Wednesday, October 13, 2010

İsa Məsih, İlahi və İnsan - 1


Məsihiliyin ən önəmli və İslamla kökündən tərs düşən özəlliklərindən biri bədənləşmə inancı, qavramı və doqmasıdı. Sözügedən inanc-doqma həm də Musəvilik inancına bir qavram kimi tərs düşür. Bədənləşmə İsa Məsihdə Allahın insaniləşdiyini yəni insana dönüb, insan kimi yerə gəlib aramızda yaşadığını bildirir. Latınca, İngiliscə inkarnasiya sözündə ideyanın, inancın kökü görülür: inkarnasiya – bədənə çevrilmə, bədən alma, anlamına gəlir.
Ancaq bədənləşmə əslində iki nüansı birləşdirir. Bunun biri İlahinin bədən alması, həm də məhz insan bədəni alması, insaniləşməsi, digəri isə Rəbbin cismaniləşməsidi. Məsələ, burasındadır ki, bədən həm də cismdi. Bədən ət-qan, materiya deməkdi. Bu mənada, bədənləşmə əslində bir neçə nüansı içinə alır: Allahın insaniləşməsi (1), yəni Allahın insan kimi bədən-forma alması (a) və Allahın insan cismində təzahürü, insan kimi cismaniləşməsi (b). Sözügedən inanc insan üçün də müəyyən bir şeylər anlamına gəlir. İlahinin insana dönməsi, insanın İlahi məbədi olmaqla şərəfləndirilməsi, insanın öz insanlığını itirmədən müqəddəslik özəlliklərindən bəzilərini əldə etməsi, Allahla içi-içə olmaq səviyyəsində yaxınlaşması imkanı deməkdi. Bundan başqa, özəl olaraq Məsihilik kontekstində bu, insanın öz çiysüdəmmişliyindən qurtarmasıdı.
Məsihilik teologiyasında niyə İlahi insaniləşdi və niyə insan ilahiləşdi sorusuna ürəyiniz istəyən qədər cavablar-fikirlər-mübahisələr var. Uzun əsrlər boyu gəlişdirilən, özünəməxsus zəngin, dərin və şirin metafizik-fəlsəfi, inanca dayanan cavablarla maraqlanmaq istəsəniz araşdırmanızı məsləhət görərdim. Məni isə başqa şey maraqlandırır.
İslamda belə bir inanc yoxdu. Bəlkə bəzi mistik axınlarda buna bənzər inanclar olsun, ancaq onlar heç zaman İslamda mərkəzi, təməl inanc halına gəlməyib və İlahiyə bu səviyyədə yaxınlaşdığını iddia edənlərin qisməti Həllac Mənsurun başına gələn olub.  Bundan başqa İslamda özəl olaraq İsa Məsihin Allah olmadığı belə bir inancın yalan, sapma, küfr, bütpərəstlik olduğu irəli sürülür. Islama görə belə inanc Allahın təkliyinə şərik qoşmaqdı (şirk) və yolverilməzdi (İsa Məsihin ilahiliyini qəbul edib ona ibadət etmək).
Əlbəttə, İlahinin insaniləşib, insaniləşmədiyini əqli yollarla sübut etmək mümkün deyil. Odur ki, hər kəsə öz inancı qalır. Bir qayda olaraq, İslamda məsələ insan Allah ola bilməz şəklində qoyulur. Bəs əksinə necə? – Allah insan ola bilərmi? Məncə Allahın insaniləşməsini rədd etmək ideya kimi iki şeyi içinə alır: 1) Allah insan ola bilməz və ya insaniləşməyə qadir deyil, və ya 2) Allah insaniləşməyə, insan kimi bədən almağa qadir olsa da bunu etmir. Müsəlman birinci variantla razılaşa bilməz, çünki Allahın hər şeyə qadir olması inancını dolayısıyla inkar etmiş olur.  Odur ki, müsəlmanın razılaşacağı versiya ikincidi, Allah insan ola bilər, ancaq sadəcə insan olmur, insaniləşmir, insan bədəni almır. Niyə? Mümkün, gözlənilən cavab ya şirklə bağlı olacaq (Allahın insaniləşməsi, insanı özünə şərik qoşması kimi bir şeydi) ya da (və ya) metafiziki yön alacaq (Yaradan və yaradılış arasında fundamental fərqi yox etməmək üçün Yaradan yaratdığına çevrilməz). Əslində bu mövqeyə, ikincisinə, az-çox haqq qazandırmaq olar. Allah öz allahlığını yerə qoya, qeyri-allah, dolayısıyla yaradılmış (qeyri-yaradan) ola bilməz. Ona görə yox ki, Allah buna qadir deyil, ona görə ki, bunu qəbul etmək, dolayısıyla İlahi, Yaradan qavramını inkar etmək anlamına gəlir. Yaradanın tamamən yaradılmışa çevrilməsi Yaradan və yaradılmış qavramları arasındakı ən əsas fərqi silir və qavram özü anlamsızlaşır. Lakin məsələ burasındadır ki, müsəlmanın məsələyə bu cür yanaşması əvvəla sırf məntiqi-metafiziki yanaşmadı, ki bu da özlüyündə məhduddu, ikincisi, Yaradan-yaradılış arasındakı mümkün bütün münasibətlər spektrini təməl səviyyəyə, rigid “ya budur ya bu deyildir” səviyyəsinə endirməklə məsələni məncə bəsitləşdirir. 

No comments:

Post a Comment

gündəlikdə axtarış