Susğunun önəmi Qutsal Kitabda anladılır. Məzmurların (46:10) birində Rəbb insanlara, özəlliklə də ibraniləri yox etməyə çalışan qonşu hökmdarlara və dolayısıyla hər kəsə deyır:
“...“Sakit olun, bilin ki,
Mən Allaham,
Millətlər arasında ucayam...”...”
Məndə olan AzəriBibliya “sakit olun” sözünü “Dayanın” kimi tərcümə edir. Sözün özü ibranicədə işləndiyi şəkildə bir fəaliyyəti dayandırmaq, fasilə vermək həm də sakit olmaq, susmaq anlamını verir. Yəni söz bir işə, məşğuliyyətə ara verməyi və üstəgəl susmağı anladır. Məncə, bunun dilimizdə ən gözəl ifadəsi başı ayılmaqdı. Bilməmiş olmazsınız, bəzən başı bir işə bərk qarışmış və işə daldığına görə ətrafında baş verənlərə laqeyd qalan və ya onlardan xəbəri olmayan şəxs haqqında “başı (işdən və s.) ayılmır ki, görsün” deyərlər. Bu ifadə işin bizi əslində diqqət yetirməmiz gərəkən şeylərdən necə ayıra biləcəyini (başı işə qarışıb deyə ayılıb ətrafa göz ata bilmir) anladır. Birisinin başı ayılması üçün qızğın işi dayandırması, fasilə verməsi, sakit olması lazımdı. Sakit olmaq həm də səsi-küyü kəsmək, dayandırmaq, yəni susmaq deməkdi. Rəbb bizi başımızı qaldırıb baxmağa, başı ayılmağa, arxacında qaçdığımız şeylərə fasilə verməyə və susub, sakit olub onun həyatımızdakı açılımlarına diqqət yetirməyə çağırır. Sakit olmaq, seyrə dalmaq, həm də Rəbbin hüzurunda onun həyatımızdakı və dünyamızdakı mövcudluğuna verə biləcəyimiz ən yaxşı cavabdı. Onun önündə danışmaqla hara qədər gedə bilərik?
Susğunun önəmi haqqında daha bir misal əslində Rəbbin səslə sükut arasında necə danışmasını anladır. Birinci Padşahlar kitabında (19:11-12) İlahinin İlyas peyğəmbərə necə müraciət etməsindən danışılır. Hekayətdə deyilir ki, İlyas peyğəmbər Rəbbi eşitmək üçün dağa çıxır. Dağda qayaları parçalayan güclü külək əsir, lakin Rəbb küləkdə deyilmiş. Daha sonra zəlzələ olur, ancaq Rəbb zəlzələdə də tapılmır. Bundan sonra od düşür, amma Rəbb odda da yoxmuş. Oddan sonra xəfif bir meh səsi gəlir və İlyas xəfif meh səsində Rəbbi eşidir. “Xəfif meh səsi” nə deməkdi? Meh özlüyündə xəfifdi daha onun xəfifi nə qədər yüngül, zərif, zəif olmalıdı? Bir çox tərcümə şəkli olan bu sözü bəzi çevirmələr pıçıltı, bəziləri kiçik səs, bəziləri təmiz sükut kimi çevirirlər. Hər necə çevirməkdən asılı olmayaraq bu hekayəti geniş kontekstində anlasaq bəlli olur ki, Tanrı heç də həmişə güclü küləkdə, zəlzələdə, ildırım vurmasında olduğu kimi gurultulu, bombalı – partlamalı, haylı-küylü qorxulu, yüksək səslə müraciət etmir. İlahi həm də pıçıldayır, xəfif meh kimi, səslə sükut arasında qulağımızı oxşayır. Nəzərə alın ki, pıçıltı həm də sükutu pozmamaq üçündü və pıçıldaşanlar arasında duyulsun deyə çox yaxın məsafə istəyir. Pıçıltı, kiçik səs, xəfif müraciət sükutu tanımaqdan, qəbul etməkdən (pıçıltı), müraciət edənlə müraciət olunan arasındakı yaxın ilişkidən (pıçıltı və kiçik və ya zəif səs), başqalarından gizlədilən bir özəllikdən, özəl-ehtiram münasibətdən (xəfif səs, pıçıltı) irəli gəlir və sükutla səs arasında bir rəqsdi. Sizcə xəfif səsi, pıçıltını və ya təmiz sükutu danışmaqla, başını iş-gücə qatıb ayıltmamaqla duymaq olar? Yox. İlahinin sizə pıçıldamasını, Onun sükutu dilləndirməsini anlamamız üçün susmalı, səssizliyi dinləməliyik.
Qutsal Kitabın susğu haqqında çox önəmli başqa parçası İsa Məsihlə bağlıdı. İncillərin şəhadətinə görə, Pontius Pilat İsa Məsihi sorğu-suala tutarkən müəyyən mükalimədən sonra İsa Məsih susur və suallara cavab vermir. Görəsən, niyə? Kimsə bilmir. Söylədiklərini anlamazlardımı? Başına gələnləri qəbulmu etmişdi? Niyə İsa Məsih Pilatın önündə sükuta dalır? Susmaq və susmaqla da sükutun danışmasına meydan vermək özü bir sirrdi. Susmaq gizlinin, tapmacanın, fərqli şərhlərin ayaq tutub yeriməsinə fürsət verən ən gözəl vasitədi. Mən İsa Məsihin niyə susduğunu bilmirəm. Bundan o tərəfə bu yazının da susması lazımdı. Susğuya necə cavab verilə bilər? Yalnız susğuyla. Siz də sükuta dalın. Bəlkə Məsihin niyə susduğunu eşidərsiniz. Bəlkə Rəbb sizə susğunuzda danışar.
Lap Nəsiminin dediyi kimi...
No comments:
Post a Comment