Yazılarımızı davamlı izləyənlər çiysüdəmmişliyin nəyi ifadə etdiyini bilirlər. Odur ki, sözü hansı anlamda işlətdiyimi bilmək istəyənlər köhnə yazılara göz ata bilərlər. Bu postda isə məni çiysüdəmmişliyin bir növü maraqlandırır: gəlin onu toplum çiysüdəmmişliyi adlandıraq. Ürəyinizdən keçirsə, buna içtimai çiysüdəmmişlik də demək olar. İçtimai çiysüdəmmişlik qavramı Azadlıq teologiyasında ətraflı işlənib və onun kökü İncillərdən gəlir.
Toplum çiysüdəmmişliyi içtimai strukturlarda, toplumun özündə, toplumdakı münasibətlərdə əks olunmuş və toplumun mövcudluq şəklinin bir halına gəlmiş ədalətsizliyə deyilir. Ədalətsizlik günahkarlıq olduğuna görə, toplum çiysüdəmmişliyi günahkarlığın içtimai tərəfi, onun içtimai yönüdür söylənə bilər. Bununla belə, toplumun çiysüdəmmişliyi ilə günahı qarışdırmaq lazım deyil. Toplum çiysüdəmmişliyi günahdan fərqli olaraq konkret fərdlərin konkret əməllərini-günahı, ya günah əməlini yox, ümumilikdə bütün cəmiyyətə sirayət etmiş, adət-ənənədən, dövlət strukturlarından, insanların verilən konkret cəmiyyətin üzvü kimi müəyyən özəlliklərindən qaynaqlanan ədalətsizlikləri, yolsuzluq özəlliyini anladır. Toplum çiysüdəmmişliyi toplumdakı hər şeyə hopub, insanlar onun bir parçasıdır və insanlar öz fəaliyyətləri ilə onu törədir, yaşadır, davam etdirirlər. Bununla belə, onun konkret bir törədicisi, sahibi yoxdu.
Toplum çiysüdəmmişliyinə misal olaraq Azərbaycanda qadınlara ikinci sort məxluq kimi baxılmasını, qız uşaqlarının erkən, yetkinlik yaşına çatmadan və öz iradələri əleyhinə evləndirilməsi adətinin israrla saxlanmasını, cəmiyyətdə geniş yayılmış və çoxluğun alıb-verdiyi rüşvət təcrübəsini, seçkilərin saxtalaşdırılması üçün hakimiyyətə əlverişli olan seçki sistemini nümunə göstərmək olar. Bir ölkədə inanc azadlığının olmaması, bu və ya digər azlığın deyək ki müəyyən işləri almaması üçün sənədlər, təbliğat, işəalınma və çıxarılma mexanizmləri vasitəsilə marginallaşdırılması, aparteid toplum çiysüdəmmişliyidi.
Toplum çiysüdəmmişliyinin önəmli özəllikləri var. Bunlardan bəzilərini sadalayaq. Birincisi, bütün topluma yayılmış, hər kəsin dolayı ya düzünə bulaşdığı, konkret əməllərdə olmasa da elə toplumun mövcudluğunda təzahür edən toplum çiysüdəmmişliyinə qarşı insanlarda bir neytrallıq, alışqanlıq yaranır və insanların onu hiss etməsi, tutması, duyması çətinləşir. İnsanların toplum çiysüdəmmişliyinə qarşı reaksiyası konkret fərdin ədalətsizliyinə qarşı reaksiyasına nisbətən daha zəifdir, çünki elə onun içinə doğulub, onun içində yaşadıqlarından ona qarşı kütləşiblər. Məsələn, Azərbaycanda geniş yayılan rüşvətə hamımız bir az biganəyik, ona qarşı aktiv müqavimət göstərmirik bir qayda olaraq. Gözümüzü açıb belə görmüşük, bu adiləşib. Toplum çiysüdəmmişliyi adi, normal, olması gərəkən kimi qavranıla bilər, ona görə də ona qarşı kütləşmə baş verir. Buna görə də onu aradan qaldırmaq və onu digər arzuolunmazlıqlardan ayırmaq çətindi.
İkincisi, toplum çiysüdəmmişliyi hər kəsə, istəsələr də istəməsələr də bulaşır. İnsanlar bəzən öz iradələri əleyhinə olaraq, bəzən palaza bürünüb ellə sürünməkdən ona qatılırlar, onda iştirak edirlər, çünki toplum çiysüdəmmişliyi yaşadıqları sistemin bir parçası, sosial havadı, onunla nəfəs alırlar. Məsələn, Azərbaycan kimi rüşvətsiz çox az şeyin keçdiyi cəmiyyətdə vergilərdən yayınma çox geniş yayılıb. Vergidən yayınan şəxsin mağazasından bir şey almaqla biz dolayısıyla onun vergidən yayınmasında iştirak edirik. Öz övladına ata ya ana qayğısı adı altında özü də bilmədən basqı etmək, onun yerinə hər şeyi edib onu təşəbbüskar insan olmaqdan məhrum etməklə biz toplumun bizə haqlı görünən, rahat olan, alışdığımız basqılı sosial rollarında iştirak edirik.
Üçüncüsü, toplum çiysüdəmmişliyi zəncirvari reaksiya kimidi. O yayılır, yayıldıqca artır, güclənir, biri digərini törədir və həndəsi silsilə kimi artan günahkarlıqda cəmiyyət özü-özünü basdırır. Bunun nəticəsində sosial çiysüdəmmişliyin sosial təzahürü olan yaşantılar adət-ənənəyə çevrilir, sevilir, daşlaşır, nəsildən-nəsilə, regiondan-regiona ötürülür, yayılır və onu aradan qaldırmaq zülm olur. İndiyə qədər də Azərbaycanda qız qaçırtmaq adətinin qalması, qızları namus üstündə öldürmək kimi arxaik, nə həqiqi, bağışlayan və güclü imana, nə də dövrə uymayan adətlər-ənənələr toplum çiysüdəmmişliyinin necə zəncirvari reaksiya kimi yayıldığını, artdığını, gücləndiyini və əndazədən çıxdığını göstərir.
Bu kimi özəlliklərin sayını çoxaltmaq olar, ancaq bununla yetinək.
Mən sizi toplumun çiysüdəmmişliyinə qarşı necə savaşmaq olar barədə düşünməyə dəvət edirəm. Bir az vaxt ayırın və sizə, sizdən keçib başqalarına uzanan istəyərək ya istəməyərək qatıldığınız günahkarlıq-ədalətsizlik haqqında düşünün.
No comments:
Post a Comment