Sunday, August 30, 2009

Etika haqqında bir kitabın suyunun suyu

Bir neçə ay bundan əvvəl Wyndy Corbin Reuschling adlı müəllifin yazdığı “Reviving Evanglical Ethics: The Promises and Pitfalls of Classic Models of Morality” kitabını oxudum. Kitab etikaya giriş xarakterli məlumatları və Məshilikdəki etika qavramının kökündə duran prinsiplərin başqa etika görüşləri ilə müqayisəsini verir. Dedim sizə də maraqlı olar, odur ki, kiçik bir yazı yazım bu barədə. Bəri başdan razılaşaq ki, bu yazı çərçivəsində etika ilə əxlaq arasında bir fərq qoymuram və onları biri-birinin əvəzləyicisi kimi işlədə bilərəm.

Müəllif üç əsas və klassik hesab etdiyi əxlaqilik sisteminə baxır və bunları deontoloji, teleoloji və fəzilət etikası olaraq qruplaşdırır. Deontoloji etikada diqqət vəzifənin üzərindədir. Teleoloji etikada diqqət daha çox əməlin törətdiyi nəticəyə yetirilir. Fəzilət etikasında vurğu əməllə xarakter arasındakı əlaqənin üzərinə düşür: hərəkəti etməklə hansı xarakteri, xisləti yetişdirmək olar və necə? Birinciyə Kant, ikinciyə Mill, üçüncüyə isə Aristotelin təklif etdiyi əxlaq sxemləri misal kimi verilir və daha sonra da araşdırılır.
Kantın sistemində əxlaq imperativ kateqoriyaya dayanır. Müəllifin yazdığına görə, Kant imperativ kateqoriya deyildikdə şəxsin və bütün insanların qeyd-şərtsiz boyun əyməli olduğu göstərişi başa düşür. Kant həm də maksim anlayışından istifadə edir. Maksim deyildikdə Kant hərəkətin prinsipini və ya qaydasını ifadə edir. Əxlaqa tətbiqən Kantın üç imperativ kateqoriyası var. Bunlar aşağıdakı kimi formulə edilir: 1) Yalnız o maksimə uyğun hərəkət et ki, onun eyni zamanda universal maksim olmasını istəyəsən, 2) Elə hərəkət et ki, insanlığı, istər öz şəxsində, istərsə də başqalarının şəxsində yalnız vasitə kimi deyil, həm də eyni zamanda bir məqsəd, son kimi (başqa şeyə vasitə olmadan) istifadə edə biləsən, 3) hər rasional varlığın iradəsi universal qayda-qanun çıxaran-verə bilən iradə kimi qavranıla bilər. Kantın sisteminin məqsədi davranışlarda ardıcıllığı təmin etməkmiş. Ikinci sistem kim müəllif Con Stüart Millin fayda prinsipindən bəhs edir. Mill bu sistemdə belə bir duyumdan (deyirəm bəlkə, assumption sözünü belə tərcümə edək?) yola çıxır ki, insanlar ümumiyyətlə ağrı-acıdan qaçmağa və məmnuyyət, zövq verən şeylərə yönəlməyə çalışırlar. Onun sistemində xoşbəxtlik anlayışı önəmlidi. Millə görə, utilitarizmin ən əsas prinsipi (Millin interpretasiyasında) ən çox sayda adamlar üçün ən böyük yaxşılığı (xoşbəxtliyi) törətməkdi. Onun ifadəsinə görə hərəkətlər xoşbəxtliyi, yaxşılığı törədə biləcəyi qədər doğru - düzgün, bunun əks nəticəsini verə biləcəyi qədər səhvdirlər. Vurğu hərəkətin verəcəyi nəcitə və həmin hərəkətin həmin nəticəyə yetib-yetməməkdəki rolu üzərindədi. Aristotelin əxlaqilik sistemində fəzilət anlayışı önəmlidi. Fəzilət, müəllifin təsvirində, Aristotelə görə, insan davranışının və niyyətinin elə bir özəlliyidi ki, insanların iradə və hisslərinin yönləndirir, onları ahəngə salır, yaxşı(lıq) kimi hörmət görür və istənilir. Onun əxlaqilik sistemində fəzilət insanlara rifah dolu həyata çatmağa və insan yaşamının mənasını kəşf etməyə yardım edir. Təhsil vasitəsilə insan əqlini yetişdirir, çünki əql insanın istək və ehtiraslarına nəzarət edir (Aristotelin şərhində). Beləcə insan xoş, gözəl alışqanlıqlar gəlişdirir və bunlar da insana ağlı başında olan yaxşı insan kimi yaşamağa və rifahı axtarmağa əsas verir.
Hər üç sistem Xristianlığa təsir edib. Təəssüf ki, müəllif İslam dünyasında və Hind-Çin sivilizasiyasında olan əxlaqilik sistemlərinə diqqət yetirmir. Bu sistemlərdən sonra müəllif Xristianlıqda olması gərəkən etika dünyagörüşündən bəhs edir. Müəllifə görə, Məsihilik hər üç sistemin müsbət özəlliklərini öz içinə ala bilən, onları mənimsəyə bilən bir özəlliyə malikdi. O yazır ki, Xristian əxlaqının kökündə hekayət, ümid, güvənc, inanc durur. Məsihilər İsa Məsihin hekayəsinə baxaraqdan, həmin hekayəti öz həyatlarında yaşamağa çalışırlar. Bunun üçün isə, onlar İlahiyə inanır, onun insanlara verdiyi Sözə (İsa Məsih) və sözə (Müqəddəs Kitab) güvənir və ümidlə yaşamağa çalışırlar. Allahın Surətində yaradılmışlığa inanc İsəvilərə Müqəddəs Yazıların işığında vicdan vasitəsilə həmin özəlliyə uyğun yaşamağa dəvət edir.
Və ən sonda kiçik bir qeyd. Müəllifin hekayə(t) qavramını əxlaqi yaşamın dini - təxəyyül əsası kimi önə çəkməsi nədənsə mənə hekayə-narrativ məsələlərinə fokus olan təlimləri yada saldı. Aristotelin fəzilət ideyasını yada salan və bu istiqamətdə dərinə getmək istəyənlərə qırmızı (Sovet) Azərbaycanın ziyalılarından birinin – Ziyəddin Göyüşovun “Fəzilət və Qəbahət” kitabını oxumağı önərərdim. Materialı köhnəlsə də, marksist-leninçi yanaşma kitabın hər tərəfindən tökülsə də, oxumağa dəyər
.

No comments:

Post a Comment

gündəlikdə axtarış