Tuesday, April 13, 2010

Dilimizin dilimləri - 1



Bəziləriniz xatırlayar yəqin, bir vaxtlar gündəlikdə dilimizin adı haqqında yazmışdım. İndi də dilimizdə baş verən, daha doğrusu, bir çox tanış-dostun, yazarın fəaliyyətində görülən başqa bir axım haqqında yazmaq istəyirəm. Sözün düzü, bu axımı, cəhdi, necə adlandıracağımı bilmirəm. Məsələn, buna “dilin təmizlənməsi” demək olar və yəqin ki bəziləri elə belə də deyir: “dilin alınma sözlərdən təmizlənməsi”. Bəziləri bu axıma, ara-sıra rastlanan özəlliyə bir ad verməsə də yazılarında bu axımın içində üzdükləri bəlli olur. Məsələn, Niyazi Mehdi, sevdiyim düşüncə insanı, öz yazılarında bir qayda olaraq adda-budda yeni sözlər, neologizmlər işlədir və ya dilimizdə türk mənşəli, vulqar, ədəbsiz sayılan sözləri bu özəllikdən qurtarmağa və dilimizdəki uyğun ərəb-fars sözünün əvəzedicisi kimi aktivləşdirməyə çalışır. Onun “geydirmə” sözünü saxta sözünün əvəzləyicisi kimi işlətməsi buna örnək ola bilər.

Beləliklə, yəqin ki nədən bəhs etdiyimi anladınız. Mən bu axımı dilimizin təmizlənməsi adlandırmaqdan çəkinirəm, çünki bu ad və ya buna bənzər adlar artıq elə başlanğıcdan məsələnin birtərəfli qoyulduğunu göstərir və hec vəchlə neytral deyildir. Götürək dili(mizi)n təmizlənməsi ifadəsini. Bu ifadə dilimizdəki bir qrup sözləri yad kimi qavrayır, onları özgələşdirir və həmin sözlərin dildən çıxarılmasını müsbət dəyər kimi ortaya qoyur: sanki alınma sözlər dili çirkləndirir, onları atmaq dilin təmizlənməsi anlamına gəlir. Sanki dilimiz sadəcə özünün bir dilimində bizim dilimizdi, başqa dilimləri ona yaddı, başqa dilimlərini kəsib atmaq, yanan alovu sönükləşdirmək gərəkdi. Bu cür yanaşma artıq başlanğıcdan dilin fərqli komponentlərini biri-birinə qarşı qoyub yadlaşdırır, onlardan birini doğma digərlərini isə yad qəbul edir. Bu cür yanaşma elə başlanğıcdan doğma saydığı ilə özünü bir görür və dilin digər dilimlərini, komponentlərini atmaqla dili “təmizləməyə” çalışır. Mən bu hərəkatı dilin təmizlənməsi deyil, “dildəki müəyyən leksikonunun dəyişdirilməsi” uğrunda hərəkat adlandıracam. Bu ad daha neytral səslənir məncə, hərçənd özüm heç də neytral deyiləm və bu cızma-qarada da neytral olmamağımın səbəblərini açıqlayacam.

Gəlin başlayaq. Bizim dilimiz hər necə adlanmasından asılı olmadan söz tərkibinə görə başqa dillərdən alınma sözləri də içərir. Bu alınma sözlərin böyük qismi Ərəb və Fars dillərindən daha az qismi isə Rus, İngilis, Fransız və başqa dillərdən gəlir. Sözügedən dillər həm də bizim dillə başqa dillər arasında vasitəçi rolu oynayır. Dilimiz sanskrit mənşəli sözləri Farscadan, Latın-yunan mənşəli sözləri isə Rusca vasitəsilə mənimsəyə bilər. Şərti olaraq belə deyək ki, dilimiz Türk, Fars, Ərəb və digər dilimləri olan bir dildi. Bu dilimlərin hamısının kökündə Altay-Türk dil ailəsinə girən dilin qrammatikası, odu-alovu durur. Mənim inancıma görə, dilimiz bütün alınma sözləri ilə birlikdə bir dildi, bizim dilimizdi və alınma sözlər doğmalaşıb, bizimkiləşib bizim sözümüz olur. Mən onların alınma sözlər olduğunu əlbəttə inkar etmirəm, lakin bu sözlərin alınma olması faktını hissi-emosional, mənfi dəyərləndirilən və beləliklə də təmizlənməsi gərəkən bir şey olmasını rədd edirəm.

No comments:

Post a Comment

gündəlikdə axtarış