Bu günkü Azərbaycanda ümumbəşəri Kilisə və ya ayrı-ayrı pastorlar məhz kilisəni, Məsihiliyi təmsil edən şəxslər kimi ölkəmizin siyasi-içtimai həyatında iştirak etmirlər. Ola bilsin ki, qəzet və jurnallarda ara-sıra onların adlarına rast gəlirsiniz, ancaq bunun da səbəbi bir qayda olaraq kiminsə qanunsuz toplaşması, polisin bir dini qrupun işinə müdaxilə etməsi kontekstində olur. Yəni Kilisə və pastorlar özləri irimiqyaslı sosial-içtimai münasibətlər başlatmırlar, diqqət mərkəzinə gələndə də əsasən rejimin ədalətsiz qanunlarını pozduqlarına (yoxsa “pozduqlarına”?) görə gəlirlər. Bunun bir sıra səbəbləri var. Qısaca bəzilərini sadalayım. Katolik və Pravoslav kilisələrinin ənənəvi olaraq sosial-içtimai həyatda zəif iştirakı, ölkədəki çoxluğun başqa dinə aid olması, Xristianların ümumilikdə azsaylılığı və marginallığı, rejimin nəzarəti və kilisə xadimlərinin yetərincə hazırlığının olmaması və s.
Ancaq Kilisənin sosial-içtimai və siyasi proseslərdə müəyyən məsafədə duraraq iştirakı nəinki zəruridi, əksinə qaçınılmazdı. Bu ümumbəşəri Kilisəyə Rəbbin Xoş Xəbəri nöqteyi-nəzərindən ölkədəki içtimai ab-havanı tənqid etməyə, proqressiv və demokratik axınları həvəsləndirməyə fürsət verir. Nəzərə alaq ki, Kilisə heç vaxt sosial həyatdan təcrid olunmayıb, bu, sadəcə mümkün deyil. Kilisənin əlbəttə çox səhvləri, yanlışlıqları olub, bununla belə bunların heç biri toplumdakı müxtəlifliyi zənginləşdirə bilən bir qrupun içtimai sferadan istisnasına (demokratik sistemlərdə əlbəttə) əsas vermir. Bundan başqa xristianların ölkəmizin vətəndaşları kimi bu proseslərdə iştirak etmək haqları var və ən azından bir vətəndaş, soydaş kimi onlardan inanclarına görə bu proseslərə qarışmamağı tələb etmək özünü doğrultmur.
Söhbət ondan getmir ki, ölkədə rəsmi kilisə olsun, kilisə aqressiv şəkildə hamını xristianlaşdırmağa çalışsın, siyasi hakimiyyəti xristianlar əllərinə keçirsinlər və s. Bunlar kökündən Kilisənin təbiətinə ziddi və buna yuvarlanan kilisə özü-özünü Məsihin Bədənindən qoparır. Söhbət ondan gedir ki, kilisələr və pastorlar qorxmadan rejimi tənqid etməyi bacarmalıdırlar, ölkədəki kasıblığı zəiflətmək üçün irimiqyaslı sosial axınlar yaratmalı və davam etdirməlidirlər, növbəti diktatorun hakimiyyəti mənimsəməsini önləmək üçün pastoral vəəz oxumalı və inanclıları maarifləndirməlidirlər. Söhbət bundan gedir ki, Kilisənin, kilisələrin, pastorların, sıravi Məsihilərin sosial həyata qatqısı olmalıdı. Çağdaş Azərbaycan Kilisəsində Martin Lüter Kinq, Desmond Tutu, Tereza Ana, Fridrix Bonhoffer, Oskar Romero və digərlərinin mirası və təcrübəsi yaşadılmalıdı.
Bax bu bizim kilisələrdə yoxdu. Və ya varsa da çox zəifdi.
No comments:
Post a Comment