Saturday, May 1, 2010

Dilimizin dilimləri - 4

Bundan başqa, dildən alınma sözləri tam, həmişə-fasiləsiz, ardıcıl atmaq və alnma söz olmayan dil qurmaq qeyri-mümkündü. Sözügedən hərəkatın bütün cəhdləri, ən yaxşı halda və son nəticədə dildə mənşəcə alınma sözlərin çəkisini azalda bilər, vəssalam. Bu, ən bəsit, ən ümumi və hər kəsə bəlli olan bir gerçəklikdi. Ancaq buna ehtiyac varmı? Məncə deyil. Bütün dillər söz alış-verişindədir və bütün dillər söz, anlam, konsept, qrammatika elementlərini alıb-verməklə dəyişir, zənginləşir, assimiliyasia olunur/edir, ölür və yeni dilə çevrilir. Keçmiş ölür, onun izindən başqa heç nə qalmır.
Hətta öz dillərini yanlış anlayıb ondan mənşəcə alınma sözləri çıxarmaq niyyətiylə dillərini zorlayan insanlar belə öz dillərindən alınma sözləri tam çıxara bilməzlər. Bu, həm dili kasıblaşdırar, həm onların fikirləri ilə hər kəs razılaşmadığına görə baş tutmaz, həm də dilə müntəzəm, arasıkəsilmədən yeni alınma sözlər təbii bir proses kimi axıb gəldiyi üçün bitməz. Buna görə də dildən alınma sözlərin atılması boş fəaliyyətdi və son nəticədə həm də müvəqqətidi. Bu günün dil şovinizmi bitəcək ancaq dil yenə də söz almaqda davam edəcək. Sözügedən prosesin ən bariz nümunəsi qonşumuz Türkiyənin dilidi. Bir zamanlar üzü Məkkəyə, Mədinəyə baxan Osmanlı saraylarında Ərəb və Farsca danışmaq, dildə Ərəb-Fars sözləri işlətmək - və ya ürəyinizdən keçirsə “zibilləmək” də deyə bilərsiniz - əsil-nəcabət əlamətiydi. Osmanlı öldü, miliyyətçilik, dövlətçilik, dilçilik Türkiyəyə ayaq açdı və Türkiyə üzünü Qərbə çevirib “laikləşdi.” Dildən Ərəb-Fars sözlərini atdılar. Ancaq bununla axı hər şey bitmədi. İndi türklər “televizyon”a baxır, bəziləri alınma söz işlədiləndə “şoke” olur və ərəb-fars sözlərini işlətməkdən vaz keçməyənləri “modern” olmamaqda “suçlayırlar”. Tənzimat türkcəni alınma sözlərdən qorumadı. Sadəcə keçmişdə alınma sözlərin mənbəyi kimi çıxış edən Ərəb-Fars dillərini eyni rolda çıxış edən, yeni dövrün daha nüfuzlu, dövrün təqlid olunan dilləriylə əvəzlədi. Mənə irad tutula bilər ki, tənzimatın nəticəsində türkcədə alınma mənşəli sözlərin çəkisi azaldı, öz mənşəli sözlərin çəkisi artdı. Buna artıq qismən yuxarıda dilin yanlış qavranılmasını açıqlarkən cavab vermişəm. Burda yalnız belə bir əlavə edə bilərəm ki, gələcəkdə texnikanın önəmi artıqca, gerçəklik daha da dəyişdikcə, qloballaşma yer kürəsindən dilləri süpürüb atdıqca türkcə də ən yaxşı halda leksikonun yüzdə doxsanı mənşəcə alınma sözlərdən ibarət olan, kökü qrammatikası isə türk-altay dillərindən olan dil kimi qalacaq. Qalsa belə, buna şükür. Odur ki, dildə alınma sözlərin çəkisini azaltmağa özəl səy göstərmək də (özəl səy planlı, ardıcıl, bir ya ən çox iki nəslin həyatı dönəmində gerçəkləşdirilən işi anladır burda) dili keçmişinə yadlaşdırır və geniş tarixi kontekstdə yenilgiyə məhkumdu. Deyilə bilər ki, dili yavaş-yavaş “təmizləyək” alınma sözlərdən, gələcək nəsillər də bu yöndə davam edər və dilimiz üç-dörd-beş nəsildən sonra dil “təmizlənər”. Bu, xam xəyaldı. Ona görə ki, gələcək nəsillərin maraqlarını biz müəyyən etmirik və edə də bilmərik. İkincisi ona görə ki, dil onsuz dəyişir. Gələcək nəsillər bu dəyişikliyi bizim kimi qavramaya bilər.


Bax burda, iki nüansa diqqət yetirməklə cızma-qaramızı bitirək. Bu yazını oxuyub elə düşünməyin ki, mən dil(im)in dondurulmasının tərəfdarıyam. Mən özüm ara-sıra dilimizlə mazaqlaşaraq türk-altay kökənli yeni sözlər qurmağa çalışıram. Ancaq bu mənim üçün heç vaxt planlı, ardıcıl və ərəb-fars sözlərinə nifrətdən qaynaqlanan, həmin sözləri atmaq üçün həyata keçirilən bir iş olmayıb. Dilimizdən alınma sözləri atıb, yenisini yerinə qoyub, sonra da onu dondurmaq olmaz. Dil durmadan dəyişir və toplumun, ayrı-ayrı fərdlərin tam nəzarətində deyil. Yəqin bu da tarixin ironiyasıdı ki, dildəki müəyyən leksikokunun dəyişdirilməsi uğrunda hərəkat, dilin daha başqa dillərdən daha çox alınma sözlər qəbul etməsini və son nəticədə özünə yadlaşmasını sürətləndirir. Məncə bu prosesi sürətləndirmək lazım deyil. Dildə yeni sözlər çıxararaqdan mənşəcə alınma və mənşəcə öz sözlərin hesabına sinonimliyi artırıb dili zənginləşdirmək olar, ancaq mənşəcə alınma sözlərin çəkisini azaltmaq üçün geniş miqyaslı, planlı, ardıcıl, aqressiv, yeni sözlər çıxarmağa və bu sözlərin hesabına mənşəcə alınma sözlərin işlədilməsini marginallaşdırmağa ehtiyac yoxdu. Mən dildəki təbii dəyişikliyin əleyhinə deyiləm. Davamlı tarixi prosesin parçası kimi gəldi-gedər, dildə müəyyən leksikonu dəyişdirmək hərəkatıyla da özəl alıb-verəcəyim yoxdu. Mən sadəcə onsuz da dəyişən, alınma sözləri alan və atan dilimizin planlı, zorla, qəfil və aqressiv “dəyişdirilməsini” və öz keçmişinə yadlaşdırılmasını qəbul edə bilmirəm.

No comments:

Post a Comment

gündəlikdə axtarış