Tuesday, September 8, 2009

Tanrıcıl Çəkingənlik



Məzmurlar kitabında 111-ci məzmur kimi bilinən şeir belə bir cümlə ilə bitir:

“Rəbb qorxusu hikmətin başlanğıcıdı,
Buna əməl edənlərin sağlam düşüncəsi vardır.
Ona əbədi olaraq həmdlər olsun!”

Rəbb qorxusu və ya Allah qorxusu hikmətin başlanğıcı kimi verilir. Buna, (Rəbb qorxusuna və ondan qaynaqlanan hikmətə?) əməl edənlərin sağlam düşüncəsi var.
Əgər söhbət Müqəddəs Kitabdan gedirsə, Rəbb qorxusu önəmli anlayış kimi ortaya çıxır. Allahdan niyə qorxmalıyıq? Fərqli səbəblərə görə. Allaha inancı yetərincə cilallanmamış, köntöy insan Tanrının cəzasından qorxa bilər. Pislik etməkdən çəkinər, ona görə yox ki, pislik etmək istəmir ona görə ki, İlahinin cəzasından qorxar. İlahi qorxusu bir də Tanrıya inancı yontulmuş, incələşmiş insanlarda olar. Ancaq güman ki, bunun motivi dəyişikdir və ya mürəkkəb motivlər sistemində vurğu dəyişikdir. Tanrını sevən insan, Tanrının verəcəyi cəzadan daha çox, öz Sevgilisini incitməkdən qorxar, Sevgilisinin sevdiklərini sevər və onları incitməkdən çəkinər və buna görə də başqalarına pislik etməkdən uzaq durar. Tanrını sevən insan Sevgilisinin əl işinə - insanlara, yaradılmışlara sevgi duyar, çünki Sevgilisi onları sevir, çünki özü onlardan biridir və buna görə də pislik etməkdən çəkinər. Ancaq bu söhbəti başqa bir müstəviyə, Tanrı sevgisinə çəkir. Biz isə, ondan deyil, Tanrıcıl qorxudan danışırdıq deyəsən. Lakin İlahi sevgisi Tanrı qorxusuna bağlıdır. Sevgilisini incitməkdən qorxan, sevdiyinə görə qorxur, cəzadan-filandan deyil. Bu, öz-özlüyündə İlahini sevən insanın İlahidən çəkinməsinə əngəl törətməz. Başqa sözlə, Tanrını sevmək bizim onunla kefimiz istəyən kimi rəftarımıza haqq vermir. Unutmayaq ki, Tanrı qorxusu əslində İlahinin kimliyini tanımağa bağlıdır: kainatın sahibi, insanı yaratmış olana qarşı sayğıya dayanan rəftar bir inanclının borcudur, çünki Tanrı küçədən keçən birisi deyil: O, bizim dualarımızdan dolayı başqalarına ədaləti ödətdirdiyi kimi, başqalarının dualarından ötrü bizi də özünün bilinməz və bəzən absurdcasına anlaşılmaz ədalətində cəzalandıra bilər. Bu teoloji faktı (İlahi bizdən ötrü başqalarını cəzalandırdığı kimi, başqalarından ötrü də bizi cəzalandıra bilər, çünki o hər kəsin Yaradıcısıdır və Sahibidir) tanımaq və Tanrının bu haqqını qəbul etmək İlahini tanımanın bir parçasıdı. Allah qorxusu Onu tanımağa bağlıdı.
İlahi qorxusu Bibliyada daha geniş anlaşılan bir sözdür. O, həm də hörmət, sayğı, heyrət mənasına gəlir. İlahidən qorxmaq onun Hakimi-Mütləq kimi başqa üzünü də tanımaq potensialını içinə alır. İlahi sadəcə yaratmaz, gərəkdiyi zaman həm də yox edər. İlahi qorxusunu gündəlik münasibətlərimizin bir parçasına çevirə bildikdə o hikmət halına gəlir. Hikmət insanlarla İlahi övladları kimi davranmağı içərir. Onları Rəbb sevir və buna görə də onlarla insaflı davranmaq gərəkir. Tanrı onların haqqını yerdə qoymaz, odur ki, hətta gen gəzdiyimiz insanlara belə ədalətsiz yanaşmaqdan qaçmaq lazımdı. Bu, Tanrı qorxusunu hikmətə çevirir və İlahi sevgisinə bir gərginlik gətirir – yaradıcı, daxili, bəzən xoş, bəzən acı gərginlik. Bununla yaşamağı bacarmaq lazımdı. Bir inanclının sağlam düşüncəsi bununla başlayır.
Rəbb qorxusu bu mənada hər bir inanclıda olmalıdı.

No comments:

Post a Comment

gündəlikdə axtarış