Artıq qeyd etdiyimiz kimi, bizim dilimiz bütün sözləri ilə birlikdə, alınma və qeyri-alınma, bizim dilimizdi. Alınma sözlər dilimizdə alındığı dildə olduğundan fərqli tələffüz olunur (eşq sözündə olduğu kimi – biz onu boğazdan gələn “ayn” səsiylə tələffüz etmirik), fərqli işlədilir və fərqli mənalar kəsb edir (müttəhim Ərəbcə ittiham edən deməkdi, biz isə onu ittiham olunan mənasında işlədirik). Hətta bu, bütün sözlər üçün keçərli olmasa da alınma sözlər dilimizdə dönə-dönə işlədilməklə, yeni çalarlar qazanmaqla faktiki olaraq bizimkiləşir.
Eşq, sevda, nadan, kitab, dilbər, ağıl, xalq, ünsiyyət, spiker, kompüter, parlament, məclis, universitet, adam kimi sözlər bizim olur. Onlar mənşəcə alınma olsa da, işlədilmə-uyğunlaşdırma-fərqli məna çaları kəsb etmə prosesindən keçib bizimkiləşir. Kənddə qoyun otaran Xanış kişi adam sözünün alınma olduğunu anlar, ancaq bundan dolayı bu təbii, alışdığı, ömrü boyu işlətdiyi sözü atmalı olduğunu və yerində kim bilir nə sözü işlətməsi gərəkdiyini anlamaz. Alınma sözlərin sadəcə mənşəyinə görə bizə aid olmadığını vurğulayan və buna görə də onların bizim dilimizə yadlığını irəli sürən və onları bizim olmayan kimi qavrayan yanaşma dilin özünü yanlış qavrayır, dillərin qarşılıqlı təsir prosesini gözardı edir və özü-özünə mental dil karikaturası yaradır. Bundan başqa, alınma sözlərin dildən çıxarılması əslində dilin bütövlükdə kasıblaşmasına yol açır. Dildəki bir dilimin (bu halda Türk-Altay diliminin) qabardılması isə bütün dilin deyil, məhz həmin dilimin gəlişdirilməsinə səbəb olur. Bunun isə ümumilikdə nəticələri ağırdı və qaş düzəldən yerdə vurub göz çıxartmağa bənzəyir. Dilimizdəki, adam, adəm, bəşər, insan sözlərinin hamısı alınmadı. Bu sözlərin hamısının özünə görə işlənmə çaları, məna incəlikləri var. Sizcə nə etməliyik? Bunları atıb yerinə sadəcə türk mənşəli söz çıxarmalı və itkidən gələn boşluğu kompensasiya etmək üçün beş-altı söz yaratmalıyıq? Eyni şey sevgi, sevda, eşq, məhəbbət, bilgisayar, kompüter, natiq, spiker, özəl, xüsusi sözləri üçün də keçərlidi. Və ən başlıcası nəyə görə, dilimiz sadəcə bir dilimi ilə eyniləşdirilməlidi?
Dildən alınma sözlərin atılması dilin və son nəticədə dili işlədən cəmiyyətin, toplumun öz keçmişinə yadlaşması deməkdi. Əlbəttə, hər bir halda dil və cəmiyyət öz keçmişinə münasibətdə aradakı gerçəklik-yaşam dəyişməsinə görə bir yerə qədər həmişə davamlı, tədrici yadlaşma yaşayır. Füzulini indi oxuyan soydaşımız bir yerə qədər ona yaddı, çünki bu günkü dil, artıq o dilindən az-çox fərqlənir. Lakin Füzulu bizə Orxon-Yenisey abidələrinin dilindən daha yaxındı: Füzulidən beş söz anlayırıqsa, Orxon-Yenisey abidələrindəki dildən bir sözü belə zorla anlayırıq, o da universitetdə o dili öyrənəndən sonra. Ancaq bu yadlaşma təbiidi və uzun əsrlər ərzində baş verdiyinə görə, dillə onun keçmişi arasındakı əlaqə tam itmir və yadlaşma proses kimi tədrici olub çoxlu nəsilləri içinə alır. Halbuki dildəki müəyyən leksikonun dəyişdirilməsi hərəkatı dilə müdaxilə edib, bir-iki nəslin həyat dönəmi ərzində ən azı bəzi alınma sözləri atmağı planladığı üçün cəmiyyətin öz yaxın keçmişinə belə dilə görə yadlaşamasını stimullaşdırır. Bu günkü Türkiyəli bir əsr əvvəlin dilini anlamağa çətinlik çəkir, çünki dil tənzimatı keçmişin dilini, bu günün türkcəsi və türkcə danışanı üçün anlaşılmaz edib. Bunun tək adı siyasi məqsədlərə görə nəsillərarası dil və şüur amneziyası yaratmaqdı. Nəsillərarası əlaqə isə dillə təmin olunduğuna görə və bu, dildəki müəyyən leksikonu dəyişdirmə hərəkatının tarixi planda efemeral mövcudluğundan daha üstün dəyər olduğuna üçün, dildəki müəyyən söz qrupuna imtiyaz verib, yerdə qalanı marginallaşdırıb onları alınma adı altında planlı, ardıcıl atmağa ehtiyac yoxdu.
No comments:
Post a Comment