Thursday, December 16, 2010

Çoxsəsli Dua


Aşağıdakı şərtlərə cavab verən dua etmək sizcə necə olar: 1) Birdən çox insan, 2) bir yerdə (biri-birini eşidikləri məsafədə) 3) ucadan (ürəklərində deyil),   3) eyni anda, 4) sərbəst (hər kəs istədiyi mövzuda, asinxron) dua edirlər? Söhbət içtimai, öncədən sözləri və şəkli razılaşdırılmış, xorla edilən (eyni anda, eyni sözləri deməklə) qrup dualarından getmir. Söhbət “hər ağızdan bir avaz gəlir” üslubunda duadan gedir.
Mən dəfələrlə bəzi Məsihilərlə bir araya gəlib bu cür dua etmişəm və belə bir dua şəklinin çox maraqlı, özəl olduğundan yazmaq istəyirəm. Ancaq öncə belə bir duanın kənardan nəyə bənzədiyini yazım. Təsəvvür edin ki, bir qrupda hamı eyni anda, ucadan danışır. Siz də danışırsınız. Ara-sıra qulağınız başqalarının sözlərini eşidir, lakin tam anlamırsınız, çünki diqqətiniz tam onlarda deyil. Bəzən diqqətiniz yayınır, bəzən diqqətinizi cəmləyə bilirsiniz.

İlk reaksiyanız yəqin belə olacaq: bu cür dua etmək ağılsızlıqdı (müsəlmanlar yəqin bidət deyəcək), çünki ağız deyəni qulaq eşitmir, diqqətiniz yayınır. Belə reaksiya verirsinizsə, onda yanılırsınız.
Nəzərə alaq ki, duanın məqsədi danışmağın məqsədindən fərqlidi. Siz danışarkən fikirlərinizi qarşıdakı ilə bölüşürsünüz. Belədə səsinizin eşidilməsinə mane olan hər şey mənfi təsir hesab edildiyi üçün eyni anda bir çox adamın ucadan danışması bir çox hallarda arzuolunmaz nəticələr verir. Ancaq məsələ burasındadı ki, siz dua edərkən qarşıdakı şəxsə danışmırsınız. İnsan İlahiyə dua edir və onun duasını da İlahi eşidir. İlahi eyni anda sizin və sizin kimi bir çoxlarının duasını eşitməyə qadirdi. Bu mənada, sizin başqalarının səsini eşitməniz ya başqalarının sizi eşitməsi, yəni adi danışıq meyarı ilə çoxsəsli duaya yanaşmanız özünü doğrultmur. Başqalarının duasını eşitmək və onların sizin duanızı eşitməsi, anlaması pis deyil. Lakin çoxsəsli duada məqsəd başqasına duanızı eşitdirmək və onların duasını duymaq olmamalıdı. Məqsəd İlahiyə içindən gələni anlatmaqdı.
Deyəcəksiniz ki, çoxsəsli dua fikirləri cəmləməyə mane olur. Bu fikirlə qismən razıyam ancaq fikirləri cəmləmək dua etməkdə hər zaman önəmli faktor deyil. Çoxsəsli duada öz diqqətini cəmləmək çətinliyi ola bilər, belə potensial var. Amma bir dua üçün önəmli olan niyyət və cəhddi. Dua etmək dinamik proses olduğuna görə diqqətiniz yayına və yenidən dua mövzusuna cəmlənə bilər, fikirləriniz mövzudan-mövzuya atlaya bilər, konkret bir dua movzusu olmadan meditativ dua edə bilərsiniz və bu, ürəyinizdə, təklikdə ucadan dua etdiyinizdə də baş verər. Başqa sözlə diqqətinizi konkret bir mövzuya, obyektə cəmləyib dua etmək məcburiyyətində deyilsiniz. Əksinə, fikirlərinizə sərbəstlik verib ağlınıza gələn hər şey haqqında, qrammatik yanlış cümlələr, yarımçıq cümlələr quraraqdan, ümumiyyətlə cümlə yerinə sadəcə bir söz söyləyərəkdən, səs çıxararaqdan (əgər ucadan dua etmək şərti varsa) dua edə bilərsiniz. Duada (özəlliklə də qeyri-formal, spontan, şəxsi, sərbəst dualarda) önəmli olan niyyət və cəhddi. Bundan əlavə bir-iki cəhddən sonra çoxsəsli duaya alışırsınız və diqqətinizin dağılması ehtimalı azalır.
Əvəzində çoxsəsli duada iştirak etməklə fərdi, ürəyinizdə və ya təklikdə ucadan etdiyiniz dualarda olmayan bir şeyləri əldə edirsiniz. Çoxsəsli dualar kollektiv ruhi yaşantının ən yüksək  şəklidi və bu mənada insanı həvəsləndirir, ona çox gözəl, maraqlı hisslər yaşadır. Bir neçə insan bir araya gəlib sakit, öz ürəyində dua edə bilər və bu kollektiv ruhi yaşantının başqa bir şəklidi, ancaq belə dualarda kimin ürəyində dua edib-etmədiyi bəlli olmur, hətta hər kəs dua etsə də insanlar biri-biriləri ilə yalnız ortamı və varlıqlarını (presence) bölüşürlər, bilavasitə duanın özünü deyil. Halbuki, çoxsəsli duada hər kəs hər kəslə həm ortamı (dua üçün), həm varlığını, həm də içindən gələn sözləri, niyyəti, səsi bölüşür. Çoxsəsli duada insanlar duanı daha dərindən və daha intensiv yaşayırlar. Hətta başqalarının dualarını tam anlamasanız da belə, hər kəsin dua etdiyini bilmək, beş-on adamın hamısının dua səsini eşitmək insana ümid verir, onu həvəsləndirir və başqalarıyla birgə dua etmək hissini gücləndirir. Qulağınıza gələn müxtəlif sözlər, qırıq-qırıq səslər sizi daha da həvəsləndirər, və ya ümumiyyətlə dualarınıza istiqamət verə bilər. Bəzən bu, diqqəti dağıtmaq yerinə əks effekt yaradır: daha da içdən və həvəslə dua edirsiniz, o qədər aludə olursunuz ki, arada sizi həvəsləndirən sözlərdən başqa heç nə eşitmirsiniz. Bu, sizi trans vəziyyətinə yaxınlaşdıra bilər. Çoxsəsli dua güc, əzəmət effekti yaradır (mən bilərəkdən gücləndirir yazmıram). Bir çox adamın, eyni anda dua etməsi özəl bir şərait, hiss ortaya çıxarır. Tək deylsiniz, sizin dualarınız başqalarının duasını, onlarınkı da sizinkini gücləndirir. Çoxluq gücə çevrilir. Kiçik bir icma, qrup duada birləşir və bunu də əyani, spontan yaşayır. Bu, insanın öz duasına, İlahiyə ümidini artırır, dua edənlər arasında özəl bir bağ yaradır. Budan başqa çoxsəsli dua sizi içtimai, səsli ortamda dua etməyə hazırlayır, sizə səs olan yerdə dua etmək bacarığı aşılayır. Siz istədiyiniz an, istədiyiniz yerdə ətrafınızdakı səslə əlaqənizi tam itirmədən, ürəyinizdə dua etmək yetəniyini gəlişdirirsiniz.
Təcrübədən keçirin. Maraqlı olacaq.  

No comments:

Post a Comment

gündəlikdə axtarış