Wednesday, February 9, 2011

İnanc. Şübhələndiklərinizdəndirmi?


Şübhəsiz yaşamaq mümkün deyil. İnanc məsələlərində də insanların şübhəsi olur. Şübhə nədir? Şübhəni üç ana elementlə xarakterizə etmək olar. 1) Şübhə bildiyimizin məzmunu haqqında qərarsızlıq, yəni bildiyimizin bildiyimiz kimi olmaması və ya bilmədiyimizin bildiyimiz kimi olması ilə bağlı düşüncələr və bu düşüncələrdən törəyən qeyri-müəyyənlik. 2) Güvəncsizlik. 3) rahatsızlıq. Hər üç elementi birləşdirsək məncə şübhəni əldə edirik. Şübhə ancaq o zaman ortaya çıxır ki, konkret məsələdə qeyri-müəyyənliyin mövcudluğunu  anlayırıq və bu qeyri-müəyyənliyi aradan qaldırmaq bizim üçün önəmli olar. Şübhə o zaman başlayır. Bilmədiyiniz və necəliyini dəqiq anlamadığınız ancaq bundan dolayı rahatsız olmadığınız şeylər şübhə yaratmaz və ya onların törətdiyi əqli-hissi hallar şübhə kimi xarakterizə edilməz. 

Məsələn, günəş sistemindən kənarda bir X planeti var, həmin planetdə həyat ola bilər. Bundan əmin deyilsiniz. Həyatın olmasını ehtimal edə bilərsiniz, lap birisi sizinlə mərcə girsə fərz edək ki, o X planetində həyatın olduğunu ya olmadığını müəyyən qədər iddia edə bilərsiniz.  Ancaq bundan əmin deyilsiniz və bu qeydi-müəyyənlikdən də xəbəriniz var, yəni bilirsiniz ki, gümanınız doğru olmaya bilər. Belə qeyri-müəyyənlik şübhə kimi xarakterizə ediləmməz, hətta bu cür qeyri-müəyyənliyi anlatmaq üçün şübhə sözünü prinsipcə işlətsəniz (“O X planetində həyat olduğunu ehtimal edirəm, ancaq şübhələnirəm ki, ehtimalım doğru deyil.”) də dəqiqlik aspektindən baxsaq bu qeyri-müəyyənliyi şübhə adlandırmağa əsas vermir. Niyə? Ona görə ki, ortada güvənməyə tələbat yoxdu və bu güvənmək tələbatının tam ödənmədiyini anlamaqdan qaynaqlanan narahatçılıq yoxdu. O, planetdə həyat ola da bilər, olmaya da bilər, siz də bu qeyri-müəyyənliyi bilirsiniz, ancaq bu sizin üçün ekzistensial önəm daşımır. Belə bir bilgi (orda həyat varmı, yoxmu?) sizin üçün şəxsi əhəmiyyətə malik deyil. Odur ki, ortada şübhə yoxdu. Başqa sözlə istənilən məsələ haqqında qərarsızlıq, qeyri-müəyyənlik şəxsi önəm kəsb edəndə və onu aradan qaldırmaq imkanı olmayanda şübhə ortaya çıxır. Şübhənin şəxsilik (personal) elementi var. Odur ki, o rahatsızlıq törədə bilir. İstənilən bilgi şəxsilik əhəmiyyəti kəsb edəndə onun şübhə obyekti olmaq ehtimalı da artır – həmin o X planetində həyat haqqında bilgi də şəxsi önəm kəsb edərsə, şübhə obyektinə çevrilmək potensialı qazanar.
Şübhə buna görə də insanlarda narahatçılıq törədir. İnsanın inancı onun kimliyi, həyatı, idealları və dəyərlərilə bağlı olduğu üçün və dini inanc birbaşa sübutla əldə edilmədiyi üçün o hər zaman şübhə obyekti ola bilər. İnancınızda nə qədər dərinə getsəniz, şübhənin önəmi, ondan yan qaçmaq arzusu, inancın şübhə obyektinə çevrilmə ehtimalı bir o qədər yüksəlir. Söhbət, əlbəttə, sadəcə Allahın varlığına inanmaq mənasında şübhədən getmir. Din, İlahi haqqında düşünmək sənəti sadəcə Allahın varlığıyla bitmir ki. Məsələn, həyatınızda bir hadisə olur və həmin hadisənin İlahi iradəsindən qaynaqlanıb-qaynaqlanmadığı barədə şübhələriniz ola bilər. Dostunuz Allahı, mələkləri, imamları bir yerə yığıb and içir ki, filan işi etməyib. Siz də ona inanırsınız. Ancaq şübhələriniz qala bilər – həm dostunuzla bağlı, həm onun andından şübhələnməklə nə qədər doğru edib-etmədiyinizlə bağlı.
Ancaq bütün bunlar azmış kimi, şübhənin bir də üzücü, əxlaqi yönü var. Özündən yaxınlarından, inancından şübhələnən insan özü şübhələnməsinə üzülür və ya şübhə onu didir. Şübhələnmək və bunun fərqində olmaq insanda günahkarlıq hissi yarada bilər. Başqa sözlə desək, sevgilinizin sizə xəyanət etməsi haqqında şübhələrinizin yuxunuza haram qatması (qeyri-müəyyənlikdən yaranan rahatsızlıq) azmış kimi, bir də şübhələnməyinizin fərqində olmaq (inancın və güvəncin gərəkdiyi məsələdə belə bir şeyin olmaması və bunu anlamaqdan doğan mənəvi-əxlaqi günahkarlıq hissi) insanı üzür. Şübhə sonucda əxlaqi-mənəvi nəticələri olan ağır yükə, psixoloji lənətə çevrilir.
Amma iş bu qədər sadə olsaydı nə vardı ki! Şübhə həm də zəruridi. Şübhələrinizin doğrulduğu azmı olub? Şübhələndiyinizə görə araşdırıb bir işi doğru həll etdiyiniz azmı olub? Şübhənin müsbət yönləri də var. Baxır nə zaman, hansı məsələdə, necə, niyə, hansı konteksdə şübhələnirsiniz.
Dönək inanca və şübhəyə. İnancda və ümumiyyətlə dində şübhə ümumilikdə yaxşı görülməz, ancaq onu tam inkar etmək də ağılsızlıqdı. Şübhələrin hesabına inancda nə qədər ciddi, xoş gəlişmələr baş verib?! Qəzalinin “Əl-Munqid Min Əl-Dalal” əsəri, Avqustinin “Etiraflar” əsəri məhz şübhəyə borcludurlar. Yəqin bu da bir paradoksdur ki, şübhəni aradan qaldırmaq üçün şübhəyə ehtiyac var. Şübhə təhlükəsi olmasa, güvənməyə nə ehtiyac? Şübhəni aradan qaldırmağa ehtiyac olmasa, araşdırmağa nə hacət? Odur ki, inanc məsələlərində şübhəmiz varsa, bir hədd daxilində onunla yaşamağı öyrənmək və ondan yararlanmaq gərəkir. Təsəvvür edin ki, inanc özəl bir şərbətdi. Bu şərbətin reseptini sizə inandığınız insan, Allah, X, Y verib. Şərbəti hazırlamaq üçün suya şəkər və digər gərəkənləri əlavə edib onu qaynadırsınız. Qabın altını isidib suyu qaynadan şübhə alovlarıdı. Alova ehtiyacınız var çünki onsuz şərbəti hazırlaya bilməzsiniz – əks təqdirdə su qaynamaz, şərbət olmaz. Lakin alovu da gözdən qoymaq olaz. Özbaşına qalsa, odununu bir az çox etsəniz ya gərəkdiyindən çox suyu qaynatsanız, o şərbəti hazırlamaq yerinə, suyu buxarlandırar və ya bir başqa şəkildə şərbətə zərər verər. Ancaq şərbət tam hazır olana qədər ona ehtiyacınız var.
Odur ki, şübhələrinizi ciddiyə alın. Onlardan dolayı panikaya qapılmağa ehtiyac yoxdu. Ancaq onların üzərində işləməyə ehtiyac var.  

No comments:

Post a Comment

gündəlikdə axtarış