Wednesday, August 26, 2009

Çiy süd əmməyin teoloji dadı - 1

İnsanın ana döşündən qaynamış, pasterizə edilmiş süd əmmədiyini yəqin hamımız bilirik. Hamımız çiy süd əmmişik. Bu sözün hərfi mənasında az – çox ana südü əmməklə bərəkətlənmiş insanların hamısı çiy süd əmib. Maraqlıdır ki, belə çiy süd indi dünyanın hər tərəfində bazarları, modnu dillə desək marketi dolduran əldəqayırma (yarım)bişmiş süddən məncə daha çox yardım edir insanlara. Ana döşündən çiy süd əmən övladın ana ilə birbaşa, bədən səviyyəsində ən yaxın münasibəti olur.

Ananın ruhundakı istilik, sevgi o südlə özü də çiy südlə uşağa keçir. Döşündən övladına süd verən ananın öz körpəsilə bağlı unudulmaz anlarının, bazardan aldığı yarımbişmiş-fabrikat südlə övladını yedirən ananın xatırlanacaq anlarından çox olacağını güman edirəm. Beləliklə, hərfən çiy süd əmmək İlahinin bu sözün həqiqi, birbaşa çiy mənasında anaya və övlada verdiyi bərəkətdir. İncildə də süd əmməkdən, özü də ana südü, yəni çiy süd əmməkdən – ancaq başqa mənada - bəhs edilir. Məsələn, Peterin birinci məktubunda (2:2) deyilir ki, “yeni doğmuş uşaqlar kimi, təmiz südü xatırladan Tanrı sözünün həsrətini çəkin ki, bununla bəslənib böyüyərək qurtuluşa yetişəsiniz.” Korinflilərə birinci məktubunda da (3:2) həvari Paulos ilkin, elementar (ruhi) bilgini südə bənzədir və korinflilərə qatı yeməyi yeyə bilməyəcəklərindən dolayı süd verdiyini yazır. Südün, bu cür elementar, ilkin başlanğıcı, bilgini, prinsipi məcazi şəkildə ifadə etməsinə İbranilərə yazılan məktubda da rastlanır (5:12-13). İlahi sözü də eynilə çiy ana südü kimidir. Onunla bəslənilir və böyüyürlər və o ruhumuza hopub gələcəkdə həmin ruhun üzərində qurulacaq bir çox binaların təməli olur.
Ancaq çiy süd əmməkliyin başqa bir ölçümü də var. Həmin bu ölçümü İncildəki süd obrazının dilimizdəki çiy süd əmmişlikdən bəhs edən atalar sözüylə təzadını ortaya qoyaraqdan anlamaq olar. Hə, yenə gəldik çıxdıq çiy süd əmməyə. Dedim axı, hamımız çiy süd əmmişik.
Yaxın qohumlarımın, anamın birisindən şübhələndiyi zaman və ya ümumiyyətlə insanların etibarsızlığından, gözlənilməz, səbatsız, özünəxidmətə və öz çıxarına hesablanmış başqalarını arxadan baltalamaq hesabına bir şeylər etmək imkanından və ya potensialından bəhs etdiyi zaman bu atalar sözünü işlətdiyini yaxşı xatırlayıram: İnsan çiy süd əmib. Və ya filankəs çiy süd əmib. Beləliklə, çiy süd əmməklik dilimizdə insanların hamısında olan bir tendensiyanı, potensialı ifadə edir. Vicdanın, intuitiv duyumun, sosial normaların, dərin şəxsi-intim münasibətlərin və s. və ia əleyhinə gedərək başqalarına-yaxınları da daxil olmaqla pislik etmək, öz maraqlarını heç nə ilə hesablaşmadan güdmək və hər zaman, ama hər zaman bunu etmək yetənəyinin, ən azından potensial şəklində hər birimizdə mövcud olması – budur insanın çiy süd əmmişliyi. İdeyalar törədib əməllərinə haqq qazandırmaq, işğal etmək, onu-bunu əzməklə fəxr etmək, fəqir-füqəraya yuxarıdan aşağı baxmaq, üstündə yaşadığımız torpağın sərvətlərini acımasızcasına tükətmək hesabına tikmək, qurmaq və yaratmaq – insan çiy süd əmib. Nəyin bahasına olursa-olsun gücə can atmaq, aldatmaq, və ən nəhayət canlılarla həyatı bölüşməyi inkar etmək, özünü onlardan ayırıb yaşamaq – insan çiy süd əmib. Bütün bu əməllərin hamısını birləşdirən tək bir şey var: onların hamısı içimizdəki, tam ifadə edə bilmədiyimiz, amma tarix boyu nəsillərin şahidi olduğundan dolayı inkar da edə bilmədiyimiz bir gerçəklikdən xəbər verir. O gerçəklik ki, ona ən müxtəlif cəmiyyətlərdə fərqli adlar verilir, ancaq inkar olunmur: pislik, şər, ədalətsizlik, təkəbbür, ruhi natəmizlik və s.
Bu çiysüdəmmişliyin ilk baxışda İncildəki ilkin, elementar bilgini ifadə edən südlə bir əlaqəsi yoxmuş kimi görünür. Amma var. Özü də iki yolla.

No comments:

Post a Comment

gündəlikdə axtarış