Bu günlərdə intercessory prayer sözünün dilimizə vəsatət kimi tərcümə olunduğunu gördüm. Vəsatət hüquqi termindi. Məhkəmə qarşısında vəsatət qaldırılar, bu və ya digər bir sübutun məhkəmə sübutlarına əlavə edilməsi üçün.
Sözün düzü, intercessory prayer sözünün vəsatət kimi dilimizə çevriliməsi bir az qəribə gəldi. İnancın isti, ilıq, bəzən ehtiraslı hisslərdən, yaşantılardan xəbər verən özəlliklərini, bu halda duanı, ifadə etmək üçün quru hüquqşünaslıqdan çoxluğun anlamadığı bir terminin istifadə edilməsi mənə leqalizmi xatırlatdı. Elə bil İlahi hakimdi, biz də hər hansı məsələ ilə bağlı onun qarşısında, kim bilir hansı qanunvericiliyinin, hansı məcəllənin hansı maddəsinə görə vəsatət qaldırırıq. İlahini və bizi biri-birimizi hər ikimizin tabe olması gərəkən bir gözəgörünməz, məşum qanunvericilik bağlayır. Talemi, özündənrazılıqmı, Rəbblə quru-quru danışmaq, formallaşdırmaq qanunvericiliyimi, yoxsa nə deyim, heç özüm də bilmirəm.
Hüquqşünaslıqdan, daha doğrusu siyasi-hüquqi dünyanın konseptlərindən inanc dünyasında, inancın konseptual xəritəsində istifadə edilməsi heç də qeyri-adi bir şey deyil. Ancaq həvari Pavlosun vəhydəki incəlikləri anlatması üçün ciddi düşünülmüş, yerində işlətdiyi Yunan-Roma hüququndan alınma konseptlərlə günümüzdəki söz əvəzləmələri arasında ciddi fərqlər var. Məncə dilimiz əcaib-qəraib texniki terminləri işlətmədən Məsihilikdəki qavramları ifadə etmək üçün kifayət qədər zəngin potensiala malikdi.
Həvari Pavlosun məktublarını yaxından oxuyan, çağdaş bibləvi tənqidi az-çox izləyən, Katolik Kilisəsi də daxil olmaqla xristianlıq tarixindən anlayan hər kəs bunun belə olduğunu bilir. Ancaq məncə bu, dönəmimizdə inancla bağlı sözlərin, konseptlərin dilə yatımlı edilməsi üçün əlverişli olmayan sözlərlə əvəzlənməsinə əsas verməməlidi. Vəsatət yerinə başqa, dilə yatımlı, insanların anlayacağı söz tapmaq mümkündü.
Ancaq bir tərəfdən baxanda o qədər də önəmli deyil. Dili insanlar tam yönəltmir və bir sözü hələ ortaya çıxarmaq, onu başqa sözün yerinə işlətmək o yeni sözün dilə girməsi anlamına gəlməz.
No comments:
Post a Comment