Saturday, October 9, 2010

Balıqdan kimə nə? (zarafatsız)


İxtus yunancada balıq anlamına gəlir. İsəvilikdə həm də bir simvol kimi işlədilir, ancaq o qədər də geniş yayılmayıb. İxtus sözündəki hər hərf həm də qədim yunancada İsa Məsih, İlahinin Oğlu, Xilaskar (İesus Xristos, Teu Uiu, Sodzon) adındakı hər sözün baş hərfinə uyğun gəlir. Bu mənada, İxtus sözü bir abbreviaturadı.  

Ənənəyə görə, İsəviliyin təqib edildiyi vaxtlarda balıq bir gizli simvol kimi, Məsihilərin biri-birini tanıması üçün də istifadə edilərmiş. Məsihi olan birisi əliylə yerdə/divarda (xəyali) əyri xətt çəkərmiş/cızarmış və digər şəxs də həmin əyri xəttin başı və sonu ilə birləşən, onu balığa oxşadan ikinci əyri xətti çəkərək cavab verirmişsə, deməli adama etibar etmək olarmış.
Balıq simvolunun mənim üçün şəxsi anlamı var. Hələ uzun illər bundan öncə, bir dəfə Xəzərin əldən-ayaqdan uzaq çimərliklərinin birində ləpələrin sahilə atdığı çox kiçik ölü balığı torpağa basdırdım. Əslində basdıracaq deyildim, sadəcə köhnə həyatın simvolu, günahların torpağa gömülməsi kimi bir ideya vardı düşüncələrimdə və əlimə keçən ölü balıq, o anda onların hamısının simvolu, ritualı halına gəldi. Onu torpağa basdırdım ki, keçmişdən qopmağımı əmələ, simvola, rituala, sadəcə ruhumun deyil, həm də cismimin yaddaşına hopdurum. Onda İsəvilikdə balıq simvolu olduğunu bilmirdim. Bunu sonralar öyrəndim. Elə o gündən bu günə, balıq simvoluna qarşı qarışıq münasibətim, hisslərim var. Mənə elə gəlir ki, balıq nəyə görəsə adamı üşəndirən simvoldu.     

No comments:

Post a Comment

gündəlikdə axtarış