Thursday, November 5, 2009

İnanışlı Gülməcə, Gülməcəli İnanış


Bir gülməcə eşitmişdim ya oxumuşdum, uzun illər bundan öncə. Deyilənə görə, bir gün Molla Nəsrəddinə camaat sual verir ki, ay Molla, dünya niyə əyri-üyrüdü? Molla cavab verir ki, bəs altı gündə yaradılan dünyadan nə gözləyirsiz?





Maraqlıdı, Bibliyaya görə, dünya altı gündə yaradılıb. Bu altı günün nə olduğunu və ümumiyyətlə nə demək olduğunu yəqin ki, Allahın özündən başqa heç kim düz-əməlli başlı bilmir. Bir çox müəlliflərin iddiasına görə altı gün bizim anladığımız kimi 6 gecə-gündüzü anlatmır və ümumiyyətlə Başlanğıc kitabında təsvir olunan yaradılış hekayəti yaradılışı hərfi deyil, poetik təsvir edir: həmin təsvirdə məqsəd Allahın kainatı necə yaratdığını insanlara məruzə etmək deyil, insanlara yaradılışın Rəbbdən gəldiyini, onun gözəlliyini və s. anlatmaqdı. Bunu əlbəttə qəbul etməyən xristianlar da var: bir qayda olaraq fundamentalist isəvilər Bibliyanı olduğu kimi hərfi-hərfinə, üzdə olan anlamıyla anlarlar və israr edərlər ki, Yaradan yeri-göyü doğrudan doğruya altı günə yaradıb.
Doğrusunu ancaq Gizlinlərin Qaynağı bilər. Məni bu kiçik hekayətdə, gülməcədə çəkən onun bizi anlamağa çağırdığı qat-qat anlamlardı. Əlbəttə hər qazan ordan bir anlam çıxarar, ancaq bu qədər kiçik, qısa bir gülməcədə insanların ordan anlam çıxartması üçün düşüncələrinə rəvac verən düşünümlər içləmək özü də bir bacarıqdı.
Dünya niyə əyri-üyrüdü? Sorunu genişləndirsək, dartsaq, ucundan tutub ucuzluğa getsək soruya-soru calamaq olar. Dünyada, yaradılışda niyə bu qədər forma, məkan, zaman, vaxt, səbəb, nəticə var? Niyə əzab sevincə, sevincə də ötəriyə qarışıb? Yəqin ona görə ki, Tanrı belə yaradıb. Yəqin belə yaradıb ki, insanlar sorsunlar. Yəqin insanların sormasını istəyib ki, onun yaradılışda buraxdığı izlərə çıxsınlar. Yəqin insanların o izlərə çıxmalarını istəyib ki, Mövcudatın Qütbünə yönəlsinlər. Yəqin o əbədi, Mütləq Qütbə yönəlmələrini istəyib ki, insanlar varlıq məhvərində dönüb-dolanıb qurtuluşa çatsınlar. Yəqin insanların qurtuluşa çatmasını istəyir çünki sonucda Sevgilər Qaynağının öz surətinə vermək istədiyi elə budu: Sevgi, mərhəmət, acıları bölüşmək... .

No comments:

Post a Comment

gündəlikdə axtarış