Ədalətlə bağlı cızma-qırmızılarımızı bitirmək vaxtı gəldi. Bir-iki sözlə ədaləti öz axınına buraxalım. Ədalət üçün tanıqlıq sonsuz bir axıntı kimidi. Onun başlanğıcı və sonu yoxdu. Hər bir isəvi doğuluşundan ədalət üçün tanıqlıq etmək işini Tanrıdan əmanət alır və buna uyğun yaşamağa çalışmalıdı. Bu bir İlahi işidi və içimizdəki ədalət naləsi bunu ömrümüz boyu bizə xatırladır. Başqalarından ədalət istəyərik, başqalarının başqalarına qarşı ədalətsizliyinə qəzəblənərik. Bəzən ümidsizləşərik, bəzən bir yerdə, bir məkanda kiçik bir ədalət qığılcımı görəndə içimizə ümid dolar. Bütün bunlar bizə ədaləti xatırladar. Ancaq çox azımız ona diqqət yetirir, ədaləti düşünülmüş, ardıcıl yaşamağa can atdığımız prinsiplərə çevirir.
Halbuki içimizdəki ədalət yanğısı bizə İlahinin ədaləti adına tanıqlıq edər və bizim də həmin tanıqlığı başqaları ilə və özümüzlə yaşamımızda bölüşmək gərəkir. Buna boyun əyməklə biz İlahiyə doğru daha bir addım atmış oluruq. Və beləcə Başlanğıca doğru yönəlirik. Başlanğıc isə bizə üç şeyi kəşf etməyə yardım edir: 1) ədalət mistikadır və ya gizləntidir, əsrarəngizdir. 2) ədalətsizliyə qarşı hamımız fərqli səbəblərdən susmaqla insanlığın ən böyük çiysüdəmmişliyində iştirak etmiş oluruq. 3) İsa Məsihdə İlahi Atamız bizə bütün bunlara rəğmən bağışlanmamız və ədalət adına ala-yarımçıq olsa da, yıxıla-qalxa çalışmağımız üçün ümid, inanc və sevgi verib. Bütün bunlar bizə ədalət tanığı kimi nə deyir? Məncə aşağıdakıları. Ədalət gizlin, yayğın, qismən anlaşılan və yaşanılan olduğuna görə, biz hər nə qədər tanıqlıq etsək də bizim də bu işdə qüsurlarımız olacaq. Əsil ədalət, əsl düzgünlük və ahəng İlahidədir. Bizdə isə ədalətin ya köləgəsi, ya da qırıntıları var. O qırıntıları bir araya qoyuruq ancaq Tanrıda olan parça bizdə olmadığından qurduğumuz həmişə yarımçıq və naqisdi. Bizim ədalət adına tanıqlığımız da çiysüdəmmişlikdən təsirlənib və Tanrının bağışlamasına ehtiyac duyur. Bu bilgisizlik, bu yarımçıqlıq və çüysüdəmmişlikdən törəyən iradə zəifliyi bizi belə bir reallığa ayıldır ki, ədalətsizlik hər yerdədir, hər zaman bizimlədir və onun baş verməsində biz dolayı ya düzünə hər zaman iştirak edirik. Başqa sözlə, paradoks bundadır ki, biz insan və isəvi kimi ədalətə tanıqlıq etməyə iddialı olsaq da, əslində həyatımızın hər anı ilə içində olduğumuz toplumun, zamanın və insan münasibətlərinin fundamental elementi olan ədalətsizliyə də tanıqlıq edirik. Bunun ən bariz ifadəsi isə susmağımızdı. Toplumumuzda, dünyanın başqa yerlərində baş verən ədalətsizliklərə qarşı susmağımız, aktiv savaş etməməyimiz, etsək də seçərək, şəxsi mənafelərimizi də içinə qataraq bəzi ədalətsizliklərin əleyhinə savaşıb başqalarına göz yummağımız hamısı bizim dolayı ya düzünə qaçınılmaz olaraq ədalətsizliklər zəncirində bir halqa, çiysüdəmmişlik ümmanında bir zərrə, günahlarla yoğrulmuş zamanımızda bir an kimi iştirak etdiyimizi gözlər önünə sərir. Bütün bunlar bir tərəfə hətta gücümüz yetən qədər belə ədalətsizlik üçün çox vaxt savaş vermirik. Çünki itirəcəyimiz çox şeylər var və çiysüdəmmiş cins kimi itiricəyimizi ədalətin bərpasından üstün tuturuq. Toplumun ədalətsiz strukturlarından yararlandığımız üçün onlara etiraz etmirik. Valideynlərimizin bəzən evə gətirdiyi və içində ədalətsizlik olan çörəyi qəbul etməklə, onun ədalətsizliyində dolayısıyla iştirak edirik və özümüz də ədalətsizliyə şəhadət veririk. Beləcə, yayğın, gizlin, mistik ədalətə tanıqlıq edərək, həm də ədalətsizliyə (dolayısı ilə iştirak etdiyimiz və əleyhinə olduğumuz lakin sonacan savaş verəmmədiyimiz) istəmədən belə tanıqlıq edirik. Məsihi üçün ədalət adına tanıqlıq etmək, həm də öz günahlarını, ədalətsizliyini dolayısıyla etiraf etmək və topluma da bunu anlatmaqdı. Bu yolla, ədalət üçün tanıqlıq həm də ədalət və ədalətsizliyin qarışmasına, onlar arasında çox kəskin sərhəd olmamasına tanıqlıq etmək anlamına gəlir. Bir isəvi üçün ədalət adına tanıqlıq həm də ədalətlə ədalətsizlik arasındakı mürəkkəb və anlaşılmaz münasibətə tanıqlıq etmək deməkdi. Ancaq ən böyük paradoks və Müjdə bundadır ki, bizim ümidimiz var. İsa Məsihdə biz hər şeyə rəğmən Qutsal Ruh vasitəsilə öz ədalətsizliyimizə, ümumi ədalətsizliyə qarşı savaş gücü əldə etdiyimizə inanırıq və bunun üçün savaş veririk. Bunun üçün savaş verərkən də cəmiyyətin ədalətsizliklərinə susan birisi kimi öz ədalətsizliyimizi etiraf edirik və bu etiraf içtimailəşir və biz bu susmağa qarşı susmaq istəmədiyimizi və susmamaq üçün öz-özümüzlə də savaşdığımızı topluma anladırıq. Necə? Ədalət üçün savaş verməyə can atmaqla. Ona görə ki, İsa Məsihdə ədalətsizliklə qarışmış bu cəhdlərin özünün boşa getmədiyinə əminik. Allahın ədalətinə tanıqlıq, öz ədalətsizliyimizə və öz ədalətsizliyimizdən qaçıb Tanrının sevgi və mərhəmətinə sığınmağımıza tanıqlıq olur. Bunun üçün isə yorulmadan, İsa Məsihdə Tanrı tapınağı olduğumuzu unutmadan, yıxıla-dura, inadla ədalət üçün çalışmaq lazımdı.
İndi isə başlanğıca dönək və yada salaq. Ədalət üçün tanıqlıq etmək, İsəvilərin tanrıcıl borcudu... .
No comments:
Post a Comment