəzdiyimiz insanlara belə ədalətsiz yanaşmaqdan qaçmaq lazımdı. Bu, Tanrı qorxusunu hikmətə çevirir və İlahi sevgisinə bir gərginlik gətirir – yaradıcı, daxili, bəzən xoş, bəzən acı gərginlik. Bununla yaşamağı bacarmaq lazımdı. Bir inanclının sağlam düşüncəsi bununla başlayır.
Rəbb qorxusu bu mənada hər bir inanclıda olmalıdı.

Friday, September 4, 2009

Azərbaycanda kilisə və dövlət




Azərbaycanda kilisə və dövlət münasibətləri fərqli müstəvidə baxıla bilər. İslamdan fərqli olaraq, Azərbaycanın Azərbaycan kimi mövcud olduğu zamanlardan bu günə bu ölkədə dövlət kilisəsi olmayıb və ya Xristianlıq dövlət dini olmayıb. Bu, ölkəmizdə kilisə və dövlət münasibətlərində maraqlı bir nüansdır. Dövlət dini və ya kilisəsi olmamaq, özəlliklə də İslamın hakim olduğu ölkədə, marginallaşmaq anlamına gəlir. Kilisə künc-bucaqdadır. Kilisə dövlətin və ya çoxluğun himayəsindən məhrumdu və səsi eşidilməz. Ancaq bunun müsbət tərəfi də var. Din-hökumət münasibətləri əksər hallarda dövlətin xeyrinə, Xristianlığa gəldikdə isə, əksər hallarda Məsihiliyin ziyanına işləyir. Hökumət dini son nəticədə siyasiləşdirir, onun siyasi məqsədlər üçün alətə çevirir. İlahiyə inancın bu cür korrupsiyası onu insanların gözündən salır. Bununla belə, çağdaş münasibətlərin ən azman sosial-siyasi və içtimai fiquru kimi, dövlətlə, hökumətlə bir şəkildə münasibətə girmədən yaşamaq istər kilisə, istərsə də digər dini icmalar üçün qaçınılmazdı. Dövlət sosial həyatın bir çox sferalarını tənzimləyir, cəmiyyəti təşkil edir bir yerə qədər və bu mənada onunla kilisə, kilisənin simasında isə inanclılar qarşılaşırlar – bu qaçınılmazdı.
Kilisə və dövlət münasibətlərini başlanğıc yanaşım üçün aşağıdakı müstəvilərdə və səviyyələrdə nəzərdən keçirmək olar: 1) kilisə və dövlət hüquq müstəvisində, 2) siyasi müstəvidə, 3) içtimai müstəvidə. Bu münasibətlər həm də iki səviyyədə nəzərdən keçirilə bilər: 1) ayrı-ayrı icmalar səviyyəsində, 2) ümumiyyətlə Kilisə səviyyəsində. Bizi daha çox ikinci səviyyə maraqlandırır.
İndi bu haqda bir-iki kiçik qeyd.
Kilisənin dövlətlə hüquq müstəvisində münasibəti hüquqi qeydiyyat, vergilər, təşkilatlanma və s. şəklində özünü göstərir. Son dövrlərdə mətbuatdan bəlli olur ki, dövlət qeyri-ənənəvi və ya marginal dini qrupların qeydiyyatı üçün şərtləri ağırlaşdırır. Bu, kilisələrin və digər qrupların sosial həyata və digər önəmli publik münasibətlərə daxil olmasına daha yaxından nəzarət etmək məqsədi güdə bilər. Qeydiyyatı olmayan qurum rəsmən mövcud deyil. Faktiki mövcud olsa da onun başı bundan dolayı ağrıyacaq. Dini qurumların vergi uçotuna alınması da buna bənzəyir. Azərbaycan rüşvətxorluğun geniş yayıldığı bir məkandı və dövlətlə dini qurumlar arasındakı vergi-maliyyə əlaqələrinin özəlliyinə uyğun qanunvericilik olmadığından kilisələrin əlavə rüşvət mənbəyinə çevrilməsi mümkündü.
Kilisə və dövlət arasında siyasi müstəvidə hələki ciddi bir şey müşahidə olunmur. Dövlət marginal kilisələrin dəstəyini almaqda maraqlı deyil çünki onların cəmiyyətə təsiri azdı. Səsi çıxmayan qurumun səsinə nə ehtiyac? Az-çox oturuşmuş və etno-konfessionallıq elementi olan kilisələr isə dövlət siyasətini daha çox dini tolerantlıq sahəsində dəstəkləməklə məşğuldurlar. Bunlara özəlliklə Azərbaycandakı Rus Pravoslav Kilisəsini və Katolik Kilisəsini göstərmək olar. Əvəzində dövlət onların cəmiyyətdə marginal fəaliyyətinə, belə deyək, qatlaşır. Çoxsaylı, fraqmentar protestant kilisələrinin vəziyyəti daha ağırdı. Katolik və Pravoslav kilisəsi kimi iyerarxik təşkilatlanması və güc mərkəzi olmadığından və daha yad görüldüyündən ən çox künc-bucağa sıxışdırılmanı onları yaşayır.
İçtimai müstəvidə Kilisə əsasən azlıqda qalan inanclıların yetişdirilməsi ilə məşğuldu. Azərbaycanın sosial həyatında və mətbuatda kilisələr ya aktiv deyil ya da onların içtimai fəaliyyəti, özəlliklə də xeyriyyəçilik işi sadəcə işıqlandırılmır. Bütün bunlar isə Kilisəni, istər katolik, istər pravoslav, istərsə də protestant olsun sağqalma və başçıxartma mövqeyinə qoyur. Önəmli olan itib-batmamaq, yox olmamaq və Müjdəni yaşatmaqdı. Kilisənin mətbuatda marginallaşdırılması kilisənin özünə marginallıq aşılamasına yol açır. Bundan başqa cəmiyyətin əsasən müsəlmanlardan ibarət olması da vəziyyəti yaxşılaşdırmır. Kilisə müsəlman cəmiyyətində yaşamaq üçün sosial ortamdakı bəzi fəaliyyətlərindən vaz keçməli olur.
Siyasi və içtimai müstəvidə dövlətin Kilisəyə münasibəti konkret kilisə qoluna hökumətin yanaşmasıyla müəyyən edilir. Məsələn, katoliklər və pravoslavlar dövlətlə nisbətən yaxşı münasibətdədirlər. Vatikanın və Rusiyanın Azərbaycanla əlaqələri, Azərbaycanda təşkilatlanmış çoxsaylı pravoslavların və çox az saylı katoliklərinin olması bu məsələdə yardım edir. Protestantların vəziyyəti daha ağırdı. Önlar görünmürlər, daha çox bölünüblər və fundamentalist yönümlü protestant təriqətləri mülayim təmayüllü olanlarına vəziyyətini ağırlaşdırır. Onlara dövlət basqısı daha çoxdu. Bir də yerli Udin Kilisəsi var. Udin Kilisəsi pravoslavlığa yaxındı, lakin Azərbaycanda hələ türkdillilər və İslam gəlməzdən öncə vardı. Ermənistanın Udin kilisə abidələrini öz xeyrinə istifadə etməyə çalışması dövləti məcbur edir ki, Udin Kilisəsinə özəl qayğı göstərsin: onların kilisələri dirçəldilir, dövlət tərəfindən tanınır və onların irsi Azərbancan mədəni kimliyinə daxil edilir.
Göründüyü kimi, siyasi və içtimai müstəvidə vəziyyət daha mürəkkəbdi və yəqin bu hüquqi müstəvidəki münasibətlərə də təsir edir.

Tuesday, September 1, 2009

Müqəddəs Kitabda kim kimə müraciət edir?


Bibliya, İsa Məsih kimi, ikili təbiətə malikdi: 1) Bibliyanın vəyh (açılım) təbiəti, 2) Bibliyanın insani cavab təbiəti. Müqəddəs Kitab İlahi haqqında bizə öyrətdiyinə və İsa Məsihin şəxsiyyətində İlahini anlamağa inanc gözüylə dəvət etdiyinə görə vəhy özəlliyinə malikdi: o özündə Tanrıdan gələn və insanlara çatdırılması gərəkən insan-ilahi münasibətlərinin açmacasını - xoş xəbəri içərir. Lakin Bibliya həm də tarixən yaranmış müqəddəs kitablar məcmusudur. O, həm də insanlığın bu xoş xəbərə reaksiyasını, cavabını öz içinə alır. Bibliya Allahın xoş xəbərini və bu xoş xəbərə verilən cavabı birlikdə əks etdirir. Onda insanilik var: onu insanlar yazıb, insanların tarixini, dövrünü, dünyagörüşünü, İlahi Xəbəri fərqli və bəzən ziddiyyətli anlama şəkillərini göstərir. Lakin bu insanilik bir cavab özəlliyinə malikdi. Bu insanilik Tanrının insanlara verdiyi bir gerçəkliyə insanların reaksiyasıdı. Odur ki, Bibliyanı göydən düşübmüş kimi sadəcə vəhydir deyə oxumaq özünü doğrultmaz. Bibliya həm də vəhyə verilən cavabdı – bunu da göz önünə alıb oxumalıyıq. Bibliyanın İlahi xəbərə insan reaksiyası kimi çoxlu qatları var. Hər qat bir cavabdan, və ya bir cavabın fərqli yönlərindən bəhs edir. Yazı, cümlə səviyyəsində Bibliyada ayrı-ayrı insanların, şəxslərin İlahiyə müraciəti əks olunur. Məsələn Məzmurlarda ağrı-acı çəkən insanın İlahiyə müraciəti gözə dəyir. Hekayətlərdə, bir hekayə qəhrəmanın Allahın vəhyinə, konkret xəbərə, hadisəyə verdiyi reaksiya kimi cavab gözə dəyir. Süjet, narrativ səviyyəsində, insan övladlarının İlahini ciddiyə almaq/almamaq havasına köklənmiş həyatı bir başqa cavabdı. Kanon səviyyəsində isə insanın vəhyə cavab olaraq İlahi yardımı olmadan qurtarmasının qeyri-mümkünlüyünü anladığını görürük. “Başlanğıc”dan, “Vəhy” kitabına qədər, insan övladı yol azmaqla, yolu İlahi işığında tapmaqla və yenə azmaqla, və yenidən Allahın müdaxiləsilə o yolu tapmaqla məşğuldu.
Bibliya həm də bizi Allaha bir cavab verməyə dəvət edir. Bibliyanı vəhyə fərdi, şəxsi cavabımız kimi də oxumağı bacarmalıyıq – çünki Müqəddəs Kitab bu cür modelə dəvət edir və arzuolunmaz cavablara da işıq tutur. Belədə cavab fərdiləşir və sizin cavab olur. Siz Bibliyanı oxuyaraqdan nəsillərin Allaha verdiyi cavabı özünüzünkü edib vermiş olursunuz.
Bu, İlahi vəhyə təslim olmaqdı. İlahiyə gediş də elə bununla başlayır. Vəhyi anlamaq, vəhydə Allahın səndən istədiyi özünü, kimliyini tapmaqla və onu qəbul etməklə olur. Bu kimlik fərdidir, bu kimlik bir qəlip deyil. Hər kəs üçün vəhyin dərinliklərində yalnız ona məxsus bir cavab – kimlik yatır. Çüni vəhy sadəcə Allahdan gəlmir. Vəhy həm də insan ruhunun Vəhyə verdiyi cavabdan yoğrulub: təslimiyyətdən tutmuş, nifrətdolu rəddə qədər.
Bütün bunlara görə, Müqəddəs Kitabda bir daxili gərginlik var. O gərginlik özündə İlahi enerjini – Lütfü - cəmləyir və o gərginlik İsa Məsihdə insani və ilahinin BİRləşməsindən, onun olduğu kimi vəhyə hopmasından qaynaqlanır. O gərginlik sizinlə Tanrı arasında o kitabı oxuyub onun məsləhət gördüyü cavablardan sizinkini tapıb seçməklə olur. O gərginlik sizinlə Tanrı arasında ahəngə, tarazlığa dayanan münasibət qurur. Çünki siz vəhyə cavab verirsiniz. Vəhyi Allahdan gələn kimi və sizdən çıxan, sizin iradə və düşüncənizə, hisslərinizə dayanan cavab kimi yaşayırsınız. Məncə bu Müqəddəs Kitabı daha maraqlı edir. Bəs Quranı necə, vəhyə insan cavabı kimi oxumaq olar?

köhnə və yeni

Əziz bloq ziyarətçiləri, bu postdan sonra bütün postlar artıq yeni bloqdakı yazılar olacaq. Göy rənglə yazılmış postların hamısı köhnə bloqdan buraya yerləşdirilmiş yazılardı - onların yazılma tarixi ilə, yeni bloqa yerləşdirilmə tarixləri arasında fərq var. Əvvəlki bloqa daxil olmaq istəyən www.logos.azeriblog.com gündəliyinə baş çəkə bilər. Təəssüf ki, azəribloqda baş verən son hadisələrdən sonra o serveri tərk etmək məcburiyyətində qaldım. Köhnə bloqu saxlayıb-saxlamayacağımı hələlik dəqiqləşdirməmişəm. Bununla belə, Məsihiliklə bağlı yazılar bu bloqda yerləşdiriləcək.

gündəlikdə axtarış