Monday, September 13, 2010

Göz: Gözəllik və İlahi Nəsiminin Gözündə - 2



Burda bir haşiyə çıxaq. Soruşula bilər ki, niyə gözəlin gözəlliyini anlamaq üçün Haqqı - İlahini bilməyə ehtiyac var? Axı Haqqı tanımayan yəni İlahiyə inanmayan birisi də gözəlin gözəlliyini anlaya və tanıya bilər. Bu suala, əgər biz Nəsiminin dünyası ortamında və Nəsiminin gözüylə baxsaq “yox” cavabı verəcəyik. Ona görə ki, Haqqı tanımayan gözəlliyə baxır, ancaq onu görmür, çünki Nəsimi demiş, gözəlliyi-məhliqanı görmək üçün Haqqı görən göz gərək. Rəbbə inanmayan, İlahiyə inanmayan materialist, ateist üçün gözəllik son nəticədə materiyanın məmnunluq verən fiziki-sosial özəlliyindən başqa bir şey deyil. Nəsiminin dünyasında isə gözəllik sadəcə fiziki gözəlliktək görülmür. Gözəllik, özəlliklə məhliqanın gözəlliyi, yaradılmışın, bir yaratığın gözəlliyidi.

 Ancaq iş burasındadı ki, gözəl yaradılmışdırsa, yəni kiminsə işinin nəticəsidirsə, ona baxmaqla, o gözəllikdə Yaradanı da görmək olur. Belədə məhliqanın gözəlliyi yaradılışın gözəlliyinin bir misalı, bir özəl halı kimi çıxış edir, bu gözəl yaradılışı görməklə inanan birisi Rəbbin özünün mükəmməl gözəlliyinə bir qıyqacı baxış hədiyyə alır. Yəni məhliqanın gözəlliyi, həm yaradılış, həm də Yaradanın, Haqqın gözəlliyinə bir örnək olur. Halbuki ateist, materialist üçün bu gözəllik bu dünyadadı, ölümlə yox olur, heçliyə çevrilir və mütləq fanidi – ondan o tərəfə heç nə yoxdu. Ancaq Rəbbə inanan insan üçün bu gözəllikdən daha üstün bir gözəllik var və o yox olmaz. Odur ki, bu gözəllik hətta keçib getsə də belə, daha üstün, daha dərin gözəlliyə işarət etdiyi üçün əlavə anlam qazanır, daha da gözəlləşir. Bundan başqa məhliqanın gözəlliyi bu dünya üçün fanidi, ancaq Rəbbin istəyi və hikmətiylə o itmir, çünki ölümdən sonra da həyat var və gözəllik o həyatın da bir parçasıdı. Amma nəzər alaq ki, Nəsimi məhz məhliqanın gözəlliyini görməkdən bəhs edir, Haqqın deyil. Başqa sözlə, hətta biz həmin gözəllikdə İlahinin gözəlliyini görsək belə bu məhliqanın öz gözəlliyini funksional bir şeyə çevirmir, onun özünəməxsusluğunu, fərdiliyini yox etmir. Məhliqa ona görə gözəl deyil ki, o İlahinin gözəlliyinə işarə vurur. Məhliqa ona görə gözəldi ki, o elə gözəldi, onu Haqq belə yaradıb, vəssalam.           

Məhliqaların gözəlliyini nəsimisayağı necə görməli? Nəsimi bu suala ikinci misrada cavab verir. Haqqı görməyin yanısıra bir də insanın xudbin olmaması lazımdı. Göz ki, xudbin oldu, yüz baxa Xudanı görməz. Ancaq Xudanı xudbinlikdən dolayı görməmək elə məhliqanı görməmək deməkdi, çünki məhliqanı görmək üçün Haqqı yəni Xudanı görən gözə ehtiyac var. Odur ki, məhliqanı görmək üçün haqqı görmək və üstəgəl xudbin olmamaq gərəkir. Xudbin insanın Xudanı və məhliqanı görməməsinin səbəbi özünə irfat yönəlməsidi. Xudbin fars sözüdü, dilimizə məncil, pisniyyətli kimi çevrilə bilər. Ancaq sözün özü Nəsiminin beyti ortamında əlavə məna yükü alır. Xudbin farsca “xod”, yəni öz və “bin”, yəni görmək (“didən”-görmək felindən) sözündən gəlir. Hərfən xudbin özünügörən deməkdi. Özünü ifrat görən (xudbin insan) Haqqı və məhliqanı görəmməz. Çünki xudbin özünə aşiq olub. Beləsi Haqqın, Xudanın işığında məhliqanı görmür və məhliqanın gözəlliyində də Haqqı, Xudanı görməkdən məhrumdu.

Bu kiçik beyt əslində gözəlin gözəlliyini baxmaq yox, görmək üçün Haqqı tanımaq gərəkdi, Haqqı tanımaqla da yaradılışın, Haqqın özünün gözəlliyini görürük kimi mistik-ilahiyyatçılıq ideyalarının ifadəsi və hər iki ideyanın qarşılıqlı asılılığının bədii dillə açıqlanmasıdı. Bundan əlavə beyt özü kimi digər beytlərlə yanaşı gözəllik, zövq, məmnunluq və İlahi qavramları arasındakı əlaqələrin sözlə ifadəsidi. Beyt gözəlliyin bir estetik katerqoriya kimi ilahiyyatçılıq baxış bucağından dəyərini və onun zövqlə yaşanmasına maneə olan önəmli şəxsi və estetik axsaqlıqlardan birini (xudbinlik) açıqlayır. Ən maraqlı nüans da budur ki, sözügedən ideyalar söz sənətini istifadə edərəkdən, yəni ən azından Nəsiminin dönəmində önəmli olmuş gözəl söz sənətilə, sözü gözəl və zövqlə söyləyərəkdən anladılır. Başqa sözlə, beyt gözəllik və onun mistik-ilahi ölçümü haqqında gözəl dillə bir şeylər deyir. Gözəllik həm məzmun həm də forma olaraqdan beytin bir parçası halına gəlir, beyt özü gözəl olub gözəlliyi danışır.
Məncə bu cür gözəllik haqqında mistik-ilahiyyatçılıq kontekstində gözəl söz demək özü bir bacarıqdı. Bu cür beytləri, qəzəlləri də əslində gözəl edən onların bu özəlliyidi.  

No comments:

Post a Comment

gündəlikdə axtarış