Müqəddəs kitabı yozmaq və ya şərh etməyi bacarmaq zahirdən asan görünsə də daxildən çətin və dərinə gedildikdə alışqanlıq, öyrənmək istəyən bir işdi. Bu elənişi (eləmək –eləniş = fəaliyyət) öyrənmək üçün iki ana anlayışa göz ataq. Bunun biri içdən başlanış, digəri isə çöldən başlanışdı. Hər ikisi bir arada Müqəddəs Kitaba yanaşmağımızın hardan və necə başlandığını anladır. Gəlin bu başlanğıca yanaşım başlanışı deyək. Yanaşım başlanışında önəmli olan Müqəddəs Kitabı anlamaq üçün ona hansı baxış bucağından ilk addımı atacağımızıdı.
İçdən başlanış Müqəddəs Kitabı oxuyub onun öyrətdiklərini öz ideyaları əsasında yorumlamağı və gerçəkliklə Müqəddəs yazıların söylədikləri arasında tarazlıq tapmağı anladır. İçdən başlanışda siz Müqəddəs Kitabın nə demək istədiyini anlamaq üçün onu öz-özlüyündə necədirsə o şəkildə qavramağa çalışırsınız və onun söylədiklərini kənar, məsələyə aid olmayan məqsədlərə tabe etmirsiniz. Başqa sözlə, kitabı olduğu kimi qəbul edirsiz, öncədən bir qərara varmadan açıq şəkildə oxuyub anlamağa çalışırsınız və ordan reallığa çıxırsınız ki, reallıqdan da kitaba dönəsiniz. Müqəddəs Kitabın bütövlüyünə, mürəkkəbləyinə və müxtəlif yönlülüyünə sayğı bu başlanışın qaçınılmaz şərtidi.
Bunun əksinə, çöldən başlanış öncədən verilmiş və ana çərçivə rolunu oynayan baxış bucağı ilə həmin ana çərçivədən irəli gələn ideyanı dəstəkləmək üçün Qutsal Yazını oxumaq anlamına gəlir. Bu halda Qutsal Kitabın nə deməsinə bağlı olmadan onu öz istək və çıxarlarımıza tabe etmək və ya ordan istədiyimizi çıxarmaq üçün onu oxumaq önəmli olur. Çöldən başlanışda Kitabı oxumaq Müqəddəs Yazıların bu və ya digər məsələ haqda öz-özlüyündə nə dediyini öyrənmək üçün yox, Bibliyanı biz istəyəni deyirmiş kimi şərh etmək üçün önəm qazanır. Çöldən başlanış Müqəddəs Kitabın ya bütövlüyünü, ya da digər özəlliklərini gözardı edir. Dolayısıyla bu o deməkdi ki, çöldən başlanışda Qutsal Yazı bizi öyrədən ana çərçivə, mənbə kimi deyil artıq kənardan aldığımız və inandığımız bildiyimizdən və dəyişməyəcəyimizdən əmin olduğumuz bir ideyanın ya dəstəklənməsi ya da inkarı üçün əlavə köməkçi kimi çıxış edir. Bu halda Müqəddəs Kitabın biz istəyəni dəstəkləməsi önəmli olur.
Hər iki yanaşım başlanışı üçün örnəklərə baxaq. Qutsal Kitab savaş mövzusunda nə deyir? Bununla bağlı Bibliya nə kimi məsələlərə toxunur və ya toxunmur? Bu soruya iki cür cavab vermək olar: 1) Qutsal Kitabın savaş haqda bir mövqeyi olduğunu düşünürsünüz və o mövqenin də sizin mövqenizlə eyni olduğuna inanırsınız. Ancaq məsələni dəqiqləşdirmək üçün Müqəddəs Kitabı açıq düşüncəylə və dərindən öyrənirsiniz. Qutsal Kitabın savaş haqda nə dediklərini araşdırırsınız, onları fərqli metodları tətbiq edərəkdən analiz edirsiniz və qoyulmuş sualın məqsədinə baxaraqdan, soruya cavab verirsiniz. Bəlli olur ki, Qutsal kitab sizin mövqeyinizi dəstəkləmir. Bu zaman, öz mövqeyinizi Qutsal kitabın öyrətisinə reallığı da göz önünə alaraqdan uyğunlaşdırmağa çalışırsınız. 2) Siz inanırsınız ki, Qutsal Kitab savaş barədə bir şeylər öyrədir və o da sizin mövqeyinizlə eynidir. Siz Müqəddəs Kitabı öyrənirsiniz, sizin mövqeyi dəstəkləməyən ideya və cümlələri ikinci dərəcəli hesab edirsiniz (bilərəkdən və ya bilməyərəkdən, bilincli və ya bilincaltıyla), onları marginallaşdırırsınız, sizin ideyanı dəstəkləyən bütün hər şeyi ortaya çıxarırsınız və suala cavab verirsiniz: Qutsal Kitab eynilə sizin dediyinizi demiş olur. Belədə siz Bibliyadan öyrənmirsiniz. Siz Bibliyanı siz deyəni söyləməyə məcbur edirsiniz. Birinci yol içdən başlanışa örnəkdi. İkinci yol isə çöldən başlanışa.
Ancaq yanaşım başlanışı bir ideya kimi hər dərdə dərman deyil. Birincisi, bunu görmək və qəbul etmək lazımdı ki, heç kim Qutsal Kitaba boş lövhə (tabula rasa) kimi, içi boş qazan kimi gəlmir və Qutsal Kitabı oxumaqla da bu boş başları və ya qazanları bir şeylərlə doldurmuruq. Hər kəs Müqəddəs Kitabı oxuduğu zaman ona bir inancla, dünyagörüşü ilə, qavrayış şəkli ilə, sevgisiylə, önyarğıları və xürafatıyla gəlir və bununla da oxumağa başlayır. Başqa sözlə yanaşım başlanışının məqsədi sizin kənarlaşdıra bilməcəyəniz şeyləri sizdən kənarlaşdırmaq sizi içi boş başa, üstünə heç nə yazılmamış lövhəyə çevirmək deyil. Yanaşım başlanışının məqsədi, sizi az-çox öz xürafatınıza, önyarğılarınıza və digər bilincüstü və bilincaltı özəlliklərinizə qarşı ayıltmaqdı və ya belə ayılmışlığı artırmaqdı ki, Bibliyanı şərh etdiyinizdə bu faktorların təsiri imkanını bilib onların potensial mənfi təsirini azalda biləsiniz. İkincisi, Bibliya zəngin kitab kimi meqakitabdı, yəni kitablar toplusudu və onu kefiniz istəyən kimi şəhr etsəniz ordan ürəyiniz istəyən hər nəticəyə gələ bilərsiniz. Bibliyadakı ideyalar əsrlərlə formalaşan fərqli dəyişmə, gəlişmə yolları keçən, fərqli məkanlarda, fərqli məqsədlərlə, fərqli insanlara yönəlmiş vəhydi. Onun dərinliyində və mürəkkəbliyində bilmədən azmaq çox asandı. Odur ki, yanaşım başlanışını problemin həlli yolu kimi qəbul etməyə ehtiyac yoxdu. Yanaşım başlanışının kökündə duran ideya sizinlə vəhyin yazılışı olan Bibliya arasında (istənilən bir) yozum kontekstində inanclıya yaraşan, inanışa dayanan, sağlam ruhi-əqli münasibət oluşdurmaqdı.
Müqəddəs Kitabı oxuyub yozmağa və anlamağa çalışdığınızda bunları göz önünə almaq sizə yardımçı olar.
No comments:
Post a Comment