"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Tuesday, June 8, 2010
Teofani və teo-fani
Teofani yunan sözüdü. Bizim dilimizə təcəlla kimi çevirmək olar. Təcəlla İlahinin özünü insanlara bir şəkildə göstərməsidi. Əslində Rəbbin insanlara danışması da Tanrının özünü insanlara göstərməsidi, lakin təcəllada Tanrının insanlara görünməsi və ya insanlarla əlaqəyə girməsi daha intensiv, sıx və daha yaxın olur. Elə buna görə də təcəllaya vəhyin özəl, daha konkret, daha açıq və görməklə qavranılan şəkli deyilə bilər. Teofani (teofaniya, teofanos kimi şəkilləri də var) və ya təcəlla bütün İbrahim dinlərində tanınan bir fenomendir.
Teo-fani isə yunan sözü deyil. Teo-fani yunan-ərəb sözünün birləşməsindən ortaya çıxarılıb. Teo, yunancadakı teos - İlahi sözündən, fani isə ərəbcədən dilimizə keçən fani, yəni ötəri, keçici, bu dünyaya bağlı mənasını verən sözün birləşdirilməsindən yaranıb.
Teo-fani (ikinci a səsi bir az uzun tələffüz olunur) teofaninin bir növüdü, ancaq konsept kimi vurğu İlahinin özünü ötəridə, keçicidə açıqlamasındadı. Başqa sözlə, teo-fani, Tanrının fanidə, keçici olanda təcəllasını bildirir və ya təcəllanın keçici, ötəri özəlliyinə diqqət çəkir. Əslində Tanrıdan başqa hər şey ötəri, keçici və müvəqqəti olduğu üçün istənilən təcəlla bir növ ötəri, keçici olan vasitəsilə baş verir. Lakin təcəlla və ya teofani sözündən fərqli olaraq teo-fani sözü təcəllanın məhz keçicilik, ötərilik və müvəqqətilik yönlərini vurğulayır və Tanrının özünü ötəri, keçici və müvəqqətidə açıqlamasının fani olan üçün nəticəsini, təsirini qabardır. Başqa sözlə teo-fani konseptində Rəbbin təzahürü ilə ötəri, keçici, fani arasındakı münasibət təcəlla kontekstində qabardılır. Halbuki teofanidə və ya təcəllada bu belə deyil. Belədə teo-fani, teofaninin başqa bir aspektdən adlandırılmasıdı.
İndi uzunçuluq etməyi buraxaq gələk mətləbə. Mətləb də budur ki, İsa Məsih teo-fanidi.
İsa Məsihin teo-fani olması o deməkdir ki, İlahi özünü bir insan kimi ötəri, keçici, fani özəlliklərinə malik adəm övladında tanıdır. Bu mənada, İsa Məsihin teo-fani olması onun insanlığında, bəşəriliyində İlahinin özünü tanıtmasına diqqəti çəkir. İsa Məsih ilahi təbiətli olsa da o həm də insan kimi cana, ətə-qana malik idi.
İsa Məsihin ölümdən dirildiyini həm də bütöv, yəni canla, ətlə-qanla dirildiyini və sonradan göyə çəkildiyini nəzərə alsaq, İsa Məsihin doğulmasında, yaşamında, ölümündə və dirilişində Tanrı fani olan üçün bir şeylər anladır və fanidə baş verən keyfiyyət dəyişikliyini ortaya qoyur. İsa Məsih teo-fanisi İlahinin faniylə əlaqəyə girdiyi zaman fanidə baş verən dəyişiklikləri xoş xəbərin bir parçası kimi açıqlayır.
Qutsal Kitabın öyrətdiklərinə göz atsaq bunlardan bəzilərini belə anlatmaq olar:
1) Fani olan, Tanrı onda yaşadıqca və Tanrı onu özünə bağlı tutduqca əbədi (əzəli deyil) yaşamaq, var olmaq imkanını qazanır. İsa Məsihdə olduğu kimi, Müqəddəs Ruhun hesabına fani olan ölümdən dirilir və bir daha ölməmək, əbədi yaşamaq üçün İlahi Atanın hüzuruna çağrılır.
2) Fani olan, Tanrı ilə digər fanilər, ötəri, keçici nəsnələr arasında bir vasitəçi, İlahinin yaşadan sevgisi və mərhəməti üçün bir ötürücü, vasitəçi rolu oynaya bilər. İsa Məsihdə (onun doğuluşu və yaşamında) olduğu kimi, Tanrının məbədi, surəti halına gəlmək mümkündü.
3) Fani olan, İsa Məsih hadisəsində (fiziki və maddi olaraq diriliş) olduğu kimi, Tanrının gücündən, Qutsal Ruhun nəfəsindən, yenilənir, təzələnir və canlanır. Özündən bir şeylər itirmir, əksinə özünü bərpa edir.
4) İsa Məsihə və onun kimi inanan hər kəsin fani cismi inancın gücüylə və İlahinin möcüzəsiylə dəyişəcək, cismani özəlliklərini saxlayan ruhsal bədənlərə çevriləcək.
Belə sonuçları uzatmaq da olar. Ancaq məncə bütün bunlar teo-fani konseptini əsaslandırmaq və onu Xristian teologiyası kontekstinə oturtmaq üçün yetərlidi.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment