Bu gün bir kitab mağazasında əlimə Tomas Mortanın yazdığı bir kitab keçdi və açıb vərəqlədim. Tomas Mortan müasir Katolisizmin məşhur mistiklərindədi. Onun yazdığı kitablar indi də sevilərək oxunur. Kitabın elə birinci səhifələrindən Mortan cəhənnəmdən bəsh edir.
Orda oxuduqlarım, məni bu postu yazmağa vadar etdi. Maraqlıdır ki, son əsrdə Katolik teologiyasında və ümumiyyətlə Məsihi teologiyasında ölümdən sonrakı yaşamla, varlıqla, olub-bitənlərlə bağlı ilginc baxış bucağı, təxəyyül oyunu, incəlikləri ortaya çıxmaqdadır. Ancaq öncə bir az keçmişə göz ataq ki, fərqi anlamaq mümkün olsun.
Orta Əsrlər İsəvilik teologiyasında cənnət və cəhənnəm məkan konseptilə xarakterizə edilir. Başqa sözlə onlardan danışarkən, onlara istinad edərkən məhz yer, məkan kimi danışırlar. İslamda da cənnət və cəhənnəm məkan (space) konseptiylə səciyyələndirilir. İslama görə hər ikisi bir yerdir, orda çaylar var, dincəlirlər və s. və ia. Başqa sözlə cənnət və cəhənnəmi anlatmaq, ifadə etmək üçün məkan, yer, bir ölçü, həcm dili, terminləri istifadə edilir.
Çağdaş teologiyada vəziyyət bir qədər başqadı. İndi məkan konsepti, qavramı ümumiyyətli cənnət və cəhənnəmi anlatmaq üçün istifadə edilən çoxsaylı konseptual-semantik vasitələrdən biridi və artıq ənənəviləşib. Məsələn, adını çəkdiyim Tomas Mortan elə həmin göz atdığım kitabında cəhənnəmi anlatmaq üçün, emosiya-hal-münasibət konseptini işə salır. Əlbəttə, onun yazdıqlarını hərfən başa düşməyə ehtiyac yoxdu – bunlar mistik Məsihinin inancla yoğrulmuş təxəyyülündən, intuisiyasından süzülən bədii-poetik anlatımlardı. T.Mortan yazır ki, cəhənnəm nifrətdi və ya hər kəsin nifrətlə dolu olduğu bir vəziyyətdi. Cəhənnəmdə hər kəs, hər kəsə nifrət edir, hər kəs başqa hər bir kəsi özündən uzaqlaşdırmağa çalışar və hər bir kəs də həm özündə, həm də başqasında olan nifrətdən xəbərdardı. K. Bart cəhənnəmdən danışarkən fəlsəfi konsepti istifadə edir və ekzistensial dili işə salır: cəhənnəm heçlikdi. Heçlikdi, o mənada ki, orda varlıq özü tam mənasıyla varlıq ola bilmir, tam açılmır.
Məncə, konseptual dildəki bu dəyişikliklər maraqlı və xoş qarşılanması gərəkən gəlişmədi.
No comments:
Post a Comment