İnanc bilgisi ilə bağlı ara-sıra rastlaşdığım yazılarda sözügedən bilgini elmlə, özəlliklə də dəqiq elmlərlə müqayisə edirlər ki, inancın əslində anlamsız bir şey olduğunu göstərsinlər. Məncə, inancın daha doğrusu inanc bilgisinin təbii elmlərlə, digər elmlərlə kəsişdiyi, uyğun gəldiyi, hətta tərs düşdüyü sferalar var ancaq bunlar təbii elmlərlə, ümumiyyətlə çağdaş dönəmdə elm anlayışı altında başa düşülən bilgilərlə inanca dayanan bilginin tam və qəti olaraq eyni tərəziyə qoymağa əsas vermir.
İnanca dayanan bilginin məqsədi son nəticədə atomları, molekulları araşdırmaq, yerin günəşdən nə qədər uzaqda olduğunu təyin etmək, oksidləşmə prosesiylə, qan dövranıyla, ilgilənmək, sosial iğtişaşları idarə etmək deyil ki, onu da eyni (empirik bilginin ölçüldüyü) standartlarla ölçələr. Eyni vasitələrlə dəyərləndirildikə inanca dayanan bilgi anlamsızlaşır. Bu, ədəbiyyatı riyazi düstur, teorem, alqoritm tətbiq edərəkdən anlamağa bənzəyir.
İnanca dayanan bilgi və ya teoloji bilgi qismən ədəbiyyat, incəsənət, fəlsəfə kimi sahələrin özəlliklərinə malikdi. Teoloji bilgidə əxlaqilik elementi var. İnsan teoloji bilgini ona görə öyrənmir ki, Allahı öyrənib başa çıxacaq, onu empirik üsullarla analiz edəcək. Əksinə, ona görə teoloji bilgi önəmlidi ki, o, bizim İlahi haqqında təxəyyülümüzü müəyyən bir inanca əsasən gəlişdirir, həmin inancın hədləri daxildində estetik və əxlaqi düşüncə tərzi yetişdirir. Bu mənada o, inanclı birisinin bilgisidi - inanmayan insan üçün teoloji bilgi bu sözün əsil mənasında, öz təyinatı üzrə heç bir anlam daşımır. Teobilgi, bizi İlahi haqqında düşünməyə və bunu dərindən, gözəl, gerçəkmiş kimi qəbul edərəkdən (inanaraqdan) yaşamağa çəkir. Teoloji bilgi, İlahini ciddi qəbul edərəkdən onun haqqında düşünmənin ən əsas, hətta bəlkə yeganə şəklidi. Tarixi, ateist, psixoloji tədqiqatlara dayanaraqdan toplumdakı, ayrı-ayrı fərdlərdəki inanc haqqında mülahizə yürütmək olar, ancaq bu bilgi teoloji özəlliyə malik deyil, çünki İlahini hipoteza kimi götürür və məqsədi insanı İlahiyə yaxınlaşdırmaq olmur.
No comments:
Post a Comment