Sunday, June 13, 2010

Islam və Məsihilik: İlahi üzərinə vəhyin ortancı və qırağı

Həm İslamda, həm də Xristianlıqda İlahinin təkliyi qəbul olunsa da fərqli başa düşülür – bunu bir daha təkrarlayım. Bunun daha dərində yatan kökləri var. Məncə, İslam İlahinin kəmiyyətinə, sayına, Məsihilik isə, İlahinin keyfiyyətinə, necəliyinə diqqət yetirir.

İslamda İlahi təkdir, bunu qəbul elə, bundan sonra da Məhəmmədin Allahın təkliyini öyrətdiyinə və onun peyğəmbəri olduğuna inan, olursan müsəlman.

İsəvilikdə isə, vurğu İlahinin sevgi-mərhəmət keyfiyyətinin olması üzərindədi. İlahinin təkliyini İsa Məsihdən öncə də bilirdilər, ondan sonra da bilirlər. Bunu qəbul etməklə birisi xristian olmaz.
Necə deyərlər, İlahinin təkliyinə inanmaq İsəvi sayılmaq üçün zəruri olan ancaq yetərli olmayan bir şərtdi. Ancaq, bundan əlavə, İsa Məsihin İlahi sevgisinin təcəllası olmasını, onda İlahi əfvin inanan hər kəsə hədiyyə kimi verildiyini, Onun vasitəsilə Rəbbin Səltənətinə yol aldığımıza inanmaqla İsəvi olarlar.


Quranı və İncilləri oxumaqla bu fərqi daha yaxşı görmək olar. Quranda ən çox bəhs olunan mövzu, Allahın təkliyi, onun gücü-qüdrəti, yolunu azmışları cəhənnəmdə bişirib-qaynatmasıdı. İncillərdə Allahın təkliyindən çox nadirən söhbət gedir. Əksinə, bundan çox, İsa Məsihin həyat hekayəsi anladılır, onun insanları tövbəyə çağırdığı, ədalətli həyata səslədiyi, İlahinin Lütfkarlığından və barış dolu səltənətindən və dolayısıyla İsa Məsihin bu işdə rolundan bol-bol bəhs edilir. Əlbəttə, İslam Tanrının insanları sevməsini inkar etmədiyi kimi, Məsihilikdə də İlahinin insanlara cəzalandırması inkar edilməz.

Lakin İsəvilikdə İlahi haqqına bilginin mərkəzi-ortançı Tanrının sevgisi, mərhəməti, az-çox periferiyası - qırağı isə İlahinin təkliyidi. Az-çox qıraq deyirəm ona görə ki, Tanrının təkliyinə inanmaq İsəvi olmaq üçün şərtdi. İslamda isə Allah haqqında bilginin ortancı onun təkliyi, qırağı isə onun insanları sevməsidi.

No comments:

Post a Comment

gündəlikdə axtarış