Wednesday, September 8, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 1



Haq görən bir göz gərək, görsün səni, ey məhliqa,
Yüz baхa, görməz хudanı, göz əgər хudbin оla. (Nəsimi)





Yuxarıdakı beyt Nəsiminindi.  Çox maraqlı beytdi, bir neçə həftə bundan öncə İnternetdən tapdım, sonra da bilgisayarıma köçürdüm.  Xoşum gəldi, ona görə. Aşağıda həmin beytlə bağlı qeydlərimi açıqlayıram.

Bu beyt göz sözünün mərkəzi qavram-mənayüklü söz kimi istifadəsi üzərində qurulub. Göz sözü iki dəfə, gözlə bağlı başqa sözlər də bir neçə dəfə işlənir (görsün, baxa, görməz və dolayısıyla xudbin).
Bundan başqa beytdə baxmaq və görmək arasında fərq qoyulur. Baxmaq görməkdən öncə gəlir. Görmək üçün baxmaq lazımdı, ancaq baxmaq öz-özünə görməyə səbəb olmaz. Baxmaq fizikidi və görməyin şərtidi, görmək burda qavramaq, fərqinə varmaq, düzgün və yerində dəyərləndirmək anlamındadı. Beyt dolayısıyla görməyin nəylə şərtləndiyi açıqlayır (X-i görmək üçün Y-i görmək lazımdı).



Göz, görmək, baxmaq da başqa bir mövzuya calanıb.
Beytin əsas mövzusu budur: Haqqı görən gözə ehtiyac var ki məhliqanı görsün. İkinci misrada fikir daha da gəlişdirilir (Əgər göz xudbindirsə onda o haqqı görə bilməz: dolayısıyla xudbin göz məhliqanı da görə bilməz).
Birinci misra ilə ikinci misra arasında önəmli bir fərq var. Birinci misra təsdiq üzərində qurulub: Filan üçün filana ehtiyac var. İkinci misra isə inkar üzərində qurlurub: əgər filan olarsa, onda o biri filan olmaz. Bu cür təsdiqin (“bu belədir”) və inkarın (“və elə deyil”) əvəzlənməsi beytdə anladılan məsələnin həm gəlişdirilməsinə imkan verir, həm də onu oxucunu yormadan açıqlayır.


Haq burda yaradanın adı kimi işlədilir, ancaq yada salaq ki, haq həm də ədalət anlamına gəlir, bu və ya digər bir şeydə əsaslı və ədalətli iddiası olmağı (birisinin haqqı) da bildirir. Məhliqa gözələ deyilir. Hərfən deyəsən “məh” yəni ay, və “liqa” yəni üz sözlərinin birləşdirilməsindən yaranıb ayabənzər üzü olan anlamındadı.  İlahinin adı kimi, Haq sözüylə, məhliqa sözü arasında anlam çağrışdırmaları baxımından açıq olmayan bir əlaqə var. Məhliqa gözəldi, ancaq onun gözəlliyinin fərqində olmaq üçün o gözəlliyi yaradanı və o gözəllik üzərində haqqı olanı yəni Haqqı-İlahini bilmək, tanımaq, onu etiraf etmək lazımdı. Lakin gözələ münasibətdə haqqı (ədalətli yanaşmanı və davranışı və həmin yanaşma və davranışı borclu olduğumuzu varlıq(lar)ı) bilmək, yəni Haqqın onu yaratdığını bilib qəbul etmək və məhliqanın gözəlliyini etiraf məsələsində Rəbbin üzərimizdə haqqı olduğunu anlamaq, onun  gözəllik özəlliyini açıqlamaqda ortaya çıxır. Ona görə ki, Haqq gözəli hamının tanıya biləcəyi və ya çoxlarımızın gözəl deyə biləcəyi şəkildə yaradıbsa onda həmin özəlliyi qəbul etmək və açıqlamaq gözəl yaratmaq istəmiş Haqqın göyçək yaratdığını yəni haqqını, niyyətini gözəl yaratmaqla bizə demək istədiyi şeyi anlamaq deməkdi. Odur ki, məhliqanı görmək üçün haqqı görən gözə ehtiyac var və dolayısıyla Haqqı görmək üçün məhliqanı görməyə ehtiyac var.

No comments:

Post a Comment

gündəlikdə axtarış