Saturday, September 4, 2010

Şəkilli Qurani-Kərim


Məncə, Azərbaycandakı müsəlmanların, özəlliklə də modern düşüncəyə yaxın olan müsəlmanların kitab, şəkil, müqəddəs söz, bir sözlə, vəhy və onun materiyada ifadəsi qavramlarını zənginləşdirmək və ümumiyyətlə ağlı olan hər kəsi, xristianı, musəvisi, krişnaçısı da daxil olmaqla düşündürmək üçün müqəddəs kitabların komiksini hazırlamaq olar.
Deyəcəksiniz öncə Bibliyanın komiksini hazırlayın. Onu artıq hazırlayıblar, çap ediblər və yayıblar. Özü də bir deyil, dəfələrlə. Sadəcə bizimkilərin yəqin ki, əlinə keçmir. Komiks janrı Azərbaycanda yayğın deyil. Ancaq əminəm ki, onun da marketini yaratmaq olar, çünki ölkədə istədiyiniz qədər potensial komiks oxucusu var. Komiks, qısacası, şəkilli-sözlü hekayət deməkdi, vəssalam. Hər hansı bir komiksdə hekayə, kitabın anlatmaq istədiyi sadəcə sözlə deyil, həm də şəkillərlə anladılır. Bu, (şəkillərin, rəsmlərin hekayəni anladan əsas vasitəyə çevrilməsi) komiksi digər növ şəkilli kitablardan ayıran başlıca özəllikdi. Odur ki, oxucu cümləni oxuyub, həmin cümlədə bəhs edilən məsələnin təsvirini, şəklini də görmək imkanında olur. Şəxsən mən indiyə qədər bütöv Bibliyanın komiksini tapmamışam, ancaq tapsam böyük məmnuniyyətlə oxuyardım. Ona görə yox ki, komiks həvəskarıyam, ona görə ki, komiks vasitəsilə sözün yanısıra oxucuya əlavə informasiya ötürmək və oxumaq (və baxmaq) yaşantısını zənginləşdirmək olar. 

Mən bunu Dostoyevskinin Cinayət və Cəza əsərinin modern, fəlsəfi elementləri içinə alan komiksini və ya komiksə uyğunlaşdırılmış formasını oxuyanda başa düşdüm.  Təsəvvür edin ki, Raskolnikovun ruhi halını təsvir edən cümləni oxuyursunuz, onun altında Raskolnikovun əlləri ilə başını necə tutması təsvir edilir. Bu, əlbəttə çox stereotipik bir təsvirdi, ancaq məsələ burasındadır ki, Raskolnikovun təsvirində bir də divardan başqa bir rəsm asıldığı göstərilir. Həmin bu rəsm içindəki rəsm də Edvard Munchun məşhur “Fəryad” (Scream) əsəridir. Necədi sizin üçün? Həmin o bir rəsm-detal sözün söyləmmədiyin deyir.

Ancaq hər şey bununla bitmədi, daha sonra universitetdə bir professorun öz tələbələrinə özü də doktoranturada oxuyan öyrəncilərinə müasir ədəbiyyat nəzəriyyəsi üzrə hazırlanmış komiks-dərslik oxutdurduğunu görəndə anladım ki, komiksin potensialı sadəcə hekayələrlə məhdudlaşmır.
İndi keçək əsas məsələyə. Məncə, Qurani-Kərimin komiksinin hazırlanması çox maraqlı və yeni bir şey olar. Söhbət Qurani-Kərimin ərəbcəsinin, yəni əslinin deyil, tərcüməsinin yəni ibadətdə işlədilməyən bir növ müqəddəslikdə orijinalından “geri qalan” (eşitdiyimə görə, Qurani-Kərimin tərcüməsi orijinalı kimi önəmli və hörmətli olmur) şəklinin komiksindən gedir.
Əlbəttə belə bir komiks İslamın sözügedən məsələyə aidiyyəti olan sahələrindəki prinsipləri ələ alaraq hazırlana bilər. Məsələn, İslamda şəkli çəkilməyən insanların, varlıqların prinsip kimi həmin Qurani-Kərim komiksində şəkli verilməyə bilər. Ancaq, axı, Əbu-Ləhəbin ki şəklini çəkmək qadağan deyil.  Ya fil surəsindəki fillərin şəklini çəkmək niyə yolverilməz olmalıdı ki? Bundan başqa, deyək ki, şəkillər Qurani-Kərimin ruhuna uyğun yəni ciddi və sayğıyla hazırlanmalıdı. Bundan başqa bir də komiksə şərq miniatür sənətinin təsviri elementlərini, ornamentləri gətirmək olar. Qısacası, çox gözəl, oxucuya həm oxumağa, həm də baxmağa imkan verən gözəl bir komiks hazırlamaq olar. Belə bir komiks görüyə yönəlik insanları Qurani-Kərimi oxumağa həvəsləndirər.
Demək istədiyim budur ki, komiks janrı İslama tərs düşməyən şəkildə Qurani-Kərimə tətbiq edilə bilər və bununla da toplumda insanlara İslamı anlatmanın daha ilginc forması yaranar.
Deməsi məndən, etməsi sizdən. 

No comments:

Post a Comment

gündəlikdə axtarış