Ara-sıra bizim veb-səhifələrdə (bizim deyəndə mən Azərbaycan dilində olan və ya Azərbaycanla bağlı olan veb-səhifələri nəzərdə tuturam.) Allahın ya ilahinin ölümündən bəhs edilər. Demək olar ki həmişə bu cür yazılarda Nitsşenin adı çəkilir.
İlahi bir çox insanlar üçün və ümumiyyətlə müasir dünya üçün Nitsşenin dediyi mənada ölüb. Əlbəttə, Nitsşenin nə dediyini bildiyimi yüzdə yüz iddia edəcək deyiləm, ancaq İlahiyə, fövqəltəbii varlığa inanmayan birisi kimi Nitsşe həqiqətən nə vaxtsa mövcud olmuş Allahın, ya İlahinin öldüyünü nəzərdə tuta bilməzdi. Əksəriyyət üçün, Nitsşenin Allah ölüb nidası əxlaqi və mənəvi normaların mənbəyi kimi İlahinin içtimai mühitdən, insanların həyatından silinməsi, belə bir funksiyasını itirməsi anlamına gəlir. Söhbət təbii ki, insanların İlahi konseptindən, qavrayışından gedir və daha çox inkişaf etmiş və ya Qərb dövlətlərində müşahidə edilən fenomendi. Başqa sözlə, insanlar nüfuz mənbəyi kimi mütləq, qeyd-şərtsiz mövcud olması iddia edilən bir X-ə ya Y-ə istinad edəmmirlər artıq. Bir yerə qədər ilahi anlayışı və onunla birlikdə vəhy qavramı irrelevant hala gəlib.
İlahi qavrayışının ölməsi və ya birbaşa ya dolayı qavranılanın dışında gerçəkdən mövcud olan və mənbə kimi çıxış edən bir varlıq haqqında konseptin irrelevant hala gəlməsi həm də sonucda inancın, ümumiyyətlə inanmağın ölməsi deməkdi. Siz nəyəsə, kiməsə inana bilərsiniz, ancaq bütün inanclar, inanmalar məhz dəyərlərin fövqəltəbii varlıqdan gəlməsi fonunda həqiqi anlam aldıqları (metafizik ölçüm qazandıqları) üçün ilahi konseptinin anlamsızlaşması bu cür inancların da anlamsızlaşmasına, ucuzlaşmasına yol açır. Sevgilinizə etibar edə, inana bilərsiniz, ancaq belə bir etibar, güvənc İlahi qavramının və son nəticədə İlahiyə inancın irrelevant olmasından dolayı heç bir metafizik əsasa malik deyil. Sırf funksional baxımdan belə bir güvənc, inanmaq önəmlidi, ancaq bu güvənc, sevgilinizin sizi sevdiyinə inanmaq özəlliyi dərin deyil, ola da bilməz, çünki onun ruhla, ölümdən sonrakı həyatla, bu dünyayla məhdudlaşmayan mövcudluq potensialından gələn transendental dərinliklə bir əlaqəsi yoxdu. Bunun üçün iki şeyə ehtiyac var, əvvəla İlahinin gerçəkdən, obyektiv, sizin şüurunuzdan asılı olmadan mövcudluğuna inanmalısınız və ikincisi də bu inancınızın güncəl yaşamınız üçün sonuclarını ciddiyə almalısınız. İlahinin ölümü düşüncəsi və İlahi konseptinin içtimai həyatdan sürgün edilməsi vəziyyəti buna imkan vermir.
Məncə İlahi və inancın ölümü həm də mənanın ölümünə yol açır. Mənanın ölümü məna çoxluğu demək deyil. Həyat, insan, dinlər və s. hər zaman fərqli və müxtəlif şərh edilib. İndi də elədir və gələcəkdə də belə olacaq. Dildə, həyatda, sözdə, əməldə çoxmənalılıq və qeyri-müəyyənlik mənanın ölümüylə bağlı deyil. Mənanın ölümü deyəndə mən mənanın önəmsizləşməsini nəzərdə tuturam. Əgər İlahi ölübsə və ya güncəl yaşamımız üçün anlamsızlaşıbsa o zaman anlam axtarmanın nə anlamı var? Bir şeyə anlam vermək və ya verməmək biri-birindən son nəticədə heç bir üstünlüyə malik deyil. Düzdür, ən azından həyatımızda bir (neçə) funksional mənaya malik olmadan yaşamaq çox çətindi və biz istəsək də, istəməsək də, fərqində olsaq da, olmasaq da, vurğulasaq da, vurğulamasaq da müxtəlif mənalar yaradır, alır, verir, tapır və onlar vasitəsilə yaşayırıq. Ailəniz, işiniz, dərdiniz, ölkəniz, ideologiyanız və s. həyatınızın mənası ola bilər, ancaq sonucda bunun bir anlamı yoxdu, çünki məna eynilə inanmada olduğu kimi, fövqəltəbiiyə inanc fonunu itirdiyindən anlamsızlaşır.
No comments:
Post a Comment