Bir dəfə haradasa oxumuşdum ki, insanların tanrıcıl inanca qarşı verdiyi etirazların kökündəki motivləri üç qrupa ayırmaq olar. 1) fəlsəfi. Bəzi insanlar fövqəltəbii varlığa ya varlıqlara, ilahi də daxil olmaqla fəlsəfi xarakterli səbəblərdən inanmırlar. Məsələn, belə insanlara görə, hər şeyə qadir ilahinin mövcudluğu ehtimalı sıfıra bərabərdi. Və ya belə insanlara görə ilahi sadəcə izahedici funksiya daşıyan bir konseptdir və indiki dövrdə elm həmin funksiyanı daha yaxşı yerinə yetirdiyinə görə, ilahiyə inanmağa ehtiyac yoxdu.
2) sosial. Bir sıra insanlar ilahiyə inanmırlar, ona görə ki, ətraflarındakı insanlar inanmır və cəmiyyət özü inanmamaq üçün basqı göstərir. Tanrıya inanc geridəqalmışlıq kimi görünür və belə qəbul edilir. Belə insanlara görə ilahiyə inanmaq geridəqalmışlıq deməkdi, ilahi konsepti bizim dönəmimiz üçün önəmini itirib. Qısacası, ilahiyə inanmaq dəbdən düşdüyü üçün bir qrup insanlar ilahiyə inanmır. 3) şəxsi. Başqa qrup insanların allaha inanmamasına səbəb onların şəxsi təcrübələrindən qaynaqlanır. Məsələn, birisi deyə bilər ki, mənim qardaşım ağır xəstəydi, mən dua etdim, ancaq qardaşım sağalmadı və rəhmətə getdi. Deməli allah yoxdu, olsaydı mənim yalvarışlarıma cavab verərdi. Bir insanın ilahiyə inancı rədd etməsi qarışıq motivlərdən də qaynaqlana bilər. Məsələn, İlahinin yoxluğunu iddia edən arqument kimi şərin yoxluğu arqumenti bir yerə qədər fəlsəfi və şəxsi ehtirasların kombinasiyasından qaynaqlana bilər. Bundan başqa ilahiyə inancı rədd edən insan öz motivlərini özü üçün belə tam aydınlaşdırmamış ola bilər.
İlahiyə inancı bu cür motivlərlə rədd etməyi, ilahiyə inanmaq məsələsinə etinasız yanaşmaqdan ayırmaq lazımdı. Sözügedən motivlərlə inancı rədd edənlər ilahinin varlığı məsələsində az-çox formalaşdırılmış mövqeyə malikdilər. Dini inanca etinasız insanların həyatı başqa prioritetlərə malik olduğu üçün onlar artıq ilahi haqqında düşünmədən və ya ilahiyə inancı həyatlarının marginal parçasına çevirərək yaşaya bilirlər. Bu cür insanlar üçün fövqəltəbiiyə inanc üstündə düşünülməyəcək qədər önəmsizdi və onlar ilahi haqqında hər hansı formalaşdırılmış fikrə malik deyillər. Mən özüm bu təsvirlə razılaşmasam da, ənənəvi xristian apologetikasında bu cür insanlar praktiki ateistlər adlandırılır.
Bu bölgünü olduğu kimi İlahiyə inanan insanlara da tətbiq etmək olar. Bəziləri fəlsəfi motivlərədən yola çıxaraq İlahiyə inanca varırlar. Bir dəfə bir həkimlə tanış olmuşdum, ilahiyə niyə inandığını soruşanda mənə dedi ki, ilahiyə inanmasan dəyərlərin və dəyərləndirmənin önəmi qalmır. Astrofizika sahəsində Harvarddan məzun olan bir professor tanıyıram. Ondan soruşanda ki, niyə ilahiyə inanır, dedi ki, apardığım astrofiziki araşdırmalar nəticəsində belə qərara gəldim ki, bütün bunlar (kainatdakı düzən və s.) təsadüfi ortaya çıxa bilməz və deməli mütləq kimsə bunları yaratmalıdı. Bu, artıq şəxsi və fəlsəfi motivlərin kombinasiyasından qaynaqlanan inancdı. Sosial motivlərdən qaynaqlanan dini inanc içtimai, ilişgisəl səbəblərdən dini inancı qəbul etməyi anladır. Məsələn, birisi sırf praktiki səbəblərə görə, həyatda çətinliklərə sinə gərə bilməsi üçün dini inancı qəbul edə bilər. Bu, sosial-utilitarian motivdi. Bəziləri isə, həqiqətən gerçək inanan birisindən ilham alıb ilahiyə inana bilər. Məsələn, M.L. Kinqdən, qarşılaşdığı çoxlu yaxşı və inanan insanlardan birisi ilhamlanıb ilahiyə inana bilər. Bəzi insanlar da sıfr şəxsi təcrübələrinə görə inana bilər. Buraya mistik yaşantılardan tutmuş cavab verilən dualara görə inanmağa qədər bir çox yaşantılardan qaynaqlanan təcrübə aiddi. Məncə bunların arasında ən güclüsü qarışıq motivlərlə inanmaqdı: həm fəlsəfi, həm sosial, həm də şəxsi yaşantılardan doğan inanc.
No comments:
Post a Comment