Friday, August 28, 2009

Protestantizmin əsas prinsipləri

Düşündüm, nədən yazım nədən yazmayım, belə qərara gəldim ki, Protestantları birləşdirən, daha doğrusu onun kökündə duran bəzi prinsipləri yazım. Ancaq öncə göz ataq görək, Protestantizm necə yaranıb. Ən qısa və ən ümumi şəkildə deyilsə, Protestantizm Avropada reformasiya ilə başlayır. Reformasiyanın başlanmasının bir çox siyasi-iqtisadi səbəbləri var. Sırf dini səbəb Roma kilisəsinin indulgensiya praktikasını bir qrup xristianların rədd etməsidi. Orta məktəbdən xatırlayırsınızsa, indulgensiya ölmüş insanların ruhunun bağışlanması üçün kilisəyə pul verilməsini nəzərdə tutan praktikaydı. Bu praktika ilə Alman teoloqu Martin Lüter razılaşmır və ona qarşı çıxır. Bundan sonra da kilisə sistemində islahatların aparılması ideyası ortalığı qarışdırır. Bu, təxminən 1517-20-ci ilərldə baş verir.

Protestantizm Reformasiya hərəkatıyla iç-içə oluşub və günümüzdə yayğın, saysız-hesabsız bölünmələri olan bir budaqdır. Bir qayda olaraq protestantların təməl saydığı prinsiplər aşağıdakılardır: 1) Əzəmət sadəcə Tanrı üçün – bu prinsip onu ifadə edir ki, insan həyatında və ümumiyyətlə yaşamda edilən hər şey insanın özünü deyil, məhz Tanrını, Yaradanın əzəməti üçündür və bütün möhtəşəmlik istər məqsəd, istərsə də haqq olaraqdan Allaha şamil edilməlidi. 2) Yalnız Lütf vasitəsilə. Bu prinsip onu anladır ki, insanı günahlarından xilas edən və onun Tanrıya yaxınlaşdıran insanın əməlləri deyil, Tanrının Lütfkarlığıdı. Onun lütfkarlığı insanın qurtuluşunda həlledici rola malikdi. Tanrı önündə öz əməllərinə güvənərəkdən, sanki Tanrı insana borcluymuş kimi ondan qurtuluş və ədalət tələb etmək mümkün deyil, çünki biz hər nə qədər çalışsaq da təbiətimizdəki günahkarlıq əməllərimizi puç edir və yalnız Tanrı Lütfkarlığı insanı qurtarır. 3) Yalnız inancla. Bu prinsip insanın inancının onun qurtuluşu üçün əməllərindən önəmli olduğunu ifadə edir. İnsanın Tanrı tərəfindən bağışlanması onun əməllərindən qaynaqlanmır – Tanrının İsa Məsihdə insanlara bağışladığı qurtuluş hədiyyəsini ancaq inancla qəbul edərlər. Tanrının İsa Məsihdə insanı təmizə çıxarmasına inanc onun qurtuluşuna səbəb olur. 4) Yalnız İsa Məsihdə. Bu prinsip insanın qurtuluş üçün İsa Məsihin gərəkən qurban kimi özünü verdiyinin yetərli olmasını vurğulayır. Roma Papasının indulgensiyasına, övliyaların dualarına, öz əməllərinizlə qurtuluşa qovuşmaq məqsədilə çalışmanıza ehtiyac yoxdu. 5) Yalnız Müqəddəs Yazılar vasitəsilə. Bu prinsip o deməkdir ki, sizin qurtuluşunuz üçün mərkəzi və zəruri qaynaq Müqəddəs Kitabdı. Mütləq bir kilisəyə üzv olmaq, əlavə adət və ənənələrə riayət etmək mümkündü ancaq zəruri deyil. Bibliya özü-özünü şərh edən kitab kimi digər institutları əvəz edir.
Diqqət etdinizsə, “yalnız” sözü çox işlənir bu prinsiplərdə. Səbəbini anlamaq üçün Protestantizmin yarandığı kontekstdə baxmaq gərəkir. “Yalnız” sözü ondan irəli gəlir ki, Reformasiyadan öncəki dönəmdə katolik kilisə insanların qurtuluşu üçün çoxlu əlavə qayda və şərtlər müəyyənləşdirmişdi. Məsələn, qurtuluş üçün kilisəyə getmək və kilisənin qoyduğu qaydalara riayət etmək, Roma Papasına tabe olmaq istənilirdi. Protestantlarsa bununla razılaşmırlar və yalnız Müqəddəs Yazıların yetərliliyini, indulgensiyaya qatılmaq və kilisə qaydalarına riayət etmək əvəzinə yalnız İsa Məsihdə Tanrı təcəllasına inanmağın önəmliliyin vurğulayırlar. Bundan başqa bəzi prinsiplərin yanlış anlaşılma ehtimalı görülür. Məsələn yalnız inancla prinsipini oxuyan biri, əgər prinsipin arxasında nə durduğunu bilmirsə bunu Allaha inanıb istədiyini etmək, tövbə etmədən yaşamaq və istədiyi kimi hərəkət edib qurtulacağına inanmaq kimi şərh edə bilər. Belə deyil. Protestantlar canlı inanc və ölü inanc qavramlarını ayırırlar. Ölü inanc Allaha inandığını düşünən lakin inancına uyğun yaşamayanın inancıdı. Beləsi qurtulacağını düşünsə də, Bibliyanın öyrətdiyi kimi, Müqəddəs Ruhdan təsirlənib “meyvə gətirmədiyindən”, onların inancları ölüdü. Meyvə əməli anladır. Tanrıya gerçəkdən inanan birisi və yalnız inancı vasitəsilə qurtulacağına güvənən insan meyvə verməlidi, yəni Tanrının qurtuluş hədiyyəsinə uyğun yaşamalıdı. Təvazökar, dua edən, ümidli, sevgi dolu, mərhəmətli və s. və ia olmalıdı. Bunları həyata keçirən insanın inancı diridi, canlıdı. Ancaq meyvə verən insanı qurtaran etdikləri deyil inancıdı. Çünki o inanaraqdan belə yaşayır. Belə yaşamır ki, inanıb qurtarışa varsın. Başqa sözlə deyilsə, sizin inancınız hərəkətləriniz üzərində üstünlüyə malikdi və bu o deməkdi ki, inancınız hərəkətlərinizi törədir (hərərkətlərinizin inancınıza təsir etməsi inkar olunmaz, ancaq vurğu əməlin üzərində deyil, inancın üzərindədi). Yalnız inancla prinsipi həm də onu anladır ki, konkret qaydalara bağlanaraqdan qurtuluş əldə edilməz. Yəni səhər saat 6-da namaz qılım, yoxsa cəhənnəmə gedərəm deyə bir qayda sizi qurtarmaz. Əgər o qaydaya bağlılıq içdən gəlirsə, ona riayət etmək mümkündür, lakin önəmli olan qayda deyil, ona rəvac verən prinsipdir. Qaydanı dəyişmək, modifikasiya etmək olar, əsas odur ki, içdəki prinsip və qırım sabit olsun.
Bütün prinsiplərin arxasında beləcə bir bilgi yatır və dərinə getmək istəyən araşdırıb bunu çıxara bilər. Mənim vurğulamaq istədiyim budur ki, əgər ilk baxışdan bu prinsiplər səs vermirsə, bir az dərinə getməyə çalışın. Arxasında sizə səs verən çox şey ola bilər.

No comments:

Post a Comment

gündəlikdə axtarış