Wednesday, January 27, 2010

Adam, Bəşər, İnsan


Bunlar arasında fərq varmı? Anlam olaraq elə bir fərq görməmişəm. Ola bilsin, işlənməsində, anlam çalarlarında fərq olar. Məncə, hər üç söz Xristian teologiyasında insanın fərqli yönlərini vurğulamaq üçün böyük imkana malikdi. Sözün düzü, bu sözlərin orijinal dillərindəki dəqiq mənalarını tam bilmirəm. Adam və bəşər sözlərinin qədim yəhudi, ibrani dillərindəki köklərdən gəldiyini bilirəm. Bu, əlbəttə, bu sözlərin ərəb dilində olmadığı anlamına gəlmir. Ərəbcə ilə yəhudicə qohumdu və bir çox söz köklərini paylaşırlar. İnsan deyəsən ərəbcədən gəlir. Adam və Bəşər də bunlardan ola bilər. Mənim üçün bu önəmli deyil. Mənim üçün aşağıdakılar önəmlidi.

Adam sözü sözügedən varlığın yaradılmışlığını vurğulayır. Vurğu bu varlığın ötəriliyi üzərindədi. Bəşər sözü bu varlığın belə demək mümkünsə materialını - cismini vurğulayır. Bu varlıq canlıdı, əti-sümüyü, qanı var, hiss edir, reaksiya verir. Daşdan, dəmirdən, cansız deyil. İnsan sözü yəqin ki, bu varlığın sosial, içtimai tərəfini qabardır. Biz hamımız həm də öz ortamımızın, toplumumuzun, ailəmizin yetirmələriyik və onları da əks etdiririk. Ünsiyyət bizim üçün önəmlidi və bizim kimliyimizi, necəliyimizi təyin edər.
“Çox insan adamdı” sözünü eşitmisiniz? Belə çıxır ki, adam olmaq hər zaman çox insan olmağı anlatmaz. Hər zaman adamıq ancaq insanlığımız dəyişir.

Bu anlamda hər birimiz həm adamıq, həm bəşərik, həm də insanıq. Biz adam olaraq bütün yaradılışın, bəşər olaraq, bütün canlıların, insan olaraq isə yalnız öz cinsimizdən olanların yaxınıyıq.

İlk adam Adəm idi. Adam adını daşıyan ilk varlıq da oydu. Maraqlıdır ki, Xristian teologiyasında İsa Məsih ikinci Adəm (adam?) kimi görülür.  İsəvilikdə bəşər və ya cismanilik mövzusu da işlənib.




Məncə dilimizdəki hər üç söz gələcəkdə teoloji terminlər kimi gəlişdirilə bilər və maraqlı sonuclar verər.

No comments:

Post a Comment

gündəlikdə axtarış