Tanrının bizə açdığı açılımda Tanrıya yaxınlaşmanın önəmli yollarından biri, vəhyin bir şəkli də susğudu. Susğu, səssizlik, sükut. Qutsal kitabda susğunun özəl yeri var. Niyə susmalı? Susğu niyə belə önəmli olmalı?
Susğunun İlahi açılımında önəmi üzərinə bir çox yanaşmalar ortaya qoyulub. Məni onlardan bəziləri maraqlandırır. Tanrı açılımı söz şəklində verilsə də sözü Tanrı açılımının tək, yeganə şəkli saymaq özünü doğrultmur. Tanrı insana təbiətdə, tarixdə, başımıza gələn hər şeydə, özümüzdə özünü tanıdır. Tanrı açılımının fərdə, onun içdüynasına, bəsirətinə, yönəlmiş qolu susğudu.
Bir sıra nədənlərə göz ataq. Bəzi gerçəkliklərin önündə susmaqdan başqa yol yoxdur. Susmaq ehtişamın, əzəmətin, dilisöztutmazlığın təzahürüdür. Gördüyü gözəldən, başına gələn dəhşətdən, sevincindən, faciəsindən dili söz tutmayan, yaşadığı anın intensivliyindən ağzını açıb cıqqırını çıxarda bilməyən, yaşantılarını səsə-sözə deyil, göz yaşlarına, donuqluğa çevirən insanlar haqda ya eşitmisiniz, ya da bəxtiniz gətiribsə görmüsünüz. Bəlkə sizin də başınıza gəlib.Tanrının əzəməti, böyüklüyü, anlaşılmazlığı önündə son cavab susmaqdı. Susaraq onun əsrarəngizliyini, sözə və ağla sığmayan ziddiyyətlərini açıqlamaq bir cavabdı. Belədə, susğu etirafdı.
Susğu etiraf kimi, bizi sayğılı olmağa dəvət edir. Bilməmiş olmazsınız, çox danışmaq bəzən ağını çıxartmağa səbəb olar. Danışaraq, söyləyərək əslində bütövdən, olandan, yaşantıdan uzaqlaşarıq. Danışmaq, söyləmək qaçınılmaz olaraq gerçəkliyi bir qəlibə salar, onun bir yönünü açar, başqa yönünü gizlədər, yəni onu parçalayar ki, sözlə ifadə olunan hala gətirsin. Bəsit bir misal. Təsəvvür edin ki, önünüzdən keçən adamı bir-iki cümlə ilə təsvir etmənizi istəyirlər. Siz də ona baxaraq onu bir-iki sözlə təsvir edirsiniz, deyirsiniz ki, bu adam ucaboyludu, qaraşındı, təmiz geyimlidi. Lakin bu təsvir əlbəttə ki, o anda gördüyünüzü tükətmir. O təsvir etdiyiniz insan həm də axsaya bilər, baxışları narahat birisi ola bilər, danışa, gülə bilər. Seçdiyiniz hər cümlə ilə onu təsvir etdiyinizdə əslində təsvirinizdən çox olan, daha dolğun olan o şəxsin, gerçəkliyin yalnız bir tərəfini anladırsınız, onu öz təsvirinizə sığıdırırsınız. Onu tamamən anlatmaq mümkün deyil. Eyni ortamda başqa bir şəkildə də onu anlatmaq mümkündü. Bir əlamətlər qrupunu seçib anlatmaqla, o şəxsin digər özəlliklərini marginallaşdırırsınız, künc-bucağa sıxışdırırsınız. Beləcə, söz bölür, söz parçalayır, söz həm açır, həm də qapadır. Susğu sözün bu özəlliyinə qarşı bir reaksiyadı. Susmaqla siz sözlərlə təsvirə sığıdırmaqdan imtina edirsiniz. Susmaqla siz gerçəkliyin sözə və ifadəyə sığmazlığına sayğı göstərirsiniz. Susmaqla siz gerçəkliyi bölüb, özünüzü gerçəkliyin birbaşalığından və dolğunluğundan uzaqlaşdırmaqdan qoruyursunuz. Belədə, susğu sayğıdı.
Yuxarıda yazdıq ki, çox danışmaqla ağını çıxardarıq. Ağını çıxartmaq onda baş verir ki, elə hey danışmaqla, sözləməklə, səsə-küyə özümüzü büləməklə yalnız susaraqdan eşidə biləcəyimizə, özümüzə, içimizdən gələn səsə, yalnız susğuda duyulan Ruhun aram-aram nəfəs alış-verişinə ruhumuzun qulağını qapadırıq. Başqasını diqqətlə dinləmək və eşitmək üçün susmaq lazımdı. Təbiətin qoynuna gedib danışa-danışa quşların cikkiltisini dinləmək, susaraq onlara qulaq verib onları eşitmək və duymaq qədər gözəl deyil. Səs, söz, danışmaq, diqqəti səsə, sözə, haya-küyə yönəltmək sizi yalnız gərgin diqqət və ya boşalmış, rahat seyrlə, səssizliklə, haysız-küysüz baxış və duyumla qavrayacağınız incə mətləblərdən ayırır. Özünüzü - ruhunuzu dinləmək üçün susmağı bacarmalısınız. Tanrının sizə ürəyinizdən danışdıqlarını tutmaq üçün siz susmalısınız. Belədə, susğu bizi içimizdəki İlahi və fani gerçəkliklərə götürən qapı halına gəlir.
No comments:
Post a Comment