Wednesday, August 26, 2009

Azərbaycanda dinlər: çoxluq hər zamanmı p-xluqdur? - 3

Dinlərin çoxluğunun mənfi tərəfləri də var (baxır hansı mövqedən yanaşırıq). Məsələn, Azərbaycan kimi ənənəviçi, milli “urra” birliyinin önəmli olduğu, müxtəlifliyi rejim və hökumət üçün təhlükə görən, dövlətçiliyin cəmiyyətdəki fərqli sferalarda (din də bunların arasındadır) monoton birlik hesabına saxlandığı və gəlişdirildiyi məkanlarda dinlərin çoxluğu, milli kimlik və birlik üçün təhlükə görülür. Sözsüz, azərbaycanlılarının hamısının müsəlmançılığı, bir dində olmaları, onların bir qisminin isəvi olması zamanı yarana biləcək problemlərdən yan keçməyə fürsət verir. Məsələn, deyək ki indi islam milli-dövləti kimlik ideyasına qatqıda bulunan faktordur, lakin azərilərin bir hissəsi xristianlaşarsa, islam bu cür faktor olmaq şansını itirər.

Bu isə, əlavə “başağrısıdır” – cəmiyyəti zəruri olduğu qədər unifikasiya edəcək dəyərlər sırasında dinin itirilməsi dövləti və toplumu onu əvəz edən başqa bir dəyər törətməyə vadar edir. Lakin burda bir “əmma” var.Əvvəla, cəmiyyətdəki dini müxtəlifliyi zor gücünə, cəmiyyətin birliyini təmin etmək üçün boğmaq çağdaş qlobal cərəyanları nəzərə almır. Çağdaş dünya gedərək qarışır, kiçilir və əvvəllər monoetnik, monodini, monokultural və ümumiyyətlə monoton ölkələr istər-istəməz qloballaşan market və kommunikasiya vasitələrinə görə gedərək müxtəlifləşir, fraqmentarlaşır və qarşılıqlı asılı sistemlərə çevrilir. Dini müxtəlifliyi artıq gedərək qlobal miqyasda zəifləyən milli dövlətçilik konsepsiyasından dolayı boğmaq, ümumilikdə qlobal müxtəlifləşmə, qarışma və qarşılıqlı asılılışma axınına qarşı üzmək deməkdir. Buna qarşı nə qədər üzmək olar? Gec-tez Azərbaycan da bu axına qoşulmayacaqmı? Unutmayaq: qlobal müxtəlifləşmə yalnız bir sahədə baş vermir. Toplumun bütün sferalarında müxtəlifləşmə, fraqmentarlaşma gedir və dini müxtəliflik bunun bir parçasıdır. Məsələ, - dinə gəldikdə - dini müxtəlifyi tanımaq, onun toplumda sərbəst ifadəsinə yol açmaqdı. İkincisi, müxtəliflik hər nə qədər problem törətsə də onun törədəcəyi problemlər artıq selləri bizi də basan çağdaş qlobal sosial-siyasi-iqtisadi axınlarda daha asan həll edilər (çünki cəmiyyət ona qarşı fərqli vasitələr törədəcək), nəinki özünü monoton, din, dövlət, milli birlik ideyasında boğan və sonradan qəflətən müxtəlifliyə açılan cəmiyyətidəki problemər. İranın vəziyyətinə düşmək üçün islam dövləti qurmağa ehtiyac yoxdur. Cəmiyyəti başqa ideyalara qapatmaq, onun dini müxtəlifliyini boğmaq, insanları tək bir ideya ətrafında birləşdirməyə çalışaraqdan ağını çıxartmaq da yetər. Məncə bütün bunlar Azərbaycanda radikal savaş və s. təbliğ etməyən istənilən dini inancın yayılmasının əslində tamamən normal olduğunu göstərməyə yetərlidir.
Beləliklə, əziz insanlar Azərbaycanın hər hansı bucağında önünüzə Musəvi, İsəvi, Zərdüşti, Hinduist və s. çıxarsa, onların cəhənnəmliyi haqda dərhal fitva verməyin. Əksinə, ondan nə öyrənə, ona nə öyrədə və birlikdə topluma necə gərəkli ola biləcəyiniz barədə fitva verin, daha doğrusu düşünün...

No comments:

Post a Comment

gündəlikdə axtarış