Monday, October 18, 2010

İsa Məsih, İlahi və İnsan - 2



Bəs əgər Tanrı öz tanrılığını itirmədən, insan da öz insanlığını itirmədən biri-birinə dönsələr, girsələr, keçsələr necə olsun? İslamın bu varianta, belə bir şeyin olabilmə imkanına cavabı “yox”dur. Başqa sözlə, İslamda yaradanla yaradılış arasındakı münasibət “ya Yaradandır, ya da yaradılmışdır” şəklində qoyulur. Xristianlıqda isə İsa Məsihin timsalında sözügedən məsələ, “həm Yaradandır (İsa Məsih Rəbbdir), həm də yaradılmışdır (İsa Məsih insandır)” şəklində ortaya çıxır. Lakin Xristianlıqda sözügedən “həm belədir, həm elədir” münasibəti bütün yaradılışla Yaradan arasındakı münasibətlərə deyil, yalnız özəl, bir dəfə baş vermiş hadisə kimi, Fələstinli Yəhudi İsa ilə İlahi arasındakı münasibətlərə şamil edilir. Məhz buna görədir ki, İsa Məsihin İsəvilikdə özəl yeri var. İsa Məsihdə İlahi və insan qovuşub görüşüb birləşiblər və bir olublar. Bəs bu necə baş verə bilər? İsa Məsihin həm insan, həm də İlahi kimi necəliyini anlatmaq üçün İsəvilik tarixində fərqli bənzətmələrdən istifadə edilib. Bunlardan bəzilərini aşağıda yazıram. Ancaq nəzərə alaq ki, bütün bənzətmələr qüsurludur və sözünü etdiyimiz inancın bir tərəfini aydınlatsa da digər tərəfini qaranlıqda buraxır:

  1. Günəş və şüaları. Bu bənzətməyə görə günəş və şüaları necə biri-birilə eyni və fərqlidirsə, İsa Məsih də o cür İlahiylə eynidir və fərqlidir.
  2. Alovdakı metal (dəmirçinin döymək üçün alovda hazırladığı metal). Bu bənzətməyə görə metal alovdadır, alov metaldadır. Metal alov deyil, Alov da metal deyil. Ancaq qıpqırmızı qızarmış şölələnən dəmirdən alovu necə ayırmaq olmazsa, fərqini də necə inkar etmək mümkün deyilsə, İsa Məsihin də İlahi ilə münasibəti elədir: onlar biri-birindədirlər, onları ayırmaq olmaz ancaq bu onlar arasındakı fərqi itirmir.
Bəzən mən özüm İsa Məsihdə İlahini və İlahidə İsa Məsihi anlatmaq üçün sulu süngər bənzətməsindən istifadə edirəm. Sulu  süngər suyu canına çəkib. Su süngərdədi, süngər sudadı. Onlar biri-birindədirlər, iç-içədirlər. İsa Məsih də İlahini süngər kimi canına çəkib. Ancaq sudan bol süngər islaq, nəm olsa da süngərliyini itirmir. Su süngərdə olsa da, o süngərə çevrilmir. Eynilə bunun kimi, İlahi İsa Məsihdə insaniləşib, cismaniləşib ancaq bundan onun İlahiliyi itməyib. İsa Məsih İlahinin yerdəki təzahürüdür çünki İlahini canına çəkib, ancaq bundan onun insanlığı yoxa çıxmayıb.
Xristian teologiyasına görə İsa Məsihlə İlahi arasında eyniyyət, kimlik və yaxınlq o dərəcədədir ki, İlahiyə tapınmaq İsa Məsihə tapınmaqdı və İsa Məsihə tapınmaq İlahiyə tapınmaqdı.
Bundan başqa bədənləşmə inancı insanın İlahi məbədi olmasına yol açır. Məsihi İsa Məsihdə özünün də İlahi məbədi olacağını görür, qəbul edir və buna doğru can atır. Ancaq İsa Məsihin İlahiliyi (və İlahi məbədi olmasıyla) ilə insan(lar)ın ilahi məbədi olması arasında keyfiyyət və kəmiyyət fərqi var. İsa Məsihdə Rəbb və insan unikal, başqa heç bir varlıqda təkrar olunmayan şəkildə qovuşurlar, birləşirlər. Başqa varlıqlarda bu sözügedən həddə çatmır və Məsihiliyə görə, başqa varlıqların İlahi məbədinə çevrilməsi onlara tapınmağa əsas vermir. Məni bədənləşmə inancında ən çox özünə çəkən onun insan və Allah arasındakı yaxınlığı mümkün son həddə qədər götürməsidi. Bəzən deyirlər ki, İslamda İlahi ilə insan arasında vasitəçi yoxdu. İslamda başa düşülən mənada Xristianlıqda da belədir (Xristianlıqdakı vasitəçi qavramı İslamdakından fərqlənir): İsa Məsih sadəcə insan deyil axı, o həm də İlahidi. İlahi özü bizim cismimizə, formamıza girib aramıza gəlibsə, daha arada hansı vasitəçidən söhbət gedə bilər? Əgər biz Allahın məbədi ola biləriksə, daha arada hansı vasitəçiyə ehtiyac var?  
Məncə bu baxış bucağıdan baxsaq İsa Məsihin ilahiliyi və insaniliyi əslində insanla İlahinin başqa heç bir inancda olmayan şəkildə yaxınlaşma və 1ləşmə potensialından xəbər verir. Elə bir potensialdan ki, insanlığımızı itirmədən İlahiyə ev oluruq, İlahi də özünü itirmədən bizdə yaşayır.  

No comments:

Post a Comment

gündəlikdə axtarış