Bir insan tanıyıram. Dolayısıyla. Fərqli inanclardan keçib Məsihiliyə üz tutmuş bu adamın son günlər gözlərimin önündə göz görəsi, inancından imtina etməsi, ateistləşməsi, sözün düzü, məni bir az üzdü. Ancaq nə etməli? Görünür, belə də olmalıymış. Önəmli olan onun insanlığıdı, vəssalam. Gerisini biz deyil, Tanrı bilər. Ateistləşməsinin başlıca səbəblərindən biri, özünün dediyinə görə, İlahinin varlığı üçün yetərincə sübutun olmamasıymış. Lakin məsələ burasındadı ki, çağdaş elmi qavramların çərçivəsində axtarılan sübutlar Tanrı haqqında hər hansı birmənalı fikrə gəlməyə əsas vermir. Tanrının mövcudluğunu birmənalı sübut etmək mümkün olmadığı kimi, onun yoxluğunu da birmənalı sübut etmək mümkün deyil. Belədə, birinin seçəcəyi ən yaxşı mövqe ateizm deyil, aqnostisizmdi.
Tanrıya inancını dəlil-sübuta dayandırmağa çalışmaq əslində iradəsinin hesabına tam açıqlanması mümkün olmayan bir məsələdə qərara varmaqdan vaz keçməkdi. Bu da başa düşüləndi, çağdaş dünyamızda inanc bir qayda kimi, o qədər marginal bir məsələdi ki, onsuz da yaşamaq olar, onu həyatımızın qeyri-müəyyən parçasına çevirmək olar. Başqa sözlə Tanrının var olub-olmadığını bilmədən yaşamaq da mümkündü, çünki çağdaş dünyamızda çoxluq üçün bu o qədər də önəmli deyil.
Həmin şəxsin dəyişməsini görmək məni bir daha belə fikrə dönməyə vadar edir ki, inanc, daha doğrusu, iman Məsihiliyin öyrətdiyi kimi hədiyyədi. Rəbbin hədiyyəsi. Rəbb onu verməzsə, zorla onu almaq olmaz. Tanrıdan gəlməyən inanc isə son nəticədə qurumağa məhkumdu.
Tanrıya inanc son nəticədə dəlil-sübut yox, güvənc, ümid və qeyri-müəyyənliyə qatlanmaq işidi. Axı insanın əqli qavramlarına sığmayan bir anlayışı (deyək ki, səbəb-nəticə, zaman-məkan qavramlarından kənarda olmasını qəbul etdiyimiz X qavramını) necə sübut etmək olar? Əgər insan əqli zaman-məkan, səbəb-nəticə əlaqələrindən kənara çıxa bilmirsə, ən azından anlayış kimi zaman-məkan, səbəb-nəticə qavramlarına sığmayan İlahini əqlin, məntiqin imkanları daxilində tam və qəti necə sübut etmək olar? Məncə olmaz. Ən yaxşı halda dolayısıyla ehtimali olaraq bir-iki fikir yürütmək olar, vəssalam. Həmin o fikirlər də qəti qərara gəlməyə əsas vermir, şərhə bağlıdı və sonucda sizin qərar verməniz gərəkir – həmin qərara gəlincə, o qərar özü də Tanrının işi ola bilər. Bundan o tərəfəsi inancdı. Ya onun olduğuna, ya olmadığına, ya onun əqllə sübutunun mümkünlüyünə, ya da mümkün olmadığına inanacaqsınız. Hətta əqlin Tanrının mövcudluğunu sübut edib-etməmək yetənəyinin özünü belə dəlillərlə sübut etmək qeyri-mümkündü. İnancın obyekti olan bəzi məsələləri bəlkə dolayısıyla bir şəkildə elmi yolla əsaslandırmaq olar, çünki inancın obyekti sadəcə Tanrının varlığı mövzusu deyil, həm də inancla bağlı dolayı-düzünə başqa hadisələrdi. Məsələn, Davud peyğəmbərin İsraildə kral olmasını tarixi dəlillərlə bəlkə təsdiqləmək olar. Ancaq bəs Davudun peyğəmbər olmasını necə, tarixi dəllilərlə də sübut etmək olarmı? Bu artıq kimya, fizika elmiylə sübut ediləcək haqq-hesab deyil. Tarix elmiylə də arxeologiyayla da bunu sübut etmək olmaz, çünki sözügedən məsələlər çağdaş elmin anlayışlar aparatına yaddı. Buna ya inanacaqsan, ya da yox.
Bir neçə ay bundan öncə Kierkegaardın Qorxu və Titrəmə (Fear and Trembling) əsərini oxuyurdum. Çox maraqlı əsərdi. Diqqətimi çəkən nüanslardan biri də bu idi ki, müəllifə görə, Tanrıyla münasibətə girdiyimiz zaman, xüsusən də birbaşa mistik kimi ilişkimiz başladığı vaxt Tanrının insandan etməsini istədiyi şeyləri insanlara açıqlamaq sadəcə mümkün olmur: onu anlatmağa dil yoxdu, anladılsa da belə, həmin o nəsə özünün xarakterinə görə inanılmazdı. Kierkeqaard bunu İbrahim peyğəmbərin oğlunu qurban etməsi üçün götürməsini ətrafındakı insanlara necə anlada bilər sualına baxmaqla anladır.
Tanrıya inanc da əslində belədi. Allahsız yaşamaq olarmı? Gündəlik yaşamın baxış açısından əlbəttə olar, ətrafınızdakı Tanrıya inanmayan, ateist və ya İlahiyə inancı üzərində düşünmək üçün ciddi hesab etməyəcək qədər önəmsiz hesab edən, bu məsələdə yerli-dibli hər hansı bir fikir formalaşdırmadan şad-xürrəm yaşayan insanlara baxın. Elə isə niyə inanırsınız? Bu suala birmənalı cavab vermək özü çətindi. Tanrı hər şeyi izah edib-bitirən anlayış deyil, yəni bir elmi nəzəriyyə kimi də ən azından günümüzün naturalist dünyagörüşünə görə onsuz keçinmək olar. Onda daha İlahiyə niyə inanansan ki? Bəlkə cənnətə getmək, cəhənnəmdən qurtulmaq üçün Allaha inanırsınız? İlahiyə inanc səbəbiniz budursa, onda içinizə göz atın və ya qorxudan, ya anlamsızlıqdan, ya da eqoizmdən Tanrıya inanmadığınıza əmin olun, çünki bu motivlərə dayanan inanc zəifdi və hələ gedəcəyi çox yol var. Tanrını sevdiyinzə görə, ona inanırsınız? Hmm...insan hər gün gördüyü sevgilisini belə ömrü boyu sevməkdə çətinlik çəkir, o ki qaldı yerli-dibli görmədiyi İlahi ola.
Nəyi demək istəyirəm? Onu demək istəyirəm ki, Tanrıya inancınızın səbəblərini araşdırsanız belə, orda da düz-əməlli başlı səbəb tapa bilməyəcəksiniz. Lakin, həyatda hər şeyəmi səbəb lazımdı?
İnanc özlüyündə bir mistikadı, tapmacadı. Bu hədiyyəni ya qəbul edəcəksən, ya da yox.
No comments:
Post a Comment