Müqəddəs Kitabın bir parçası olan Vaiz kitabında (Vaiz 3:1-13), vaxt, Tanrı və insanlarla bağlı maraqlı deyimlər var. Onlardan birini bura yazıram:
Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:
Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.
Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı. Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.
Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı. Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı.
Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı. Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı.
Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı. Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.
Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı. Susmağın öz vaxtı, danışmağın öz vaxtı.
Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı. Müharibənin öz vaxtı, sülhün öz vaxtı.
İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?
Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.
Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.
Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur.
Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.
İndi payız gəlib və bu payız vaxtında mən də yavaş-yavaş payızlaşıram. Bakıda payız hər zaman mənə qəhvəyi, boz, palçıqlı rənglərlə qonaq gəlirdi. İndi payız mənə sarı, qırmızı, qızılı, bəzən də yaşıl rənglərlə gəlir. Payız mənə çox şeyləri xatırladır. Payızın vaxtı mənə insan həyatının payızını, təkrar-təkrar, fərqli şəkillərdə keçməsi gərəkən dönəmlərini anımsadır.
Azərbaycanda bir şeyin (böyük-kiçik) yerini bilmək, sözünün yerini bilmək, sözünün dalını-qabağını bilmək kimi bir deyim var. Diqqət edin ki, burda önəm, sözün önəmi, şeyin önəmi məkan konseptində ifadə edilir. Sözün yeri, sözün dalı və qabağı – bunlar məkanla, yerlə bağlı qavramlardı və sözə keçirilir.
Müqəddəs Kitabda isə bunlar həm də zamanla ifadə edilir. Əslində hər şeyin zamanı, öz vaxtı olduğu universaldı və bütün kültürlərdə fərqli şəkillərdə anladılmışdır. Evliliyin öz vaxtı var. 5-6 yaşında evlilik bizə absurd görünər fərqli səbəblərdən və o səbəblərdən biri də budur ki, 5-6 yaş evlilik yaşı deyil. 5-6 yaşda yetişmirlər. Bu vaxt evlilik vaxtı deyil.
Vaiz kitabı hikmət ənənəsinə aid edilən kitablardan hesab edilir və bu kitabda da vaxtdan, vaxtın önəmindən, hər şeyin vaxtının olmasından danışılması heç də təsadüfi deyil. Zamanın nəbzini tutmaq, həyatımızdakı zaman işarətlərini oxumaq, Tanrının açdığı fürsət qapılarından vaxtında keçmək və üzümüzə bağladığı sirli qapıların önündə çox ləngiməmək də yaşamımızın metafizik vaxtını anladır. Şərin önümüzə sərdiyi üzücü vaxtdan çıxmaq, keçmişi unutmasaq da onunla yaşamamaq, gələcəyi yaşamasaq da onu unutmamaq: hamısı vaxt, zaman və məkandı. Zamanı, vaxtı necə tutmaq olar? Ağlayacağınız vaxtı, sevinc və sevişmək vaxtınızdan necə ayırmaq olar?
Həyatınızdakı çox şeylərin vaxtını bilmək, tanımaq müdrikliyinizin bir parçasıdı.
Vaxtınız varmı?...
No comments:
Post a Comment