- “Ok, God is guilty, now what we do?”
- “Now we pray.”
( - “Yaxşı, Allah günahkardı, bəs biz indi neyləyək?”
- İndi biz dua edəcəyik.”)
Bu cümlələr "God on Trial" filmindəki son dialoqlardan birində öz əksini tapıb. Çox maraqlı filmdi, o mənada ki, bu dramatik hekayətdə çox praktiki bir situasiya ələ alınaraqdan fəlsəfi-dini və tarixi gerçəkliklər, ideyalar sorğu-sual edilir, dartışılır. Bəri başdan qeyd edim, bu, qaçdı-qovdu (action movie) filmi deyil. Bombalı-partlamalı, “speçeffektli”, gurultulu filmlərə öyrəşmiş oxucular üçün bəlkə baxmaq bir az çətin olar. Ancaq dinlər tarixini az-çox bilən, dini-teoloji-fəlsəfi məsələlərlə maraqlanan və düşündürücü sualların üstündə baş sındırmağı və hiss cilallamağı sevən oxucular üçün əla filmdi. Bəs bu film nədən bəhs edir?
Film İkinci Dünya Müharibəsində Auşvits ölüm düşərgəsində ölümə məhkum edilmiş bir qrup yəhudinin öz aralarında Allahı xəyali məhkəməyə verməsindən bəhs edir və bu məhkəmədəki dartışmalara ışıq tutur. Hekayət günümüzdə bir qrup turistin Auşvits düşərgəsinə gəlməsi və burda olanları bələdçidən eşitməsiylə başlayır. Bundan sonra isə səhnə dəyişir və film bizi hadisələrin olduğu, bələdçinin haqqında danışdığı vaxta – İkinci Dünya Müharibəsinə götürür. Bütün film bu cür səhnə əvəzləmələrindən ibarətdir: günümüzdə Auşvitsə gələn və gəzən turistləri göstərən səhnə və bələdçinin nəql etdiyi hadisələrin göstərildiyi səhnə.
Auşvits ölüm düşərgəsinə gətirilmiş bir qrup oxumuş və oxumamış Yəhudi, qeyri-yəhudi (hüquqşünas, ravvin, tarixçi, fizik, əlcəkdüzəldən, ateist, alman qatil və s.) məhkəmə quraraq hakimlər, Allahın müdafiəçiləri və ittihamçıları, şahidlər vasitəsilə çar-naçar başlarına gələn hadisələrdə Allahın rolunu araşdırırlar. Filmi tam anlamaq üçün bir az Tövratdan anlamaq gərəkir, çünki film yəhudilərin seçilmişliyini, Allahla yəhudilər arasında əhd kimi konseptlərə istinad edir. Ancaq filmi bunsuz da başa düşəcəksiniz, çünki istifadə olunan arqumentlər fəlsəfidi və istənilən dinə, Allah-insan-dünya-seçim-yaxşı-pis-əql kimi məsələlərə tətbiq oluna bilər. Film həm ateist, həm teist, həm də bir sürü başqa “istlər” üçün üçün maraq doğurur. Məncə, ən son səhnə hamısından çox dramatik və düşündürücüdü. Məhkəmə sonucda Allahın günahkar (və ya təqsirkar) olması haqda qərar çıxarır və elə bu zaman nasist əsgərlər içəri girib qaz kamerasına götürələcək insanların nömrələrini oxumağa başlayırlar. Bu vaxt, məhkəmədə dolayısıyla Allahın əleyhinə danışanlardan və ölmək istəmədiyi üçün ağlayanlardan biri deyir: "Ok, God is guilty, now what we do?" Allahın mövcudluğuna inanan, lakin bu mövcud Allahın yaxşı Allah olmadığını məhkəmədə irəli sürən digər birisi isə cavab verir: "Now we pray."
Film Allahı və ya insanları müdafiə etmir kimin haqsız, kimin haqlı olduğunu ortaya çıxarmır. Film sadəcə gerçəkliyi çılpaqlığı ilə göstərməyə çalışır.
Baxın, məsləhətdi.
No comments:
Post a Comment