Friday, August 28, 2009

Çarpaz kimliklər

Bu gün bir kürd xristianla maraqlı söhbətim oldu. Xristian seminariyasında təhsil alan bu şəxslə söhbətimiz dolanıb gəlib Türkiyə, İraq, İran, Ermənistan, Azərbaycan, din, İslam, Xristianlıq milli azlıqlar, güclü dövlətlər, siyasi çoxluqlar və s. və ia-nın üstünə çıxdı. Verdiyim suala cavabı maraqlı oldusa da məni qane etmədi. Kürdlərin müstəqillik arzuları üçün dinini alət edərmisən sualına hə cavabı verdi və mən də ona dini siyasətə alət etmənin Məsihilikdə yolverilməz olduğunu xatırlatdım. Onun cavabı da maraqlı oldu: bəs bu qədər ədalətsizlik? Məgər inanc bizə ədalətsizliyə qarşı mübarizə aparmağı öyrətmirmi? Beləcə soruya soru calandı və söhbət uzanıb acı bağırsağa çevrildi. Birlikdə bəzi suallara biri-birimizi didmədən, söymədən və yuxarıdan aşağı görmədən cavablar aramağa çalışdıqsa da bir yerə vara bilmədik. Ancaq mən onu o da məni az da olsa anladıq.

Məsihilik bir qayda olaraq siyasətə qarışmayan din kimi tanınır, lakin bu hər zaman belə olmayıb. Bir sıra xristianlar indi də inanır ki, ədalətsizliyin aradan qaldırılması üçün siyasətdən istifadə etmək nəinki qaçınılmazdır, əksinə vacibdi. Özü-özünə çəkilən və dünyadan əlini üzən inanc tez bir zamanda bu şəxslərə görə faydasız, hər şeyə göz yuman bir inanca çevrilir. Bu isə Məsihiliyin kökündə duran fəqir-füqəraya, cəmiyyətin əzdiyinə yardım etmək, onların ədaləti üçün çalışmaq inancına ziddir. Digər qrup Xristianlar isə bunu qəbul etmirlər. Onların fikrincə ədalət üçün mübarizə aparmaq olar, ancaq siyasəti istifadə etmək yoluyla deyil. Bundan başqa bu məsihilərə görə siyasət hər zaman bir ədaləti təmin edəndə, başqa bir ədalətsizlik törədir çünki insanın təbiətində günah var və hər nə edirsən et, ədalətin bərpası adına başqa bir ədalətsizliyin baş verməsi qaçınılmazdı. Odur ki, bu məsihilərə görə, ədalətsizlik üçün savaş vermək mümkündü, ancaq siyasətdən hər şəkildə uzaq olmaq lazımdı.
Adamın fikirlərini daha da aydınlatması və fərqində olmadıqlarının fərqinə varması üçün adama bir hipotetik şərait təsvir etdim. Təsəvvür et ki, İraqda bir kürd dövləti var. Sən də orda pastorsan və sənin ədalətsizliyə qarşı savaş vermək vəzifən var. Biri gün sabah həmin kürd dövlətinin milli və əzilmiş azlıqlarından olan xristian assurlar sənə pənah gətirirlər və deyirlər biz Assuriya dövləti yaratmaq və bu kürd dövlətdindən ayrılmaq istəyirik və sən də xristian kimi əzilmişlərlə birgə olmaq üçün ədalət adına savaş verməkdə bizə yardım et. O biri yandan da xristian kürdlər qapını kəsir və sənə deyirlər ki, sən bir xristian kimi vətəninin bütövlüyünü müdafiə etməlisən və gəl assuriyalılara qarşı mübarizədə biz kürd xristianlara və ya bizlə bir olan kürd müsəlmanlara yardım et. Belə şəraitdə nə edərsən? Tanışım bir az duruxdu və sonra əgər assuriyalıların tələbində ədalət varsa onları müdafiə edərəm dedi.
Burda artıq hər ikimiz düşüncə çıxmazına girdik. Ədalət nədir? Ədalətin nəliyini, necəliyini kim təyin edir? Kimin ədalət anlayışı niyə və nə üçün, hansı hallarda keçərlidi? Verdiyin ədalət savaşı sən istəməsən də belə, səndən asılı olmadan üçüncü qüvvələrin xeyrinə çalışırsa, onu davam etdirmənin anlamı varmı?
Bu cür sualların sayını istənilən şəxs, sahə, ölkə, zamanla bağlı artırmaq olar. Biz insanlar əslində bir mozaika kimiyik və bu mozaikadakı kiçicik daşlar, şüşələr və s. bizim kimliklərimizdi. Onları bir araya toplayıb bütöv bir şəkil, təsvir yaratmaq bəlkə də mümkündü. Ancaq bu çətindi və düzünü desəm, buna necə nail olmanın yollarını mən bilmirəm. Hamımızda, dini kimlik, milli-dövləti kimlik, etnik kimlik, cinsi kimlik, mədəni kimlik, peşə-ixtisas kimliyi, yalnız içimizdə bizə bəlli olan şəxsi-gizli kimlik kəsişir, uzlaşır, münaqişəyə girir və sonsuz sayda seçimlər yaradaraqdan həyatımızı dilemmaya çevirir. Hansı meyarlar əsasında seçirsiniz? Hansı prinsipləriniz, qaydalarınız var? O prinsip və qaydalar nə qədər elastikdi və ya nə qədər onlar sərtdi? Məncə bunlar üzərində düşünüləsi suallardı. Bunları düşünərəkdən yaşama ayılırıq. Gəlin yaşama birlikdə ayılaq və fərqində olmadıqlarımızın fərqində olaq
.

No comments:

Post a Comment

gündəlikdə axtarış