Friday, May 28, 2010

Məsihi jurnalı


Məncə, Azərbaycanda İsəviliklə bağlı gözəl bir jurnal buraxmaq olar. Həm insanları İsəvilik üzərinə aydınlatan, həm inanclıların mənəvi ehtiyaclarını ələ alan, həm də Azərbaycanda Məsihi teoloji-dini məktəbinin, düşüncəsinin oluşmasına, ölkədəki gerçəkliklərə qatqısı olan bir jurnal. Belə bir jurnalı çap etmək üçün isə hər şeydən öncə savadlı və inanclı insanlar, işinə və seçiminə bağlı adamlar lazımdı.


Aşağıdakı prinsipləri təməl götürmək olar:
1. Ekumenizm. Jurnal ekumenik və ya ümumkilisə, ümumməsihi jurnal ola bilər. Bu o deməkdi ki, jurnal yalnız bir budağı, ancaq katolisizmi, sadəcə pravoslavlığı, təkcə protestantlığı deyil, ümumilikdə bunların hamısını bir araya gətirir və hamısının səsinə yer verir.

2. Çağdaşlıq və tarixi ənənəyə bağlılıq. Bu prinsipə görə jurnal çağdaş həyatın baxış bucağından inanca işıq tutur, çağdaş məsələlərə yer verir, günümüzün önəmli aktual məsələlərinə fikir formalaşdırır və çağdaş teoloji-dini, əxlaqi düşüncə və axınlarla dialoqa girir. Eyni zamanda bunları tarixi, uzun əsrlər formalaşmış bilik, ənənə, qaynaqlarına dayanaraqdan edir.

3. Tarazlıq, obyektivlik və çoxsəslilik. Fərqli mövqeləri balanslaşdırılmış şəkildə işıqlandırmaq, qarşı tərəfin səsini tanımaq və ona yer vermək, özünə tənqidi və sağlam münasibət qurmaq və qarşı tərəfin haqlı iradlarını nəzərə almaq.

4. Sadəlik və çoxməqsədlilik. Belə bir jurnalın çoxluq tərəfindən anlaşılması çox önəmlidi, odur ki, bu cür jurnalda sadə dil işlədilməli, hamını maraqlandıran inanc məsələləri ələ alınmalıdı. Akademik məsələlərə yer ayrılmalı, ancaq bunlar digərləri ilə balanslaşdırılmalıdı.

5. Toplumun yaşamında aktiv iştirak. Sosial məsələlərə fikir bildirmək, fərqli sosial fəaliyyət sahələrində iştirak etmək.

Belə bir jurnal Azərbaycanda Məsihiliyin həm gəlişməsinə, həm də bir sosial qüvvə kimi yetişməsinə yardım edər.

No comments:

Post a Comment

gündəlikdə axtarış