Əziz oxucular, bir müddət öncə, sizi maraqlandıracaq bir şəxsdən müsahibə almışam. O, Güney Azərbacanda teokratik rejim qurulmazdan öncəki dönəmdə missioner olub. Təbrizdə böyümüş bu şəxs Azərbaycanca da danışır-onun şirin Təbriz ləhcəsini eşitmək lazımdı! Qutsal Sözün toxumlarını qarışıq bir dönəmdə Güneyli qardaş və bacılarımızın ürəyinə əkən bir şəxslə danışmaq istəsəniz, o, həmin dövrün canlı tarixi kimi sizə maraqlı bilgilər verməyə ən yaxşı mənbədi. Gəlin onu Tat adlandıraq. Aşağıda Tatın müsahibəsi verilmişdir.
1. Necə oldu ki, siz Təbrizdə doğuldunuz?
Əvvəlcə, onu deyim ki, mən İranda doğulmamışam. Mən Amerikadakı Filadelfiya şəhərində doğulmuşam, ancaq mənim valideynlərim 1947-ci ildə mənim bir yaşım olanda İrana köçüblər. Ona görə də deyə bilərəm ki, mənim ilk həyat xatirələrim Təbrizdə oluşub və ailədən kənarda eşitdiyim dil şirin azəricə olub. Bizim Təbrizdə dediyimiz kimi ”manim dilem Tabrizda achilldi.” (müsahibəçinin qeydi: dırnaq arasındakı cümləni müsahibim özü yazıb və heç bir dəyişiklik etmədən verirəm).
2. Təbrizdə böyüməyin və iranlılara (dini) xidmətin gətirdiyi çətinlik və töhfələrdən bəhs edin.
Təbrizdə balaca oğlan uşağıykən, elə bir ciddi çətinlik hiss etmirdim. Mən insanları, dili və təbii ki, ordakı yeməkləri sevirdim. Onda mən Təbrizdə Azəricə ibadət edən evangelist Kilisəsinə gedirdim və kilisədəki gənclərlə çox fəal idim. Mən, müxtəlif müsəlmanlarla öz inancımı paylaşdığımı xatırlayıram, onlar çox nəzakətli ancaq laqeyd idilər. Başqa sözlə desək, əsas çətinlik bu idi ki, heç kim Rəbbimiz İsanın Xoş Xəbərinə açıqmış kimi görünmürdü.
3. Orada yaşadığınız zaman (inqilabdan öncə), Güney Azərbaycanlıların arasında nə qədər missioner vardı və ya onlar nə qədər aktiv idilər?
İran Azərbaycanlıları arasında missioner işinin uzun tarixi var. Mənim atam Təbrizdəki 50 yataqlıq xəstəxananı idarə edirdi. Missionerlər Təbrizdə həm oğlan həm də qızlar üçün olan ilk məktəbi başladıblar.
4. Azərbaycanlılar və İranlılar arasında yaşayaraqdan öyrəndiyin ən önəmli həyat dərsi nədir və ya nəydi?
Öyrəndiyim ən önəmli dərs oydu ki, İlahi bu bölgənin insanlarını sevir və Müjdənin toxumlarını sevgi və mərhəmət vasitəsilə sədaqətlə əkmək və Sözü bölüşmək yavaş-yavaş bar verəcək.
5. İsa Məsihə yenicə gəlmiş inanclılarla və ya fərdlərlə iş-münasibət və onları yetişdirmə metodlarınızı təsvir edin.
Məsihə yeni inananları yetişdirmək çox önəmlidi. Məsihi qəbul etmiş iranlılarla işlədiyim 30 il ərzində öyrəndiyim budur ki, yeni inanclılarla dərin şəxsi səviyyədə münasibət qurmaq zəruridi və sadəcə Bibliyanı öyrətmək yetməz. Onlara Bibləvi həqiqətin sənin həyatında necə yaşadığını görməyə fürsət vermək gərəkir.
6. Sola yönəlik dairələrdə fəlsəfi və etik səbəblərə görə missioner hərəkatı haqqında davamlı etnoqrafik və bəzən də teoloji debatlar olur. Mənim sualım belədi: Azərbaycan-İran cəmiyyətində elə bir şəraitlə qarşılaşdınızmı ki, o sizdən missioner işi ilə bağlı prinsiplərinizi dəyişdirməyi və ya uyğunlaşdırmağı tələb etsin və əgər elə bir şey baş vermişdirsə, onda o sözügedən debatlar barədə nə deyir?
Bəli, Azərbaycanlıların güncəl mədəniyyətini öyrəndikcə fərqinə varırdım ki, bu şərəf/simasızlıq paradigmaları üzərində qurulmuş mədəniyyətdi və mən də Müjdəni buna uyğun tanıtmalıydım. Bu həm də o demək idi ki, mən inanclını yerli mədəniyyət baxımından yolverilən şəkildə öyrətmək, məsləhət vermək və məzəmmət etməyi öyrənməliydim. Mən bir çox Qərbli missionerlər tanıyıram ki, onlar belə mədəniyyət məsələlərindən xəbərsizdirlər. Lakin mən Azərbaycanda böyüməklə bərəkətləndiyimdən bu, mənim xidmət yetənəyimi genişləndirmişdi.
7. Öz təcrübənizə dayanaraqdan Güney Azərbaycan kilisələrindəki şəraitlə Quzey Azərbaycan kilisələrindəki şəraiti müqayisə edin və səciyyələndirin.
Güneydəki kilisələr daha çox ev – kilisələrdi. Əlbəttə ki, ənənəvi Ortodoks kilisələri də var. Bu dəyərli ev-kilisələr bir çox hallarda yeni inanclılar tərəfindən idarə olunur və bu da bir sıra problemlər çıxarır. Onların İsa Məsih üçün dərin sevgisi var, lakin bilgiləri çox azdı.
8. Güney və Quzey Azərbaycanda yetişən Məsihiliklə İslam arasındakı münasibəti necə görürsünüz?
Bu, cavabı çox çətin sualdı və mən dua edirəm ki, bu regionlardakı inanclılar yaxşı vətəndaş və dəyərli qonşu olsunlar. Bu onlar arasında ara-sıra ortaya çıxması mümkün münaqişəni aradan qaldırar. Məsihi kimi biz müsəlmanları sevirik, onların inancına böyük sayğımız var və onlarla İlahini daha dərindən tanımaq yollarını bölüşməyi çox istəyirik.
9. Azərbaycandakı müxtəlif İsəvilik budaqları arasında münasibət sizcə necə qurulmalıdı? Sizin də bildiyiniz kimi, Azərbaycanda Katolik, Pravoslav qruplar (Udin, Rus, Erməni) və Protestantlar (Lüteran, baptist) var.
Mənə elə gəlir ki, biz dua etmək və kasıblara yardım etmək kimi bir sıra içtmai layihələrdə birlikdə çalışa bilərik.
10. Sizcə, Güneydə və Quzeydə bir inanclının inancı, yaşaması və içtimai həyatda iştirakı üçün ən böyük təhlükə, tələ nədir?
Bir çox təhlükələr var. Onlar Amerika kilisələrindən gələn bəzi öyrətilərlə ehtiyatlı olmalıdırlar. Onlar Bibliyanı dərindən öyrənməli və öz mədəniyyətləri konteksində onun əsas ismarışını anlamalıdırlar. Bundan başqa, onlar İslami və digər mədəni təcrübəni Məsihi yaşamına və inancına harada və necə proyeksiya etdiklərini aşkarlamalıdırlar. Bibliyanın kilisə üçün mənasını anlamaqdan ötrü də biri-birilə dialoqa girmək və müzakirə etmək də alışqanlıq halına gətirilməlidi.
11. Azərbaycandan (İran və AR) kənarda yaşayan azərbaycanlıların həyatında Müqəddəs Ruhun işini təsvir edin.
Mənim xaricdəki Azərbaycanlılarla təcrübəm əsasən İran kilisələri kontekstində olur və burda da danışılası bir çox məsələlər var. Kimsə Müqəddəs Ruh onların həyatında çalışmayınca həqiqi inanca gələ bilməz. Mənim gördüyüm əsas təhlükə budur ki, azərbaycanlı inanclılar Tanrı Sözünün tarazlığına və onun yaşama tətbiqindən çox öz şəxsi yaşantılarına güvənirlər, özü də gərəkdiyindən artıq. Yalnız Müqəddəs Ruha güvəndiyini zənn edənlər boş sabun köpüyü kimi partlayırlar, yalnız sözə güvəndiyini zənn edənlər isə inanclarını qurudurlar. Hər ikisinə necə güvənəcəyini bilənlər isə inancda böyüyüb yetişirlər.
Salam, bu gözəl insanla tanışlıq yaratdığınıza görə sağ olun. İnam ətri gəldi müsahibədən. Diqqətlə oxuyurdum görüm hardasa əyəcəkmi. Düz yolla gedir qardaş.Allah köməyiniz olsun hər ikinizin.
ReplyDeleteFilosof.
Sağ ol, Filosof. Çoxdandı yazmırsınız öz bloqunuzda, bir şey oxuya bilmirik sizlərdən.
ReplyDeleteUğurlar,
The İmage