Monday, October 26, 2009

Azərbaycan Mədəniyyəti və Məsihilik - 3


Bəs mədəniyyətə tənqidi münasibət nə deməkdir və bunun Azərbaycanda İsəvilik haqq-hesabına nə aidiyyəti var? Öncəliklə bunu söyləyim, mədəniyyətə tənqidi münasibət mədəniyyətdə hər şeyi ağına-bozuna baxmadan tənqid etmək deyil. Mədəniyyətə tənqidi münasibət mədəni praktikanı Müqəddəs Kitabın, Məsihiliyin, tarixi, içtimai, şəxsi, elmi, fəlsəfi və əqli təcrübənin süzgəcindən keçirib dəyərləndirməklə ona məsihicə/bibləvi yanaşım (mövqe) oluşdurmaq deməkdi. Bir mədəni təcrübəni öncədən, düşünmədən və ruhən hiss etmədən yarğılamaq, almaq və ya rədd etmək mədəniyyətə bibləvi tənqidi münasibətin əksidi. Buna görə də mədəniyyətə tənqidi münasibət, mədəniyyətə düşünülmüş və özünə ayılmış (yəni mədəniyyət-obyektlə, ona münasibət formalaşdıran subyekt-düşünən arasındakı fərqi və bu fərqin formalaşdırılan münasibətə təsirini tanımaq) münasibət kimi də söylənə bilər (tənqidi münasibət sözü sizi dolaşdırırsa düşünülmüş münasibət sözünü işlətmək olar).

Müqəddəs Kitab bu cür yanaşmanı vurğulayır və tarixən ağlı başında, ürəyi sinəsində olan məsihilər də bu yanaşmanı Müqəddəs Kitabda görməyi bacarmışlar.

Bunun isə, Azərbaycanda İsəvilik haqq-hesabına düzünəqulu aidiyyəti var: həm nəzəri, həm də təcrübi. Ancaq öncə Azərbaycan mədəniyyəti haqda. Belə razılaşaq ki, Azərbaycan mədəniyyəti, Azərbaycanlıların ortaya çıxardığı və onları Azərbaycanlı kimi xarakterizə edən yaşam təcrübəsinə, onun ifadəsinə və nəsildən-nəsilə ötürülmə şəklinə deyilir. Bu anlayışın kökündə tavtologiya durduğunu özüm bəri başdan deyim. Ancaq bu anlayışın özəlliyi də elə bu tavtologiyadadı: Azərbaycanlı deyəndə ağlınıza nə gəlirsə, və o Azərbaycanlını Azərbaycanlı edən nədirsə, onları o mədəniyyət anlayışına daxil edin. Hər bir Azərbaycanlı şəxs-oxucu ciddi niyyətlə hər nə qədər fərqli şeyləri o mədəniyyət qavramına öz dünyagörüşündən, təcrübəsindən daxil etsə o daxil etdiyi elə o mədəniyyətin tərkib hissəsidi. Bu yolla sizin Azərbaycanlı kimi o ölkədə yaşadığınız şəxsi təcrübəniz də bu anlayışa girir: bütün ümumiliyi, içtimailiyi fərdiliyi və şəxsiliyi ilə birlikdə.

Bu bizim danışdığımız və sizin də qafanızdan və yaşantılarınızdan oluşdurduğunuz Azərbaycan mədəniyyəti və İsəvilik arasında tarixi əlaqə var. Azərbaycan mədəniyyətinin formalaşmasında tarixən İsəvilik iştirak edib. Özü də bir deyil, üç yolla: 1) sırf tarixi fakt baxımından, Azərbaycanda və ümumiyyətlə Azərbaycana çox yaxın ərazilərdə Xristianlıq olub və var. İslamdan öncə bu ölkədə Məsihilik vardı və bu inancın lal-daş şahidləri indiyə qədər də durur. Azərbaycan cəmiyyətinin bir parçası olan Udinlər bu tarixi faktın canlı şahidləridi. Xalq ədəbiyyatında da Məsihi, Xristian inancı az-çox gözə dəyir. Əsli və Kərəmdə Əslinin atası keşişdi, molla deyil. Klassik ədəbiyyata nəzər salın və Nəsiminin bir erməni gözəlinə həsr etdiyi qəzəl önyarğılarınızın ayağına ilişəcək. 2) Dinşünaslıq və tarixilik baxımından Azərbaycanda Məsihilik həm də İslam vasitəsilə mədəniyyətimizlə əlaqəyə girir. Unutmayaq ki, İslam və Məsihilik hər ikisi İbrahim dinidi və ya İbrahimdən gəldiyini iddia edir. Tarixi fakt isə budur ki, hər iki inanc semit mədəniyyətindən qaynaqlanır və yaxınlıqları var. Bundan başqa Məsihilikdən bir çox ideyalar, nüanslar, İslama və İslam vasitəsilə də Azərbaycan(lılar)a keçib (İynənin (yoxsa kəndirin?) gözündən keçən dəvəni xatırlayın). 3) Siyasi baxımdan yaxın tarixdə Azərbaycanın ruslar tərəfindən işğalı və Azərbaycana rusların köçü də bu dinin ölkəmizdəki mədəniyyətlə, siyasi ab-havayla, Azərbaycandakı Xristian obrazı və stereotipiylə əlaqəsinin bir yoludu. Bundan gələ biləcəyimiz ən qısa nəticə budur ki, Məsihilik Azərbaycan mədəniyyətinə ümumilikdə yad deyil. Əhdi-Ətiqdəki on nəsihətin günümüzdəki Azərbaycan mədəniyyətinə yaxınlığı, Yeni Əhddəki bir çox mədəni təcrübənin bizə yaxınlığı (qonaqpərvərlik onlardan biridi) bundan xəbər verir.

Ancaq bu əlaqə çox zəifdi, onu mədəniyyətin içində tapmaq üçün çox şeyləri alt-üst etmək lazımdı. Bu zəifliyin fərqli səbəbləri var, biri də budur ki, Azərbaycanda hakim din İslamdı, çoxluq az-çox müsəlmandı və məsihiliyin İslamdan qədim təsiri bu çoxluğun içində it-bata düşüb. Bu isə əslində Məsihiliyin Azərbaycan mədəniyyətinə yenidən, canlı və müsbət təsiri üçün ilginc təməllər yaradır. Bu canlı, yeni, müsbət təsir də Azərbaycan mədəniyyətinə İsəviliyin və məsihinin tənqidi və ya düşünülmüş münasibətidi. İcazənizlə, burda bir az yazını xırdalamağa (analiz mənasında) çalışaq. Bir yandan Məsihilik binayi-qədimdən Azərbaycanda olub, var və bu Azərbaycan mədəniyyətilə fərqli yollarla əlaqədədi. Başqa yandan da bu ilişki o qədər zəifdi ki, onu hər yerdə görmək, tanımaq olmur. Bu, bir yöndən İsəviliyi Azərbaycan mədəniyyətinə yaxınlaşdırır, ona doğmalaşdırır, digər yöndən isə Xristianlığı mədəniyyətin içində tam əritmir, mədəniyyətlə inanc arasındakı fərqi itirmir (İslamda olduğu kimi) və buna görə də Məsihiliyə Azərbaycan mədəniyyətindən fərqli, ondan az-çox məsafədə duran mənbə, qaynaq, vəhy və düşüncə olmaq fürsəti yaradır. Nəzər alaq ki, İsəviliyin bəzi yolverdiyi şeylər Azərbaycanın ümumi, ənənəvi, stereotipik və mərkəzdə olan mədəni praktikalarına tərs düşür: İsa Məsihin İlahiləşdirilməsi, donuz əti yemənin və şərab içmənin qadağan edilməməsi. Bu fürsət, bu fərqlilik və yaxınlıq da Məsihiyə və məsihiliyə Azərbaycan mədəniyyətinə tənqidi yanaşmağa təməl, haqq, imkan verir.

Bu tənqidi yanaşma yetənəyi nəzəri deyil, həm də praktikidi və hər bir məsihi bunu həyatında tətbiq edə bilər. Bu nə deməkdi? Bu o deməkdi ki, Azərbaycan mədəniyyətinin bir parçası saydığınız hər bir praktikanı, təcrübəni topdan almağa gərək yoxdu. İsəvilik ümumi özəllikləri, dəyərləri Azərbaycan mədəniyyətinə kəskin və diametral tərs düşməyən bir şeylər verir ki, onun vasitəsilə də bu mədəniyyətlə içdən ilişkiyə girib isəvi kimi tənqidi yanaşmaq, onu müsbətə doğru dəyişmək olar və öz yaşamımızda da inancımızın gözüylə bir şeyləri dəyişdirə bilərik. Məsələn, namus üstündə adam öldürmək kimi bir adətdən vaz keçmək istəyirsinizsə, Azərbaycanlılığınızı bir tərəfə qoyub bağışlamanın öldürməkdən, daşlamaqdan daha önəmli olduğunu anlayıb bunu edə bilərsiniz. Arvad daşlamaq, qıza əyri baxmaq üstündə adam yortmaq əgər sizin qafanızda Azərbaycanlı olmaq deməkdirsə, onda Məsihin Xoş Xəbəri sizi öz Azərbaycanlılığınızın bir elementi ilə inancınızın önəmli özəlliklərindən biri arasında seçim etməyə çağırır: İsa Məsih daşlanası qıza ilk daşın günah işləməyən biri tərəfindən atılmasını istəmişdi. Siz o daşı atacaqmısınız? Və ya ənənəvi Azərbaycan mədəniyyətinin bir parçası hesab olunan başqa praktikaya baxaq: qonaqpərvərlik. Əgər sizin təcrübəniz bu praktikanı Azərbaycanlılığın bir parçası kimi görürsə, o zaman onu istədiyiniz qədər gəlişdirin: Məsih inancı qonaqpərvərliyi rədd etmir. Ancaq Məsihilik həm də, inanclıya Azərbaycan mədəniyyətindən kəskin fərqlənən və həmin mədəniyyətin bəzi özəlliklərini dəyərləndirmək üçün başqa vasitələr, dəyərlər də verir və İsəviliyin Azərbaycan mədəniyyəti ilə o qədər də iç-içə olmaması həmin bu uzaqlığı tənqidi və müsbət, həm də yeni, yaradıcı imkantəki tətbiq etməyə yol açır. Hər bir isəvi bundan yararlanmalıdı.Çağdaş Azərbaycanın sosial-içtimai həyatına İsəviliyin nüfuz etməsi, yerli inanc kimi İsəviliyin çağdaş ideyalar mühitinə gəlməsi əslində bizim ölkənin onsuz da fərqli ümumiləşdirici-standartlaşdırıcı təsirlərdən kasadlaşan mədəni landşaftını zənginləşdirir. Bu bizim mədəniyyətin müxtəlifliklə zənginləşməsi deməkdi. Bu insanlarımızın İlahi ilə münasibətlərini ifadə etmək üçün daha fərqli kanallara malik olması deməkdi. Bu Azərbaycan mədəniyyətini dinlərin qovuşduğu və dil tapdığı bir mədəniyyətə çevirir və onun dəyərini artırır. Bütün bu yazdıqlarım əslində o kəslər üçündür ki, onlar Azərbaycan kimliyini bir ideya kimi qoruyub saxlamaqda və ya gəlişdirməkdə maraqlıdırlar. Ancaq əlbəttə ki, bunda maraqlı olmayan məsihilər də vardır və onlar üçün Azərbaycan mədəniyyəti ilə İsəviliyin necə münasibətə girməsi yerli-dibli önəmli deyil. Əgər sizin üçün də Azərbaycanlı kimliyi sadəcə siyasi kimlik oyunudursa, onda burda oxuduqlarınızı unutmaqda haqlısınız: bundan çətin bir şey alasınız. Bununla belə, Azərbaycan mədəniyyəti, kültürü bir dəyərli kültür kimi məncə, Məsihiliklə daha da zənginləşə bilər və şəxsən bu məsələyə biganə olmadığıma görə də yazıram. Mənə elə gəlir ki, hər bir İsəvi öz inancından ölkəsinə, öz ölkəsindən də inancına tənqidi yanaşmaqla bir şeylər verə bilər və bunun üçün çalışmaq lazımdı. Bunun üçün də mədəniyyət və inanc arasındakı münasibətə burada göz atdıq.

No comments:

Post a Comment

gündəlikdə axtarış