Ruhun qaranlıq gecəsi haqda yazib-yazmadığımı xatırlamıram. Yazmışamsa, onda bir daha yazım və xatırlayaq ki, ruhunun üstünü qaranlıq alan tək bizlər deyilik.
Ruhun qaranlıq gecəsi bir çox inanclıların keçib getdiyi və ya getməli olduğu şübhə və qorxu, ümidsizlik, tənhalıq, həsrət və sevgi qarışıq böhran dönəmini bildirir. Ruhsal yaşamdakı böhran ruhun qaranlıq gecəsinə bənzədilib və bənzətmə də orta əsrlərin ispan mistiki Xaçlı Yuhənnadan gəlir. O, həbsdəykən yazdığı şeirdə öz ruhunun qaranlıq gecəsindən, sevgili İlahiylə görüşə getməsindən danışır. O gündən bu günə, Məsihilikdə ruhi böhranın və həsrətin metaforu aysız gecədə yolunu azmış ruhdu.
Nəyə görə ara-sıra ruhumuz qaranlıq gecədəymiş kimi işığı itirir və büdrəyir? Niyə insanlar inanclarında böhran yaşayırlar? Məncə, bu, təbii bir (dini) inanc gəlişməsidi və inancını tərs kimi, inadkarcasına tutub buraxmayan, gerçəkliklərin fani ancaq güclü yönünə özünü təslim etməyən hər bir inanclı az-çox inancında böhran yaşamağa layiqdi. Düzdür, yanlış oxumadınız, məhz “LAYİQDİR” yazmışam.
Ona görə layiqdir yazmışam ki, inancı bərkə-boşa düşməyən, çətinliklərdən keçməyən birisi imanında böyüməz və yetişməz. İmanı donuqlaşmamış, dünyaya və Rəbbə açıq,yaşantılarından inancına ibrət alan hər kəs elə bu açıqlıqla çətinliklər yaşayacağını da qəbul etməlidi. Ruhunu qaranlıq gecədən qurtarmağa çalışan hər inanclı şəxsi yaşantılarından bilir ki, Tanrıya dərin, səmimi, açıq və insanları da içinə alan sevgi dolu inanc bir hədiyyədi və bir məsuliyyətdi. Bu hədiyyəni düşürüb itirməmək və onu saxlamaq, onu daha da böyütmək, yetişdirmək də özünə görə bir bacarıq, səbr istəyir və asan deyil.
Ona görə ki, ətrafımız və içimiz bizi Tanrıya gedən yolda büdrədəcək, həvəsdən salacaq bir çox şeylərlə doludu və bəzən İlahinin də elə bil ki əleyhimizə çalışdığını göstərəcək faniliklərlə savaşmağa məcbur oluruq.
İnanan birisi olduğunuzdan dolayı sizə üzünzə deməsələr də arxanızdan, boş-boş şeylərə inanır kimi bir şeylər söylərlər, çünki dövr əleyhinizə çalışır – dövr inanc dönəmi deyil. Baş verən ədalətsizlikləri gözünüzə soxub, “hanı sənin hər şeyə qadir və sevgidən aşıb-daşan Allahın” deyə istehza edərlər. Bizim kimi, özləri kimi günahlı inanclıların etdiklərini önünüzə qoyub, “onun-bunun nağılına, səndən pul qazanmasına necə fürsət verirsən?” soruşarlar.
Elə bil bunlar azmış kimi, sizin dualarınıza da cavab gəlməz. Daha iki gün öncə bir əzizinizin şəfa tapması üçün ağlayaraq dua etmişdiniz, osa bu gün səhər elə bil bilərəkdən, kədərinizin acığına canını cavabsız dualarınıza tapşırdı. Tanrı sanki yanaqlarınızboyu yuvarlanan göz yaşlarından anlamaz bir şey. İçinizdəki sorulardan panikaya qapılıb müqəddəs kitabı açırsınız və tərs kimi Allahın bir milləti necə qırmaq gərəkdiyini İsraillilərə öyrətdiyi hekayətlər gözlərinizi deşir.
Və siz günlərin birində özünüzü kölgələr vadisinin qaranlıq gecəsində aysız-işıqsız soyuğunda taparsınız. Ruhun qaranlıq gecəsinə xoş gəldiniz! İndi önəmli olan o qaranlıq gecədən hədiyyəni itirmədən çıxmaqdı.
İnanc böhranını inancı itirməkdən, ateistləşməkdən, aqnostikləşməkdən ayırmaq lazımdı. O, heç də həmişə ateistləşməyə, aqnostikləşməyə gətirib çıxarmır və onun kökündə duran motivlər bir qayda olaraq sözügedən ideyalara rəvac verən motivlərdən fərqlidi. Ruhun qaranlıq gecəsi, inancı ciddiyə almaqdan və İlahini, inancı, gerçəkliyi daha dərindən yaşamaq və anlamaq ehtirasından qaynaqlanır. İnancını itirənin və ya inanc hədiyyəsini qəbul etməyənin həyatında Tanrı olmaz ki, hələ bir onun gecəsi-gündüzü də olsun. Ruhu qaranlıq gecədə azmış inanclı isə o gecədən çıxdığı zaman işığın bir özgə özəlliyinin də fərqinə varar.
No comments:
Post a Comment