Tuesday, October 20, 2009

Azərbaycan Mədəniyyəti və İsəvilik - 2


İndi keçək Yeni Əhddə mədəniyyətə münasibət mövzusuna. Öncəliklə bunu deyim, Məsihilikdə bir mücərrəd mədəniyyət qavramı yoxdu. Məsihilik özü bir mədəniyyət kimi özündən öncəki mədəniyyətlərdən alıb götürüb, onların beşiyində böyüyüb. Bununla yanaşı sırf təsviri baxış bucağından yanaşsaq, Bibliyada mədəniyyətə və ya ayrı-ayrı mədəni praktikaya, ənənəyə münasibət hec də hər zaman birmənalı olmayıb. İlkin İsəvilərlə yerli mədəniyyətlər arasında kəskin bəzən gərgin, bəzən ikibaşlı münasibət olub.


 Buna iki misal verəcəm: 1) Yəhudi dini qanunlarına/şəriətinə münasibət, 2) Yunan politeizminə münasibət. Musəvilikdə şəriət daha doğrusu dini qayda-qanunlara riayət etmək çox önəmlidi – eynilə İslamda olduğu kimi. İlkin məsihilər İsa Məsih hadisəsi ilə yəhudi dini qanunu arasında bir əlaqə görürdülər. Həmin əlaqəyə əsasən İsa Məsih qanundan-şəriətdən yuxarıda dururdu və Şəriətin sıxıcı-boğucu özəlliklərini, xırdalıqlarını ləğv edirdi, çünki İsa Məsihdə Rəbbin qurtarıcı mərhəməti Qanundan\Şəriətdən ayrıca, ondan üstün olaraq açıqlanıb göstərilmişdi. Bu yanaşmada Əhdi Cədid yazarları yəhudi mədəniyyətinin və dininin bir parçası olan dini qaydalara, daha doğrusu onun Musəvilikdə anlaşılan şəklinə və roluna qarşı çıxırlar, onu rədd edirlər. Beləcə Yəhudi mədəniyyətinin bir parçası qəbul edilmir. Bunun ən konkret təzahürü Əhdi-Cədiddə görülən sünnət məsələsidi. Məsihiləri sünnət etməyə ehtiyac varmı? Sünnət olmaq Musəvilikdə Yəhudi olmağa bərabərdi. Məsihilik isə bunu rədd edir və bunu rədd etməklə əski mədəniyyətdən bir elementi tərk etmiş olur. Yunan politeizminə münasibət də buna bənzərdi. Qədim yunanlarda və latınlarda çoxallahlılıq yayğın idi. İnancın, mədəniyyətin bir parçası kimi, yunan sivilizasiyasında çoxlu məbədlər, qurbankəsmə üsulları, kahinlik sistemi və s. vardı. İlahinin təkliyi kimi fundamental vəhyə sadiq qalan Xristianlıq bu politeizmi, məbədləri, kralların ilahiləşdirilməsi və onlara ibadət edilməsi kimi haqq-hesabları rədd edir. Yeni Əhddə bunun ən bariz nümunəsi bütlərə kəsilən qurbanlıq heyvan ətinin yeyilib-yeyilməməsi haqda mübahisədi. Bir sıra istisnalar və belə demək mümkünsə əqli-ruhi manevrlər vasitəsilə Yeni Əhd yunanlar arasında geniş yayılmış bu praktikanı rədd edir: bütə qurban verilmiş heyvan ətini yemək və ya bu məqsədlə təşkil edilən ziyafətlərə qatılmaq arzuolunmazdı. Ancaq İsəvilik həm də istər Musəvilik/Yəhudi mədəniyyəti istərsə də Yunan mədəniyyətindən bir şeylər mənimsəyib. Məsələn, teologiya sözü özü və bu sözün ifadə etdiyi düşüncə diskursu yunan mədəniyyətindən mənimsənilib və daha öncəki bütpərəstliklə formaca bir əlaqəsi vardı. Ənənəvi Xristian teologiyasında işlədilən terminologiya və bunun arxasında duran konseptlərin böyük bir qismi yunan mədəniyyətindən gəlir ki, onun da kökü Məsihilikdən öncəki dünyagörüşünə bağlanır. Yəhudi mədəniyyətilə bağlı buna bənzər mənimsəmələr baş verir. İlkin Məsihilərin ibadət şəkli, sinaqoqlarda toplaşmaları və dua etmələri əsasən yəhudi təsirinin nəticəsidi.
Başqa sözlə desək, Müqəddəs Kitabda mədəniyyətə və fərqli mədəniyyət praktikalarına (qonaq qəbul etməkdən tutmuş, içtimai yerdə özünü aparmağa qədər) münasibət yaradıcı, gərgin və çoxmənalı, yayğındı. Məsihilik bir mədəniyyəti topdan almır və heç bir mədəniyyəti də, Müqəddəs Kitabın öyrətisinə baxsaq, topdan rədd etmir. İsəvilikdə mədəniyyətə yanaşma tənqidi təməllər üzərində qurulub. Xristian teologiyası da buna uyğun olaraq, vəhy üçün mədəniyyətin qaçınılmazlığını, önəmini tanıyır eyni zamanda da mədəniyyətlə Xoş Xəbər, İncil, Müqəddəs Kitab, İsəvilik praktikaları arasında bir məsafə buraxmağa çalışır ki, biri digərində əriyib həll olmasın. Bu cür yanaşma çağdaş İsəvilikdə də görülür. 20-ci əsrin əvvəllərinə qədər bəzi missionerlər getdikləri ölkələrdə insanların vəhyi anlaması üçün onlara öz dillərini öyrətməyə səy göstərmişlər. Başqa qrup missionerlər isə bunu rədd edirdilər, getdiklərin yerin adət və ənənəsini qəbul edir, dilini öyrənirdilər ki, Xoş Xəbəri tanıda bilsinlər. Mədəniyyətə bu cür əksqütblü münasibəti, daha çox müsbət tərəfdən, Bibliyanın tərcüməsi fəaliyyətlərində görmək olar. Qurandan fərqli olaraq, yunanca və ya İbranicə müqəddəs dil kimi görülmür, Bibliyanı hər dilə tərcümə edib, elə o tərcüməni də ibadətdə istifadə etmək olar – bir qayda olaraq. Başqa sözlə, Müqəddəs Kitab özü sizin mədəniyyətinizə, dilinizə gəlir, sizi başqa dildə ibadətə məcbur etmir.
İzninizlə daha sonrakı haqq-hesablara dalmazdan öncə yekunlaşdıraq: İsəvilikdə mədəniyyət və mədəniyyətdə İsəvilik mövzusuna biz iki səviyyədə, teologiya və müqəddəs kitab səviyyəsində baxdıq. Belə nəticəyə gəldik ki, Müqəddəs Kitab və teoloji diskurs mədəniyyətin önəmini tanıyır və mədəniyyətə tənqidi münasibəti gərəkli edir.

2 comments:

  1. aferin size islamai bir erebcenin din olaraq qeleme verdiyinize gore ..Sonda soylediyiniz fikirlede bu fikri ort basdir etmir..
    yeginki anlamish olmamish deyisiniz erebceden ercume dilem her bir fikir sadece mezmunu anlatmaqdan otru tercume edilir..Mezmunsa hele bu netnin esas demek deyil..ele mehz buna gorede Quran ayeleri tercume olunmur...Tehrif olma ehtimali olduguna gore...
    Kechek Incil veya ehdi eqid ile ehdi cediq de
    bunlarin tercume edilmesinde o qeder kenara chixmalar varki sadece ele buna goremidir ki her il bu kitablar yeniden anlashilsin deye toplanir ve yeniden redakde olunur ve yeni versiya kitab hazirlanir...Ver defesindede evvelki fikirlere yeni readaktoloji fikirler elave olunurki buda sizin achiqliq getirdiyiniz meqamlara yeniden bu ehkamlarin modifikasion munasubetleri uze chixir..
    He birde yeginki bilmish olarszi bu chox mehshur infonu ki yahudiler oz ushaqlarina musevilik ,ehdi eqid ,ehdi cediqi anlatmaqdan otru eski ibraniceni ,eski elifbani eski israilceni oyredirlerki sonradan ehkamlarin ehtiva etdiyi anlamlar tercume edilib kenar anlamlari daxiline qatmasi ,ancaq bunula bele musevilikde anlayishlar bir qeder onu teblig edene ve zamanina gore ferqali vaxtlarda geldiyine gore demek olarki bir neche hokmler varki onlari helede iseviliyin getirdiyi anlayishlarla bir arada istifade edirler...

    ReplyDelete
  2. Əziz insanların birisi,

    Mən bu postumda İslamın ərəbcəsi haqqında özəl bir şey söyləməmişəm. Ola bilər ki, daha sonrakı postlarımla bağlı bunu yazmısınız. Mənim söylədiyim budur ki, İslam Ərəb mədəniyyətinə və adətlərinə Xristianlıq Yunan və Yəhudi mədəniyyət və adətlərinə olduğundan çox daha yaxındı və bu əlaqə də məncə İslamın xeyrinə işləmir.
    O ki qaldı Bibliyanın tərcüməsinə, Quranın isə tərcümə olunmaması məsələsinə Məsihilik və İslam vəhy ideyasını fərqli anlayır, ona görə də tərcüməyə fərqli münasibətləri var.

    ReplyDelete

gündəlikdə axtarış