Friday, November 20, 2009

Ədalət üçün tanıqlıq: ədalətin yolu - 3




İlahi Tapınağı olmaq bir özəllik kimi həm də ədalətsizliyə qarşı durmağı içərir. Ona görə yox ki, biz özümüz ədalətsizlik etmirik və İsa Məsihə inandıqdan sonra, onun vasitəsiylə Müqəddəs Ruhda Ataya döndüyümüz zaman bütün günahlardan uzaqlaşırıq və heç vaxt ədalətsizliyə yuvarlanmırıq. Belə deyil. Məsihiliyin ana şərtlərindən biri insanın öz gücünə özünü çiysüdəmmişlikdən qurtara bilməyəcəyini tanımasıdı. Biz Məsihə inansaq da ara-sıra çiysüdəmmişlik öz işini görür. Deməli, İsa Məsihə inanmaq hələ ədalətsizlikdən, çiysüdəmmişlik təzahürlərindən biryolluq, birdəfəyə və tamamən qurtarmaq anlamına gəlmir. Bəs onda ədalət üçün tanıqlıq etmənin anlamı nədir? Ədalət üçün tanıqlıq etmək İsa Məsihin geri gələcəyinə və bir gün hər kəsin onun qarşısında durub mühakimə ediləcəyinə inancdan, bizim o mühakimədə Tanrı Tapınağı kimi sorğu-sual ediləcəyimizi anlamaqdan, bizim Müqəddəs Ruh vasitəsilə İsa Məsihi özümüzə sindirməyimizdən, onu həvari Paulos demiş, geyinməyimizdən doğan ümiddən başlayır. Biz Tanrı Tapınağı olmaq yetənəyini yaşamağa çalışdığımız üçün Tanrı adına, Tanrının başqalarına olan sevgisi üçün və Tanrının dəyər verdiyi bütün yaradılış üçün ədalətli olmağa çalışmalıyıq. 



Tanrı ədalətsiz deyil: onun insanlara əl uzatdığı canlı məbədləri də ədalətsiz olmaqdan bütün ciddi-cəhdlə yan gəzməlidirlər. Bu, esxatoloji ümiddir. (Esxatos – yunanca: son, məşhər anlamında). Hər şeyin sona yetişəcəyi və bu sonda İsa Məsihin sevgi və mərhəmətinin qalib gələcəyinə sonsuzadək həm də tərs kimi ümid etmək və bu ümiddən doğan yaşam esxatoloji ümid adlandırıla bilər. Məsihi olan inanır ki, İsa Məsihin dönüşündə İlahinin sevgisi, ədaləti və bağışlaması biri-birilə qovuşacaq və bu ümid İsəvini indidən onun üçün çalışmağa sövq edir. Bir İsəvi buna inanıb bu mərhəmətin, sevginin və bağışlamanın baş verəcəyinə ümid edərəkdən yaşayanda, büdrəyərək, yıxıla-qalxa, öz ədalətsizliklərini etiraf edib, ədalətsizliklərdən qaçmağa çalışıb, özü davamlı olaraq ədalətli yaşamağa çalışdığında  ədalətə tanıqlıq edir. Özü başqalarına mərhəmətli olur, içindəki sevgini insanlara və bütün varlıqlara yönəldir, ədalətsizin ədalətsizliyini aradan qaldırması üçün və haqqı tapdananın haqqını əldə etməsi üçün onları barışdırmağa can atır. Bu ümid günahları rədd etmək və özünün də günahsız olmasını iddia və təkid etməklə olmaz, əksinə özünün günahkar olduğunu qəbul etmək, bütün günahkarlığa rəğmən İsa Məsihdə qurtuluşa qovuşmağa ümid etməkdən və ədalət üçün öz ədalətsizliyi ilə, başqalıarnın ədalətsizliyi ilə savaş verməkdən başlayar. Başqa sözlə, ədalətsizliyin bizim tərəfimizdən tamamən və qəti olaraq aradan qaldırımasının qeyri-mümkünlüyünü etiraf etmək və buna baxmayaraq ədalətsizliklərin aradan qaldırıması üçün çalışmaq belə bir inancdan doğur ki, İsa Məsih öz yaşamında və ölümündə insan övladının ədalətsizliyinə baxmayaraq ona öz ədalətsizliyinə qarşı savaş vermək üçün ümid verib. Bu ümid bizim Tanrı Tapınaqlığı yetənəyimizi (Ruhi-Rəvan vasitəsilə İsa Məsihi içimizə sindirirərəkdən) (dönmədən və davamlı olaraq) İlahi Atanın övladıtək yaşamaq cəhdlərimizdə açılır. Həmin ümid isə bizim ədalətsizliyə qarşı savaşımızın özünün və hər şeyin ədalətsizlikdən təsirlənməsinə baxmayaraq İsa Məsihin mərhəmətində və onun sevgisindən dolayı meyvə verəcəyini ifadə edir.
                                                           
Bəs bütün bunlar bizim güncəl yaşamımız üçün nə deməkdi? Burda gəlib başlanğıcdakı iddiamıza çıxırıq: ədalət üçün tanıqlıq etmək hər bir məsihinin borcudu. Ona görə ki, ədalətli davranmaqla həm Tanrı həm də başqaları ilə İlahinin istədiyi şəkildə münasibətə girmiş oluruq və İlahi İsa Məsihdə bizim ədalətsizliyimizin və ümumiyyətlə ədalətsizliyin həryerdəliyinin və içdəliyinin bizim ədalətli davranmağa cəhd etmək üçün maneə olmaması gərəkdiyini göstərib. Odur ki, biz ədalətli yaşamağa can atmalıyıq. Necə?
Düzü, heç özüm də bilmirəm. Ancaq bəzi düşüncələrimi sizinlə bölüşə bilərəm. Gerisi sizə qalıb artıq. Birincisi, məncə tamamən və hər zaman ədalətli yaşaya bilməyəcəyimiz və orda-burda ədalətsizlik edəcəyimizi və etdiyimizi etiraf etməliyik. Qəbul etməliyik ki, ədalətsiz deyə üzünə bağırdığımız insanların da bizə əslində o cür davranmasına haqqı var, çünki kimsə ədalətsiz, təmiz deyil. Bu, o demək deyil ki, başqalarına ədalətsizlik edək və buna haqq qazandıraq və ya ədalətsizin önündə susaq. Bu, o deməkdir ki, ara-sıra öz həyatımızı və əməllərimizi sorğu-sual edək, etdiyimiz ədalətsizlikləri aşkarlamağa çalışaq, onları aradan qaldırmağa can ataq və Rəbbə dua edək bizi öz ədalətsizliklərimizdən qorusun. İkincisi, özümüz öz ədalətsizliyimizlə savaş verməliyik. Yaşamımızda başqalarına ədalətsiz davranmamaq üçün diqqətli olmaq lazımdı. Başqalarından haqq istəməzdən öncə, özümüz onların haqqını verməliyik. Üçüncüsü, ədalətlə bağlı düşünməli və öyrənməliyik. Bu bizi daha da yetişdirər, düşüncə və əməllərimizi daha sərrast edər. Ədalət haqqında çox yazıb pozublar. Yazılanları oxumaqla, pozulanları da düşünməklə ədalət hissimizi və bilgimizi dərinləşdirə bilərik və yaşamın bu ölçümünə daha ayıq olarıq. Dördüncüsü, başqalarının ədalətsziliyinə qarşı durmağı bacarmalıyıq, bunun üçün cəhd etməliyik və bu qarşıdurmada bizə güc verməsi üçün Rəbbə dua etməliyik. Beşincisi, bu qarşıdurma mümkün olduğu qədər sülhə və sakit etiraza dayanmalıdı. Ədalətsizliyə qarşı durmaqda məqsəd qarşı tərəfin vicdanını oyatmaqdı, onun özünü əzmək-tapdalamaq və ona ədalətsizlik etmək deyil. Altıncısı, ədalətsizliklə savaş verməkdən yorulmamaqdı: İsa Məsihdə bizim sonsuz ümidiz var və bu ümid də bizə güc verir. Yeddincisi, öz əməllərimizi gerçəkliklə tarazlaşdırmaqdı. Ədalətin ədalətsizliyə çevrilmə ehtimalı var və bunu uzaqlaşdırmaq üçün ədalət adına savaş təvazö və diqqətlə həyata keçirilməlidi. Səkkizincisi, ədalət adına mütləqçilikdən gen gəzmək gərəkir. Ədaləti quracağıq deyə, insan öldürmək, soyqırımına yol vermək, mənim ədalətim, mənim ədalət anlayışım, mənim ədaləti təmin etməyim kimi düşünmək və bu şəkildə bir şeylər etmək yolverilməzdi. Ədaləti öz siyasi oyunlarımıza zatən oyun etmişik, heç olmasa bir az hədd qoymağa çalışaq.

No comments:

Post a Comment

gündəlikdə axtarış