Monday, October 4, 2010

Günümüzün Elçiləri


Peyğəmbər deyəndə ilk ağla gələn nə olur? Allahla əlaqəsi olan və İlahidən vəhy alıb onu insanlara çatdıran şəxs. İslama görə, Məhəmməd son peyğəmbər olub, onun da insanlara gətirdiyi əsas vəhy İlahinin təkliyi və bu tək ilahiyə təslimiyyətdi. İslama görə bütün peyğəmbərlər İlahinin təkliyini və ona təslimiyyəti öyrədiblər.
Məsihilikdə də vəziyyət buna yaxındı, ancaq bir az dəyişik yönləri də var. Əvvəla, Məsihilikdə, ən azından çağdaş dönəmimizdə, peyğəmbərlik İslamdakı kimi səciyyələndirilmir. Bibliyaya göz atsaq, görəcəyik ki, peyğəmbərlik sözü daha geniş mənada işlədilib. Peyğəmbərlər, Əhdi-Ətiqə görə yalnız İlahinin təkliyini öyrətməyiblər. Bunu edən peyğəmbərlər olub, ancaq bundan başqa konkret tarixi dönəmdə, konkret hadisə, proses ilə bağlı xəbərlər gətirən peyğəmbərlər də varmış. Bu peyğəmbərlərin gətirdiyi xəbərlər və ya İlahi adına danışdıqları, verdiyi məlumatlar birbaşa İlahinin təkliyi-çoxluğu haqqında deyilmiş. Onların söylədikləri günün önəmli problemləri, məsələləri, hadisələri haqda, onlara münasibətlə bağlıymış. Məsələn, Yeşaya peyğəmbərin gətirdiyi xəbər(lər), İsa Məsih haqqında, ədalət haqqında, qurbanvermə ayininin ucuzlaşdırılması haqqında, qonşu dövlətlərlə bağlı döyüşlər və s. haqqındaymış. Əlbəttə, bunların hamısının dolayı, ya düzünə Tanrının müxtəlif keyfiyyətləriylə əlaqəsi var, odur ki, bütün peyğəmbərlər istər açıq, istərsə də üstüörtülü həm də Yaradanın müəyyən keyfiyyətindən xəbər vermişlər, danışmışlar. Bununla belə, bütün peyğəmbərlərin gətirdiyi xəbərlərin düzünə, yalnız və yalnız İlahinin təkliyi olduğunu söyləmək özünü doğrultmur. İlahinin təkliyi bəzən peyğəmbərlərin topluma verdiyi vəhyin ümumi çərçivəsi kimi çıxış edirmiş, digər bir halda isə ortancı olurmuş.
Ümumilikdə, məncə peyğəmbərlərin gətirdiyi vəhyləri üç qrupda birləşdirmək olar:
1)      İlahinin bu və ya digər keyfiyyəti, özəlliyi haqqında vəhylər,
2)      Konkret dönəmin, insanların, fərdlərin, məkanın maraq dairəsində olan məsələlər haqda vəhylər (gələcəkdən xəbər vermək və ya gələcəyi proqnozlaşdırmaq).
3)      Ədalət, sosial-siyasi həyatın kökündə duran prinsiplər haqqında vəhylər.
Hər üç sferaya girən vəhylər biri-digəri vasitəsilə mövcuddu və bölgü də şərti xarakter daşıyır.  Qutsal kitabın anlatdığına görə, peyğəmbərlər son nəticədə (bu günkü dillə desək) öz dönəmlərinin kültürəl tənqidçiləriymişlər. Onların əsas işi sadəcə İlahi haqqında intellektual bilgi vermək deyilmiş (Allah təkdir və ya hər şeyə qadirdir və s.), həm də sözügedən prinsiplər, bilgilər kontekstində öz toplumlarını tənqid etmək, onun ədalətsizliklərini anlatmaq, dönəmin həqiqətlərini dilə gətirməkmiş. Odur ki, bütün peyğəmbərlərin başı dərddə olub. Onları döyüblər, əziblər, söyüblər, qovublar, lağa qoyublar. Peyğəmbərlər həm də bir yerə qədər siyasətçi olublar, çünki sosial həyat haqqında mülahizə yürütmək, “proqramlarla” ortaya çıxarmaq, bunu açıq, içtimai şəkildə etmək, bunu edərkən Allahın adından danışdığını iddia etmək, bunu insanlara onların anlayacağı şəkildə və İlahinin anlatmaq istədiyinə tərs düşmədən çatdırmaq, onlara “burda səhvsən, orda doğru” demək siyasəti işin içinə gətirir.  
Çağdaş dönəmdə peyğəmbərlər hələ də var. Bu peyğəmbərlər ona görə peyğəmbər deyil ki, onlar Allahın təkliyini öyrədirlər. Onlar ona görə peyğəmbərdir ki, toplumun üzünə durmaq, hakimiyyətin üzünə həqiqəti söyləmək, lağa qoyulmaqla risq edib İlahinin adından ədalətsizliyi tənqid etmək kimi bir cəsarət göstərirlər. Zaman-zaman topluma, insanlara bunu (dönəmlərindəki ədalətsizliyi, azmışlığı, İlahinin varlığını) xatırlatmaq, onları silkələmək ehtiyacı, bu cür peyğəmbərlərin göndərilməsinə səbəb olur – onlar öz cəsarətləri və inancları ilə dönəmlərində bir dəyişiklik edirlər. Onlar ona görə peyğəmbərdir ki, bunu edərkən Tanrının müəyyən özəlliklərini insanlara dolayı ya düzünə xatırladırlar. Martin Lüter King belə peyğəmbərdi.
Məncə hər yerdə belə peyğəmbərlərə ehtiyac var. Görən Azərbaycanda belə peyğəmbər olacaqmı?     

No comments:

Post a Comment

gündəlikdə axtarış