Dildəki müəyyən leksikonun dəyişdirilməsi uğrunda hərəkat isə, məhz bu faktı elə beləcə də dəyərləndirməkdən başlayır. Dilimizdə alınma sözlər var (fakt), bu heç də xoş deyil (dəyərləndirmə) və bunları təmizləmək lazımdı ( dəyərləndirməyə uyğun reaksiya). Bu cür yanaşmada dilimiz ifadəsi dilimizi bütövlükdə deyil, özünün bir komponenti ilə, türk-altay, mənşə komponenti ilə eyniləşdirir. Nəyə görə, dildəki müəyyən leksikonun dəyişdirilməsi uğrunda hərəkatın tərəfdarları belə edir? Ona görə ki, onlar dili yalnız və yalnız bir komponenti, mənşə (Türk-Altay dil ailəsi) və qrammatika (aqqlünativ dil, türk-Altay dil ailələrinin özəlliyi) dilimi ilə eyniləşdirir və burdan da məntiqi sonuca varır: bu komponentdən kənar sözlər alınmadı (tamamən doğru nəticə), alınma olduğuna görə yaddı (yanlış dəyərləndirmə) və dildən çıxarılmalıdı (yanlış dəyərləndirmədən gələn yanlış reaksiya).
Mən bu axımın hansı yanaşmadan qaynaqlandığını anlasam da, xeyrinə düz-əməlli başlı arqument verə bilmərəm. Bununla belə, mənə elə gəlir ki, bu hərəkatın tərəfdarlarının öz yanaşmaları nöqteyi-nəzərindən ortaya qoya biləcəyi ən azı iki arqumenti verə bilərəm (“Ərəblər geridə qalıb, bütün farslar rasistdir, Ruslar dilimizi əlimizdən almaq istəyirdilər” kimi qeyri-ciddi və birtərəfli ümumiləşdirilmiş arqumentlərə baxılmır): 1) dildən alınma sözlərin çıxarılması (çəkisinin azaldılması) dilin qorunub saxlanmasına səbəb olur və 2) dilin gəlişdirilməsinə yol açır (dilin öz sözlərinin çəkisinin artmasına səbəb olur).
Sözügedən arqumentlərin əleyhinə aşağıdakı arqumentləri qoya bilərəm. Bütün arqumentlərə ayrılıqda baxılacaq. 1) Yanaşma kökündən yanlışdı və dilimiz üçün arzuolunmaz nəticələr verir. 2) Dildən alınma sözlərin atılması dilin yadlaşmasına yol açır, 3) dildən alınma sözlərin atılması boş və öz təbiətinə görə çox müvəqqəti bir fəaliyyətdi. Qısa haşiyə çıxım. Mən, dilin yavaş-yavaş, tarixi, təbii proses kimi söz alıb-verməsinin, dildəki mənşəcə alınma və mənşəcə öz sözlərin çəkisinin dəyişməsinin əleyinə deyiləm. Mən bu prosesin nəzarətə götürülməsinin, idarə olunan proses kimi qavranılmasının və dilə buna görə müdaxilə edilməsinin, bir ya iki nəslin həyatı dönəmində dildə zorla, ardıcıl, aqressiv planlı fəaliyyət nəticəsində bir qrup sözlərin (bu halda mənşəcə alınma) çəkisinin azaldılmasının və başqa qrup (bu halda mənşəcə öz) sözlərin çəkisinin artırılmasının önəmsiz və zərərli olduğunu düşünürəm. Keçək arqumentlərə.
No comments:
Post a Comment