İnsanın insana ədalətlə davranmasını zərurləşdirən nədir? Ədalətin köküdür. İnsan Müqəddəs Kitabın öyrətisinə görə Rəbbin, İlahinin surətində yaradılıb. Bu o deməkdir ki, onun dəyəri, həqiqi dəyəri, transsendental dəyəri İlahiyə münasibətdə gizlənib və bu münasibətdə açılır. İnsanlara qarşı ədalətli davranmaq zəruridir çünki biz İlahinin surətiylə davranırıq. Hər birimizdə İlahinin Surəti təkrarsız və bizim bir fərd kimi unikallığımızı da içinə alaraqdan açılmaq potensialına malikdi, çünki lap “Başlanğıc”da bu alnımıza belə yazılıb. Bunu rədd edə bilərsiniz, ancaq bundan kənarda insana ədalətli davranmağın zəruriliyini başqa heç bir yerdə, öyrəti də bu cür əsaslandıra bilməzsiniz. İnsana ədalətli davranmaq elə onun insanlığından, yəni İlahi Surətində yaradılmışlığından törəyir. Ədalət Rəbbdədir, İlahi haqqdır, həqiqət ədalətlidir və bu özəllik insanın xəmirinə qatılmış mayadı. Belədə, ədalət və ədalətli davranmaq kənardan insana qazandırılmış bir şey deyil. İlahinin Surətiylə necə davranmağımız dolayısı ilə İlahinin əl işinə və özünə qarşı münasibətimizi gözlər önünə sərgiləyir.
Ancaq gerçəklik, içində yaşadığımız reallıq heç də bu surət haqq-hesabına uymur. Biri-gün sabah insanları laboratoriyalarda xammal kimi istehsal edəndə surətlik bir şey qalmayacaq ortada. Ədalət it-bata düşüb. Ədalətin balıq olub üzdüyü sular bulanıb: ədaləti heç əvvəldən tuta bilmirdik, indi heç onu suda da görmək olmur: günahkarlıq insandakı İlahi Surəti zədələyib, onu parçalayıb və ədalət, haqq, həqiqət, bu çiliklənən Surətin suya yağış kimi yağan parçalarından yaralanıb. İnsan ancaq ədalətin, haqqın, həqiqətin olduğunu, insan varlığının sularında üzdüyünü bilir, ancaq ona əl atmaq, onu tutmaq artıq bizlik deyil. Bizsə ədaləti hiss etmək üçün suya əl atırıq, onu tutmağa çalışırıq və ədalət də daxil olmaqla kim bilir nələri tuturuq ki sudan, əlimizdən sürüşüb çıxsın. Odur ki, təmiz ədalət üçün savaş vermək, ədalətin dönmədən və problemsiz-filansız nə zamansa insanların əlləriylə qurulacağına inanmaq idealistin boşuna çalışmasından başqa bir şey deyil. İnsan övladı var olandan, günahkarlığı üzünə-gözünə bulaşdırdığı zamandan bu günə ədalət qəhətə çəkilib: onun üçün savaş veririk, ancaq onu tapmaq, qurmaq heç yerdə sonacan mümkün olmur. Günahkarlığın həryerdəliyi və içdəliyi bizim ədalət axtarışlarımızı da zəiflədir, onları siyasətin, gizlətdiyimiz və sonunacan anlaya bilmədiyimiz eqomuzun populist malına çevirir. Bir ədaləti, haqqı yerinə gətirmək, o yerdə başqa bir ədalətsizliyi törətməklə başa gəlir əslində. Çünki günahkarlıq İlahi Surətini çoxdan çilikləyib və çilikləməkdə də davam edir. Günahkarlıq Surəti çilikləyib hər yerə səpələyib və beləcə günah özü həryerdələşib. Bəs bu günahkarlıq nədir və onun həryerdəliyi nəyi anladır? Günahkarlıq insan təbiətinin bir özəlliyidi və Müqəddəs Kitaba görə, insana sonradan və kənardan öyrədilib verilib. Nəliyini bilməsək də necəliyini hamımız bilirik. Günahkarlıq öz eqomuzu, şəxsi çıxarlarımızı başqalarının hesabına sərhədsiz və onların zərərinə təsdiq etmək, əldə olanla yetinməməkdi. Günahkarlıq başqalarına şər, pislik etmək potensialıdı. İçimizə sinmiş bu yetənək həyatımızda mütləq hardasa, nə cürsə özünü orda-burda göstərir. Günahkarlıq çiysüdəmmişlikdi. Dünyanın bütün insanlarında və deməli hər yerdə çiysüdəmmişlik olduğuna görə, ədaləti qurmaq və saxlamaq sadəcə mümkün deyil. Mümkün olmadığı bir yana, insan o qədər ədalətsizliklər edib ki, indi ədaləti ədalətsizlik etmədən qurmaq özü müşkül olub.
Bəs nə etməli? Uzaqdan görünən ilğıma can atmaq üçün varlıq səhrasında boşuna məsafələri qət etməli? Əlini hər şeydən üzüb, ədaləti tam və dolğun bərpa etmək mümkün deyildir deyə, ətrafımızdakı ağrı-acılara, ədalətsizliyə biganələşməli? Heç də deyil. Yaradan özü bizə bir şəkildə, başlanğıcını bilsək də sonun bilmədiyimiz çıxış yolunu göstərib. İnsan övladının ədalətsizliyinə qarşı Tanrının ən gözlənilməz, ən gözəl, əsrarəngiz cavabı Tanrının Mükəmməl Surətində öz əksini tapıb. Həmin bu cavab, həm də günahkarlığın və ya ədalətsizliyin həryerdəliyi və içdəliyi fonunda İlahinin ədalət və ədalətsizliyi öz işığına tutmasıdı. İlahinin Mükəmməl Surəti müqəddəs kitabın öyrətisinə görə İsa Məsihdi. Kasıb-kusuba ümid verən, sınıq-salxaqları bütövləşdirən, acları doyuran, İlahi surətini daşıyanları özlərinə geri çağıran və onları çilik-çilik edən günahkarlığın gözünə dik baxmağa dəvət edən, günahkarları bağışlayan, insanları özünə səsləyən İsa Məsih. İsa Məsih bir tərəfdən insanın ondakı surəti-əmanəti korlamasına qarşı Rəbbin mərhəmət göstərdiyini, digər tərəfdən də insanın ədalətsizliyini ortaya qoyur. Əgər Tanrı Oğlunun başına gətirilən oyunlardan xəbəriniz varsa, bilirsiniz ki, onu çarmıxa çəkiblər. Onun insanlara verdiyi, ümid, inanc, yardım qarşısında insanlığın ona etdiyi, günahsız, səbəbsiz, etdiyi yaxşılıqlara qarşılıq onu çarmıxa gərməsi insan övladının özünün ədalətsizliyini ortaya qoyur. Lakin İlahi Həvari Paulosun öyrətdiyi kimi, hər şeyi baş – ayaq edir: insanların əsassızca ittiham edib çarmıxa çəkdikləri adamın çəkdiyi əzablarda, ölümündə və dirilişində insan övladının özünün günahları yıxanır və insanlar üçün onlara verilmiş Surəti çirkdən-pasdan təmizləmənin başqa bir yolu açılır. Ədalətsizliyə qarşı ədalətsizliklə cavab verilmir İsa Məsih hadisəsində. Əksinə ədalətsizliyin davam edən zəncirvari, ilanvari təzahürünün özünün baş-ayaq edilməsi və ədalətsizlərin bağışlanması ilə cavab verilir. Ədalətə qarşı ədalətsizliklə cavab verilməz, necə ki nifrətə nifrətlə cavab vermək nifrət edən hər iki tərəfi bir yerə götürmür. Əksinə, İsa Məsihdə Tanrı insan ədalətsizliyini özünün ən açıq formasında (ədalətliyə ədalətsizlik etməklə) ifşa edir və ona Sözünü deyir: İsa Məsihdə inanan hər kəsə əfv və qurtuluş var. İsa Məsihdə məni tanıyana və günahlarını, insan kimi çiliklənən Surətini və Surətimi görüb onun bütövləşdirilməsi üçün Mənə dönənə qurtuluş var. Burda incə bir məsələyə diqqət edək. İsa Məsih, insan Məsih, həm də bizlərdən biri idi. Onu çarmıxa gərməklə insan övladını özünü Tanrıya həsr etmiş, insanın gerçək kimliyini yaşamış birisinə, həm də özünə qarşı necə acımasız davrandığını göstərir. Axı İsa Məsih həm də İkinci Adəmdi. Birinci Adəmdə insanın ədalətsizliyi və çiysüdəmmişliyi başlayırsa, İkinci Adəmdə bu zəncirvari ədalətsizlikdən qurtarmanın mistik yolu göstərilir. Beləcə, İsa Məsihdə İlahini görən həm də insan kimi özünü görmüş olur, insan kimi özünə, öz cinsindən olanlara özünün ədalətsizliklərindən dolayı etdiklərini qəbul edir və özündə Tanrını görməyə söz verir. Çünki Müqəddəs Ruh vasitəsilə İsa Məsihdə həmin görmə başlayır. Beləcə, İsa Məsihə dönən insan İsa Məsihdə özünü, özündə İsa Məsihi Tanrıda İsa Məsihi və Məsihdə Tanrını görmüş olur. Onu İlahidən ayıran ədalətsizliyi, çiysüdəmmişliyi və ondan qurtulmanın yolunu görür. Həmin yol insanın özündə fədakar sevgi vasitəsilə Tanrını görməsini və Tanrıda özünü görüb qəbul etməsi şəklində təzahür edir.
Burda çox maraqlı bir mətləbə gəlib çıxırıq.
Unutmayaq ki, İsa Məsih sadəcə İlahinin təcəllası, mükəmməl surəti deyildi, o həm də insan idi. Məhz buna görədir ki, Müqəddəs Kitabda ona həm insan oğlu, həm də Allah oğlu kimi müraciət edilir. İsa Məsih hadisəsində həm də insanın ən əsas önəmli, əzəli, basdırılmış və ədalətsizliklərində param-parça olmuş potensialı və ya yetənəyi açılır – gerçəkləşir. O da bundan ibarətdir ki, İsa Məsih insan övladının Tanrı tapınağı, yəni məbədi olacağını gözlər önünə sərir. Dolayısı ilə Tanrı Surəti olmaq yetənəyinin ən gözəl, gerçək təzahür və realizə şəkli insanın İlahi Məbədi, Tanrı tapınağı olmasıdı. Necə? Eynilə İsa Məsihdə olduğu kimi. Müqəddəs Ruh insan övladında məskən salanda o İlahinin Məbədinə çevrilməyə başlayır: kasıblara təmənnasız yardım etməyə çalışır, ac-yalavacları doyurmağa can atır, günahlardan uzaqlaşmaq üçün səy göstərir, günaha batanları bağışlamaq və onlara ümid vermək üçün əlindən gələni edir, insanların həyatına və toplumuna qarşı biganəliyi rədd edib onların həyatında rol almağa çalışır, başqalarının əzab və sevgilərini, dərd və qəmlərini paylaşır, haqsızı haqsızlıqdan çəkinməyə çağırır, şükr edib şikayət etməsə də insan acılarını dərindən anlayır və hiss edir, həyatdan zövq alır və başqalarıyla zövqü paylaşır, onlara görüb şükr etmək və İlahinin çağırdığı yola düşmək üçün yol açır və...sevir. Təvazökar olur, həqiqət üçün savaş verir. Eqoizmdən imtina edir, nifrətə nifrətlə cavab verməyi qəbul etmir. Düşüncələrinin başlanğıcında və sonunda İlahi Nəfəsi olur. Düşmənlərinin bağışlanması və İlahi İşığını görməsi üçün dua edir. Öz ağrı-acılarının kin-küdurətə deyil, başqalarını bağışlamaq üçün yola çevrilməsinə, onları hamımızın Atasına gətirməsinə fürsət verir. İnsan Tanrı Tapınağı olub, Tanrı Övladına çevriləndə, daha doğrusu Ondakı Mükəmməl Surəti tanıyıb onu həyat güzgüsündə görəndə, İlahi o insanın cismindən və ruhundan başqalarına əl uzadır – İsa Məsihdə olduğu kimi. Bu, qurtuluşa götürən yoldu.
No comments:
Post a Comment