Milad gəlib.
Bir neçə günə dünyanın hər tərəfində kilisələr İsa Məsihin doğuluşunu qeyd etməyə başlaycaqlar. Məni hər zaman Miladda özünə çəkən ideyanın arxasında duran radikallıq, ağlasığmazlıq və tərsinəlikdi. Milad insan ağlına tərs düşən yox, əksinə insan ağlını lağa qoyan bir inancın oluşmasını anladır. Milad nəyi iddia edir? Milad iddia edir ki, tövlədəki kiçik beşiyin içində yatan köməksiz, ana döşündən süd əmən uşaq İlahidi, Allahdı. Küfrdür, deyilmi? Ancaq Milad daha dərin radikal ideyaları içərir. Həmin körpə həm də Xilaskardır. O Xilaskar ki insanları günahkar təbiətdən xilas etməyə gəlib, onları ədalətə səsləməklə və özü də onlar üçün qurban getməklə ağlasığmaz bir ümidi gözlər önünə sərib. Körpənin özünü soyuqdan, aclıqdan, hətta kəskin hərəkətdən xilas edən lazımdı o ki qaldı o başqalarını xilas edə. Gülüncdür, deyilmi?
Həvari Pavlos Məsihilikdəki bu cür özəlliklərə istinadən yazırdı ki, yunanlar hikmət, yəhudilər möcüzə axtarır, bizim üçün isə güc İsa Məsihin xaçıdı. İnanılmazdır, deyilmi? Adamı təhqir ediblər, alçaldıblar, istehza ediblər, sonunda da lüt, biabırçı şəkildə əllərindən və ayaqlarından ağaca mismarlayıb gəlib gedənə göz dağı olsun deyə göstəriblər. Və onun utanc, zəiflik, faciə simvolu olan xaçı güc simvoluna çevrilib. Qəribədir, deyilmi?
Rəbb İsa Məsihdə bir çox şeyləri tərsinə çevirir. İlahi insan olub aramıza gəlir, güc gücsüzlükdə açılır, qələbə məğlubiyyət donuna girir, günahsızı cinayətdə suçlu bilib məhkəməyə çıxarırlar və öldürürlər. Ölümsüzlüyə gedən yol ölümdən keçir.
Hətta Azərbaycanda belə Milad insanların həyatına təsir edir. Doğulduğunuz il necənci ildi? Cavabınız Rəbiül-Əvvəl ayının üçü olmayacaq, Xordad ayının beşi deməyəcəksiniz. Əksinə, İsa Məsihin doğuluşundan sizin dünyaya gəldiyiniz ana qədər olan zamanı bir neçə kəlməlik sözə sığdırıb cavab verəcəksiniz. Sizi zamana bükən, zamana rəqəm, gün, ay adı verib sizin doğuluşunuzu anlaşılır hala gətirən Onun doğuluşudu, Miladdı.
Milad gəlib.
Hamınızın Milad bayramı mübarək!
A.J, merry Christmas.
ReplyDeleteMerry Christmas to you too...whoever you are:)).
ReplyDelete