Pastoral genəşiyin dərininə getdikcə, insanlarla görüşüb problemlərini, dərdlərini dinlədikcə bir-iki nüansı yavaş-yavaş aydınlanır. Həmin nüanslar bir pastorun tanıması, qəbul etməsi və izləməsi gərəkən pastoral nəzakət və ruh özəllikləridi.
Birincisi, insanları dinləmək asan deyil. Bu azmış kimi, insanları hər zaman eyni və ya yaxın mövzularda dinləmək heç yerli-dibli asan deyil. Odur ki, insanların dərdini, problemlərini müntəzəm dinləyən pastorun insan dərdlərinə kütləşmə, problemlərə, insan yanğısına yadlaşma ehtimalı artır. Pastor bundan xəbərdar olmalı və bunu önləməyə çalışmalıdı. İnsanların canyanğısına, ürəkboşaltmalarına yadlaşma, pastorun İlahi ilə münasibətini zəiflədir. Odur ki, pastor, birincisi, yaxşı, aktiv və dərindən dinləməyi bacarmalı, ikincisi də insanları dinləyərəkdən, onların dərd-sərinə aydınlıq gətirərkən onlara və özünə yadlaşa biləcəyinin fərqində olmalı və bunu önləmək üçün tədbir görməlidi.
İkincisi, pastorla görüşməyə gələn insanlar fərqli məqsədlərlə gəlsələr də hamısını birləşdirən bəzi özəlliklər var. Onlar pastora danışmaq, içlərindəkini boşaltmaq, onu çıxarmaq üçün gəlirlər. Pastorla gəlib içdünyasını, sirrini paylaşan insan mübahisə etməkdən daha çox dinlənilməsini istəyir. Bu isə sözün həqiqi mənasında bir bacarıq və yetənəkdi və öz başıma gələnə qədər bunu anlamaq mənə çətin idi. Qarşı tərəfi diqqətlə, yanğıyla və açıq dinləmək üçün pastor qiymətvermə yetənəyini gözlətdirməli və ya təxirə salmalıdı. Sizə dərdini danışan, ürəyini açan insana elə ilk sözdən "sənin yerin cəhənnəmlikdi", "bahoooo, sən necə də səhv edibsən", "indi mən səni başa salacam, necə etməliydin" kimi reaksiya vermək onu yersiz, yetərli əsas olmadan, şəxs özü soruşmadan qiymətləndirməyə və mühakimə etməyə bənzəyir. Buna yol verən pastor özüylə dinlədiyi arasında uçurum açır. Bu qaydaya riayət etmək doğrudan da çətindi. Bir fahişə gəlib sizə etdiklərini danışanda onu ürəyinizdə olsa belə mühakimə etməmək, həqiqətən özünəməxsus bir iradə, dünyagörüşü və özəl alışqanlığa malik ruh istəyir.
Üçüncüsü, pastorla genəşiyə gələn insanlar pastorun baxış bucağını öyrənmək istəyirlər. Odur ki, pastorun "özünüz bilərsiniz", "kefiniz necə istəyir elə edin", "heç fərqi yoxdur" şəklində cavablar verməsi heç də həmişə və hər genəşikdə yerində olmaz. Pastor onunla danışan şəxsin niyə gəldiyini aydınlaşdırmalı və buna müvafiq davranmalıdı. Şəxs şikayətə gələr, məsləhət almağa gələr, deyib-gülməyə gələr və s. Pastor şəraitə, konkret münasibətə, insana görə davranmalıdı. Pastor şəxsin sorularına, aradığı suallara səmimiyyətlə cavab verməlidi. Bilmədiyini öyrənməli və açıqlamalı, cavabı olmayan suallara şəxsi perspektivini anlatdığını söyləməli, yerli-dibli anlamadığı-bilmədiyi işlərdə isə bilmirəm deməyi bacarmalıdı. Qutsal Kitabın hər hansı məsələdə mövqeyini öyrənmək istəyən şəxslərə açıq, sərbəst, incələnmiş cavablar verməlidi.
Dördüncüsü, pastor lütfkarlıqla qiymətləndirməlidi. Önündəki şəxsi qəddarcasına mühakimə edən insan, özünün Tanrı mərhəmətindən yoxsunluğuna şəhadət verir. Odur ki, gələn kim olursa olsun, işi, günahı nə olursa olsun, onu nifrət və acıqla deyil, açıq, səmimi və lütfkarlıqla, canıyananlıqla və dönməzcə (nala-mıxa vurmadan) qiymətləndirmək lazımdı.
Bu kimi özəlliklərə diqqət etmək hər bir pastorun borcudu. Bu özəlliklər onları insanlara, insanları da onlara və İlahiyə yaxınlaşdırır.
No comments:
Post a Comment