"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Monday, December 14, 2009
Gəliş: insanın vəhyləşməsi, vəhyin insaniləşməsi
Bu günlərdə kilisələr dünyanın dörd bir yanında İsa Məsihin, yəni Tanrı Oğlunun və Tanrının gəlişini (Advent) qeyd edirlər. Təxminən son iki həftədir ki, mən də istər-istəməz bayram əhval ruhiyyəsinə köklənirəm. İsa Məsihin doğuluşu Tanrı Sözünün insaniləşməsi, bəşəriləşməsi və doğulub bizim aramızda yaşamasını anladır. Bu, İsa Məsihin birinci gəlişidi. Ölümündən və Dirilişindən sonra Tanrı Sözü bizlərə söz verib ki, bir daha dönəcək və o sözdə də özünü bizə verib. Ancaq Ruhi – Rəvan hər zaman onu bizim içimizə sindirir və İsa Məsih davamlı olaraq bizimlədir. Küçədə sizə uzanan dilənçi ovucunda, kasıbın qətiyyətsiz yerişində, fahişənin saxta və faciə dolu təbəssümündə İsa Məsihin Surətini görsəniz, qorxmayın. Günahkarlarla yeyib-içən, onların evinə gedib onlara ümid verən, xəstələrə şəfa verib onları ayağa qaldıran, kasıb-kusubu yedirib-doyuran İsa Məsih sizə hər halda gözəl saraylardan, lap elə hündür kilisə qüllələrindən gülümsəməz.
Bu bayram mənim üçün özəl və gözəl anlarla yadda qalacaq. Gəliş bayramının ilk bazar günü hər zaman həyata keçirməyi arzuladığım önəmli inanc gizləntisi olan Çörəkkəsmə ayinini həyata keçirmək mənə tapşırıldı. Mənim üçün bu çox əlamətdar bir hadisəydi. İsa Məsihin iki min il bundan öncə öz həvarilərinə tapşırdığı və bizə onu xatırladan, bizə onun Ruhunu sindirən, bizimlə Onu birləşdirən bir gizləntini gerçəkləşdirmək həm sorumluluq istəyir, həm də özlüyündə şərəfli bir əməldi.
Gəliş Bayramı bizi keçmişə baxıb orda gələcəyi görməyə və gələcəyə baxıb orda keçmişi görməyə çağırır. Keçmiş və Gələcək İsa Məsihin Doğuluşunda və bir daha dönəcəyi ilə bağlı verdiyi sözdə indiləşir və indiki zamanı içinə alır. Məsihin masası ətrafında biz Onunla çörək kəsdiyimizdə, Onun şərabını içdiyimizdə əslində Onun Dönüşünü gözlədiyimizi etiraf edirik.
Niyə İsa Məsihin ilkin gəlişi belə önəmlidi? Məncə, fərqli səbəblərə görə. Bunlardan biri də Məsihdə vəhyin insaniləşməsi və insanın vəhyləşməsidi. İsa Məsihdə ilahilik və insanilik öpüşür və varlıq da bunun şahidinə çevrilir. İnsanın vəhyə çevrilməsi isə əlbəttə qeyd edilməlidi.
Bu bayramı əziz bilənlərin hamısının bayramını təbrik edirəm.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment