Friday, December 10, 2010

Hicablamalımı, hicablamamalımı?


Son günlər mətbuatı izlədikcə, Azərbaycanın əslində çox maraqlı və hətta gözəl bir şansı əldən çıxardığı qənaətinə gəlirəm. Yəqin xəbəriniz var, ölkəmizdə artıq başıörtülü və ya hicabla təhsil müəssisələrinə girmək problemə çevrilir və ya çevrilib.  Əlbəttə, papaqla, qeyri-dini məqsədlə başınızı bağlayıb məktəbə, universitetə getsəniz yəqin ki problem olmaz, ancaq elə ki dini inancınızın tələblərinə görə başınızı bağladınız, problem başlayır.

Ucundan tutub ucuzluğuna getmək istəmirəm (sicilləmə yazıb arqument vermək həvəsim yoxdu), lakin mən inanıram ki, dünyəviliyi, sekulyarizmi səbəbə çevirib insanların başörtüsüylə məktəbə, universitetə getməsini önləmək əlverişli, məqsədəuyğun variant deyil: nə dövlət üçün, nə də dövlətin dinlərə münasibətdə siyasətinin bir parçası olan sekulyar-dünyəvilik prinsipinin şərhi üçün.   
Dünyəvilik, sekulyarizm daş üzərində yazılmayıb və onu Fransada, Türkiyədə olduğu kimi aqressiv, rigid yöndə şərh etməyə, o variantda tətbiq etməyə ehtiyac görmürəm. Əksinə, Azərbaycan bu yöndə həm dünyəviliyin, həm də dini inancların dil tapa biləcəyi bir ölkə kimi örnək ola bilər. Mən demirəm ki, məsələ bəsitdi, sadədi və balaca problemdi.  Mən sadəcə onu vurğulamağa çalışıram ki, dini inancın hər yerə və hər şeyə necə gəldi sirayət etməsi dini inancı olmayanların, neytral içtimai mühit istəyənlərin sosial həyatda imkanlarına necə arzuolunmaz təsir edə bilərsə, hökumətin bilavasitə dövlət idarəçiliyi ilə əlaqəsi olmayan sosial institutlarda  (məktəb, universitet – onlar dövlət idarəsi deyil) rigid, militarist, aqressiv dünyəvilik variantını dönmədən və qəddarca tətbiq etməsi də dövlətin dərin totalitarlaşmasına və dini inancı olanların marginallaşmasına bir o qədər yol aça bilər.
Buna ehtiyac varmı? Yox, yoxdur. Azərbaycan elə onsuz totalitar dövlətdi, insan hüquqları onsuz da önəm daşımır. Daha bunu dərinləşdirməyin,  nə mənası?   

No comments:

Post a Comment

gündəlikdə axtarış