Thursday, August 27, 2009

Ad günü

Düz bir il bundan əvvəl, məhz bu gün əziz oxucu, ara-sıra baş çəkib cızma-qaralarına göz atdığın bu bloq belə demək mümkünsə, virtual cəngəlliyə göz açdı. Bu gün bloqumun ad günüdür bir yaşı tamam olur. Bu bir ildə əsasən Məsihilik, din, Azərbaycan, teologiya və s. bu kimi din-cəmiyyət mövzularında yazılar qələmləməyə, fikirlərimi sizlərlə bölüşməyə çalışdım. Bu bir ildə nələri öyrəndim bloqçuluqdan? Öz bloqum mənə nə verdi? Öncəliklə öyrəndim ki, bloqları təxmini olaraq iki yerə bölmək olar, ixtisaslaşmış bloqlar və yayğın yəni hər şeydən yazan bloqlar. Mənim bloqum birinci qrupa girir. İkincisi, bunu öyrəndim ki, bloq yazmaq intizam istəyir – bir bloqu yazıb sonra tərk etmək, onu yazıb davamlı yazılan bir gündəliyə çevirməkdən daha asandır. Üçüncüsü, nə qədər qəribə olsa da, öz dilimdə yazmağa yavaş-yavaş yadırğadığımın fərqinə vardım. Yox, ona görə yox ki, ana dilimi pis bilirəm, fikirləmi sərrast ifadə edə bilmirəm. Sadəcə ona görə ki, öz dilimdə davamlı və daha ciddi araşdırmalara dayanan yazılar yazmıram. Dördüncüsü, öyrəndim ki, bir bloq özümüzü öyrənmək üçün əla vasitə ola bilər. Söhbət əlbəttə ordan-burdan copy-paste etməklə yaşadılan bloqlardan getmir. Əgər bloqdakı yazılar əksərən sizə aiddirsə, onları ara-sıra oxumaqla, özünüzün, fikirlərinizin necə dəyişdiyinin şahidi olacaqsınız. Özünü zamanda izləməkdən, arxada buraxdığın fikir izlərinə göz atmaqdan maraqlı insanı nə öyrədə bilər?

Bu gün düzünü desəm, bloqumun ad günü olsa da bir az qanım qaradır. Çöldə yağış yağıb, məşum qaranlıq havanın nəmişliyində torpağın iyindən zövq almağa fürsət vermir. Asfalt yolların cansız örtüyündə ara-sıra sızıldayan mühərrik səsi mənə xatırladır ki, idilliya dolu kənd həyatından uzaqlardayam. Küçədə sükut var. Həyat sükutun diliylə danışır.
Hmmm...bunları bir tərəfə buraxaq, bloqumun ad günündə Məsih inancının kökündə duran bir qavramdan yazmaq istəyirəm. Öz-özümə necə deyərlər ad günü hədiyyəsi olsun. İndi keçək əsas məsələyə. Yuhənnanın şəhadətinə dayanan İncilin başlanğıcında giriş xarakterli maraqlı bir parça var.
“1) Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2) O, başlanğıcda Allahla birlikdə idi. 3) Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4) Həyat Onda idi və bu həyat insanların nuru idi. … 14) Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.” İsəvi teologiyasında bu parça Tanrıdan, Tanrının Sözündən yəni İsa Məsihdən bəhs edir. Ana dilimizə tərcümədə Kəlam kimi verilən söz orijinalda logos sözüylə ifadə olunub. Logos qədim yunancada söz, həm də ağıl/əql/intellekt, başlanğıc prinsip mənasına gəlir. Qədim yunan fəlsəfəsində bu söz, yəni “əql”, “söz” sözü – logos yaradılışın kökündə duran prinsipi, təməl qavramı anladırdı. Yuhənnanın İncilində isə bu söz İsəviliyə və Musəviliyə məxsus qavramı Allahın sözü (və Sözü), söyləmi qavramının yunan fəlsəfəsindən və dünyagörüşündən əsinlənmiş ifadəsi şəklini alır. Allahın sözü (və Sözü)-qavramı nə Musəviliyə, nə də İsəviliyə yad anlayış deyil. Əhdi Ətiqə nəzər salsaq, orda da Rəbbin sözü ifadəsinə çox rast gəlmək olar. Məsihilikdə İsa Məsih özü Allahın Sözüdür. Yuhənna İsa Məsih haqqında qədim yunan kontekstində şəhadət verməzdən öncə də Məsihilər bu qavramla tanış idilər. Mətnə görə Allahın Sözü Allahla birlikdə idi və son nəticədə elə Allah idi. Bu mətn həm də Müqəddəs Üçbir təliminin öyrətdiyi Müqəddəs Üçbirdəki ikinci şəxdən – Sözdən yəni İlahinin Oğlu deyə biləcəyimiz Sözdən bəhs edir. İncilin bu parçasına görə, İlahi hər şeyi öz sözüylə yaratdı. Maraqlıdı ki, Qurana görə də Allah “Ol” dediyi zaman bir şey var olar. İlahinin sözü isə Məsihiliyə görə elə İlahinin özüdür. Lakin, sözü gedən parça sözün İlahiylə eyni olduğunu göstərməklə yanaşı ondan fərqli olduğunu da göstərməyə çalışır. Söz – Kəlam Allahla birlikdə idi və Allah idi. Sözdən öncə varlıq yox idi, varlıq yaranmamışdı. Allah İslamın öyrətdiyinə görə bilinmək istəyən bir xəzinəydi, bilinmək istədi və varlığı yaratdı. Söz yaradılışdan öncə gəlir, Sözdən öncə yaradılış var olub, varlığı var edəni tanımadığına görə, Söz də Yaradanın bir parçasıdır. Varlıq Yaradanı sözlə tanıyır – həmin söz ki, Tanrı onun vasitəsilə özünü bizə tanıdır. Və həmin Söz Tanrıya münasibətdə bir oğulun ataya münasibətdə olduğu kimi mövqeyə malikdir. Bənzətməyə çalışsaq, insanlarda olduğutək, bizim sözümüz, nitqimiz bizdən gəlir, bizi anladır və elə biz özümüzük. Ancaq bizim nitqimiz həm də bizdən fərqlidir. İlahinin sözü də buna bənzərdir. İlahinin sözü dünyanın üstündə qurulduğu prinsipi ifadə edir. İlahinin Sözü, Müqəddəs Üçbirin ikincü üzvü, insanların arasına gəldi, insanların arasında yaşadı. İsa Məsih həmin bu Sözdür və sözügedən parça bunu da anladır.
Kəlamın, yəni İlahi Sözünün, İlahiyə münasibətdə ata-oğul kimi olan sözün bəşər olmasına xristian teologiyasında inkarnasiya deyilir. Bloqda tərcüməsini verdiyimiz Nikea imannaməsi isə həm İlahi Sözün bəşəriləşməsindən, həm də insaniləşməsindən bəhs edir. Yuxarıdakı parça İlahi Sözünün bəşəriləşməsi və insaniləşməsini anladır. Ümumilikdə isə bu ideya, son nəticədə təlim nəyi ifadə edir? Bu təlim onu ifadə edir ki, İlahinin Sözü Nazaret şəhərindən olan İsa Məsihdə vücuda gəlib, insan kimi onda təcəssüm edib, bəşəriləşib və insaniləşib. İsa Məsih elə İlahinin Sözü, onun oğludur. İsa Məsihdə İlahi və insani qovuşur və İlahinin (S)özü İlahi-insan qovuşmasında təcəlla edir. İncillər həm də İlahi Nəfəsinin - Ruhunun Məryəm Anaya bir Oğul doğacağı müjdəsindən bəhs edir. Həmin Nəfəsin Məryəm Anayla qovuşması İsa Məsihin Müqəddəs Ruhdan doğulmasını anladır.
Isa Məsihdə Allahın (S)özü bizə həm açılır, həm də qapanır. Dolayısıyla Allahın Sözü İsa Məsihdə tapmaca (onun cavabı var və açıla bilər) və açmaca (onun bir cavabı yoxdur və tam açıla bilməz) olur. Unutmayaq ki, insan bir şəxsiyyətdir, anlaşılmazdır, mürəkkəbdir və yalnız bir yerə qədər anlaşıla bilər. İnsan İlahi Surətində yaradıldığına görə, İsa Məsihdə İlahinin təcəllası və ya teofani bizə İlahini, - İsa Məsih vasitəsilə hamımızın Atasını - anlatma potensialına malikdir. İsa Məsihdə İlahinin Məbədi – əsil insan olmaq potensialı - özünü mükəmməliyi ilə ifadə edir. Necə? Bizim kimi, bəşəri olmaqla yəni ət-qana, cismə dolmaqla, bədən almaqla və insani yəni bizim kimi sosial münasibətlərə girməklə, insanların ağrı və acılarını, varlığını, güncəl həyatını və ölüm faciəsini bölüşməklə. Isa Məsihdə bunların hamısı İlahi ilə münasibətlər kontekstində baş verir və arxasınca da bir tapmaca buraxır. Deməsi ondan, açması insanlardan...Məsih İnancı və Tanrı bu şəkildə həm açılır, həm qapanır və bir əsrarəngizliyi ifadə edir.
Bu bloqun adı da İsa Məsihə - həm bəşəri, həm də İlahi olan Sözə, Oğula, Bəşərilahiyə istinad edir. Məncə bu qədəri indilik yetər. Özümü bloqumun ad günündən dolayı təbrik edirəm..
.

No comments:

Post a Comment

gündəlikdə axtarış